Zaur Həşimov: "Şəfa" öz oyunu ilə Azərbaycan çempionatına xüsusi rəng qatıb"
"Şəfa" öz oyunu ilə Azərbaycan çempionatına xüsusi rəng qatıb.
Crossmedia.az xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının V turunda "Sabah"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Düşünürəm ki, baxımlı oyun oldu və azarkeşlər matçdan həzz ala bildilər. Qol buraxanadək komandamın oyunundan razı idim. Əlbəttə, rəqibin də gücünü nəzərə almaq lazımdır. Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Söhbət 3-4 gün əvvəl Mançesterdə matça çıxmış bir kollektivdən gedir. Buna baxmayaraq, onlara qarşı layiqincə mübarizə apardığımızı düşünürəm. Yalnız buraxdığımız qollar məni narahat edir. Ümumilikdə isə futbolçulardan narazı qalmadım, hətta razı da qaldım. Düşünürəm ki, "Şəfa" öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib. Gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyimizə inanıram".
Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması "bayquşlar"ın 3:0 hesablı qələbəsi ilə bitib.
(Report)
22:28 14.09.2026
Oxunuş sayı: 57