Ofeliya Sənani: Sənət də, həyat da sevgi ilə gözəldir — MÜSAHİBƏ
Ofeliya xanım həyatı bütün rəngləri ilə sevən insanlardandır. Onun sevgisi yalnız insanlarla məhdudlaşmır, çiçəklərə, ağaclara, heyvanlara, səmaya qədər uzanır. Təbiətin ən kiçik detalında belə bir gözəllik görməyi bacaran bu zərif xanımın qəlbində illərin yorğunluğundan çox, insanı isidən bir mərhəmət yaşayır.
Hər səhər eyvana çıxıb quşlar üçün çörək ovxalayan, küçədə qarşılaşdığı sahibsiz heyvanlar üçün çantasında mütləq yemək gəzdirən Ofeliya xanımın sevgisi yalnız ekrandan görünən səmimiyyətdən ibarət deyil. O, həyatın özünə sevgi ilə yanaşan, qayğı göstərməyi insan olmağın ən gözəl tərəfi hesab edən nadir insanlardandır.
Qeyd edək ki, mayın 26-sı Azərbaycan televiziyasının unudulmaz simalarından olan Ofeliya Sənaninin doğum günüdür. Ömrünü sənətə, sözə və tamaşaçı sevgisinə həsr edən sənətkar yeni yaşını da onu sevən insanların xoş arzuları ilə qarşılayır. Biz də illərin sevgisini, tamaşaçı ehtiramını qazanan sənətkarı yeni yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq!
– Ofeliya xanım, uzun illərdir Azərbaycan teleməkanında və dinləyicilərin qəlbində silinməz iziniz var. Dönüb geriyə baxanda bənzərsiz səs tembri ilə bərabər, insanlara ötürdüyünüz səmimiyyət və sevginin sirrini nədə görürsünüz?
– Mən insanları həmişə çox sevmişəm. Efirə çıxanda heç vaxt elə düşünməmişəm ki, sadəcə mətn oxuyuram. Mənə elə gəlirdi ki, tamaşaçılar qarşımda əyləşiblər və mən onlarla üz-üzə danışıram. Kameradakı o qırmızı nöqtəyə baxanda bilirdim ki, onun arxasında məni dinləyən insanlar var. Ona görə də bütün sözlərimi ürəklə deyirdim.
Tamaşaçı bunu hiss edirdi. Mən heç vaxt süni danışmamışam. Elə bilirdim anam üçün, bacım üçün, doğmalarım üçün danışıram. İnsanları sevmədən efirdə səmimi olmaq mümkün deyil. Məncə, sirr də elə bundadır.
– Sizin dövrünüzün diktorluq məktəbi yalnız mətni oxumaqla kifayətlənmir, həm də tamaşaçı ilə ekran vasitəsilə mənəvi bağ qururdu. O dövrün televiziyasının aşıladığı ən mühüm dəyər nə idi?
– O dövrün diktorluq məktəbi bizə ilk növbədə savadlı olmağı öyrədirdi. Deyirdilər ki, çox oxuyun, dünyagörüşünüzü artırın və çalışın tamaşaçı sizə inansın. Əsas məqsəd bu idi.
Biz gecə-gündüz mütaliə edirdik. Yeni çıxan kitablar, jurnallar birinci bizə gəlirdi. Oxuyurduq, müzakirə edirdik, fikirlərimizi bölüşürdük. Televiziya bizim üçün sadəcə iş yeri deyildi, böyük bir məktəb idi.
Ən vacib dəyər isə insanlara hörmət idi. Tamaşaçıya sevgi ilə yanaşırdıq. Efirə çıxanda düşünürdük ki, xalq bizə inanmalıdır. O etimadı qorumaq ən böyük məsuliyyət idi.
– Siz Azərbaycan dilinin təmizliyini, fonetik gözəlliyini ekranda qoruyan ən parlaq simalardansınız. Hazırkı televiziyalarda ana dilimizin qorunması, tələffüz və nitq mədəniyyəti sahəsində sizi ən çox narahat edən və ya əksinə, sevindirən məqamlar hansılardır?
– Məni sevindirən odur ki, gənclərdə həvəs var. Televiziyaya gəlmək, bu sahədə işləmək istəyirlər. Aparıcı efirə çıxanda xalqı düşünməlidir. Danışığı, davranışı, geyimi ilə tamaşaçıda özünə qarşı hörmət yaratmalıdır. Nitq çox önəmlidir. Bizim dövrdə tələffüzə çox ciddi yanaşırdılar. Əgər kiminsə nitqində problem vardısa, onu incitmədən başqa sahəyə yönləndirirdilər, hətta işsiz qoymurdular.
Ana dilinə sevgi olmalıdır. Dilə hörmət etməyən adam tamaşaçı sevgisini də qazana bilməz.
– Tamaşaçılar sizi həm də Azərbaycan kinosunun və xarici filmlərin dublyajındakı unudulmaz səsləndirmələrinizlə tanıyır. Bu sahədə unuda bilmədiyiniz hadisə və ya sizə ən çox təsir edən obraz hansı olub?
– Mənim üçün hansı rolu səsləndirirdimsə, o obraz mənə doğma olurdu. Sadəcə mətn oxumurdum, o obrazı yaşayırdım. Elə bil yenidən oynayırdım onu.
Ən çox Şahmar Ələkbərovla işləmişəm. Çox gözəl tərəf-müqabili idi. Bir-birimizi yaxşı anlayırdıq. Həm dublyajlarda, həm çəkilişlərdə birlikdə çalışmışıq.
Yaddaşımdan çıxmayan insanlardan biri də Leyla Bədirbəylidir. Bir dəfə səsimin yorulduğunu hiss etmişdi. Dərhal yemək çıxarıb dedi ki, “Mədəni ac qoyma, səsin zəifləyər”. Böyük sənətkar, eyni zamanda çox qayğıkeş insan idi.
– Vaxtilə siz uşaq verilişləri də aparmısınız. Bəs bunun davamı niyə olmadı?
– Uşaq verilişlərini çox sevirdim. Xüsusilə “Biləyən” verilişi mənim üçün çox əziz idi və uzun illər davam etdi. Uşaqlarla işləmək insana xüsusi sevinc verir. Özün də onlarla birlikdə uşaqlaşırsan.
Sonralar səhhətimlə əlaqədar uşaq proqramlarından tədricən uzaqlaşdım. Amma uşaqlarla ünsiyyətim həmişə qalırdı. Bağça uşaqları, məktəblilər ətrafıma yığışırdı, onlara nağıllar danışırdım. O günlər mənim üçün çox doğma xatirələrdir.
– AzTV-nin qızıl dövründə çox dəyərli sənətkarlarla, unudulmaz diktorlarla çiyin-çiyinə çalışmısınız. O illərdən bəhs edərkən yaradıcılıq yolunuza işıq tutan kimləri xatırlayırsınız?
Mənim ilk müəllimim Gültəkin Cabbarlı olub. Ədəbiyyatı mənə sevdirən insanlardan biridir. Sonra Aydın Qaradağlı, Ramiz Mustafayev, Rafiq Hüseynov kimi böyük sənətkarlarla çalışmışam.
Aydın Qaradağlı bütün bədii verilişləri çox diqqətlə hazırlayardı. Mətnləri əvvəlcə özü oxuyar, redaktə edərdi ki, efirdə səhv olmasın. Bu, bizə həm məsuliyyət, həm də peşəkarlıq öyrədirdi.
Canlı efirlər zamanı materialı bir dəfə oxuyub əzbərləyirdim və bir dubla yazırdıq. Həm məsuliyyət vardı, həm də böyük sevgi. Biz verilişi iş kimi yox, ən əziz bir şey kimi qəbul edirdik.
– Sənətdə hər zaman rəqabətin olduğu deyilir, xüsusən də kamera önündə olanlar arasında. Amma sizin nəslin nümayəndələrində biz daha çox böyük dostluq və bir-birinə dayaq olmaq mədəniyyəti görürük. Bu səmimiyyəti qorumağın formulu nə idi?
Çünki biz bir-birimizi həqiqətən sevirdik. Bir-birimizdən ayrı çörək yeməzdik. Kimsə gəlməyibsə, gözləyirdik ki, gəlsin, birlikdə oturaq. Çayı birlikdə dəmləyirdik, konfetimizi bölüşürdük.
Bizim kollektivdə paxıllıq yox idi. Hamı istəyirdi ki, o biri də uğurlu olsun. Çətinlik görəndə bir-birimizə kömək edirdik. Böyük ailə kimi idik.
Səmimiyyətin sirri də budur – insanlara qarşı içdən gələn hörmət və sevgi.
– Televiziya ekranında görünən Ofeliya Sənani ilə şəxsi həyatda olan Ofeliya xanım arasında hansı fərqlər var?
Heç bir fərq olmayıb. Mən efirdə necə olmuşamsa, həyatda da elə olmuşam. İşimi necə sevmişəmsə, ailəmi də elə sevmişəm.
İşdən gəlirdim, uşaqlarımla məşğul olurdum, onların yeməyini hazırlayırdım. İşimə necə məsuliyyətlə yanaşırdımsa, ailəmə də elə yanaşmışam. Uşaqlarım da bunu görüb məni başa düşüblər.
Məncə, insan ikiüzlü olmamalıdır. Ekrandakı insanla həyatda olan insan arasında böyük fərq varsa, tamaşaçı bunu hiss edir.
– Bu gün gənc jurnalistlər, teleməkan təmsilçiləri və ümumiyyətlə, mədəniyyət sahəsində addımlayan gənclər üçün Ofeliya Sənaninin ən böyük sənət və həyat nəsihəti nə olardı?
– Ən böyük məsləhətim budur ki, səbirli olsunlar və insanları sevsinlər. Özlərini göstərmək üçün efirə çıxmasınlar. Tamaşaçı üçün çıxsınlar.
İnsan hiss etməlidir ki, sən onu düşünürsən, onun qayğısını çəkirsən. Bu sevgi baxışdan da hiss olunur, danışıqdan da, davranışdan da.
Xalqı sevmək, insanların dərdinə biganə qalmamaq lazımdır. Mən həmişə çalışmışam ki, kiməsə kömək edə bilim, insanların yanında olum. Sənət də, həyat da sevgi ilə gözəldir.

12:45 25.05.2026
Oxunuş sayı: 64