Şah İsmayıl Xətai: XVI əsr Yaxın Şərqində yeni siyasi sistemin memarı
Şah İsmayıl Xətai: siyasi şəxsiyyət kimi formalaşması və XVI əsr Yaxın Şərqdə beynəlxalq münasibətlər sisteminə təsiri_. XÜLASƏ
Bu məqalə Şah İsmayıl Xətainin siyasi şəxsiyyət kimi formalaşmasını və onun XVI əsr Yaxın Şərqdə mövcud güc balansını dəyişdirən fəaliyyətini beynəlxalq münasibətlər kontekstində təhlil edir. Səfəvi dövlətinin yaranması ilə regionda yeni siyasi mərkəz meydana çıxmış, mövcud güc nizamı ideoloji və geosiyasi qarşıdurmalar fonunda yenidən formalaşmışdır. Tədqiqat göstərir ki, Şah İsmayılın fəaliyyəti təkcə dövlət quruculuğu ilə məhdudlaşmayaraq, regionun beynəlxalq siyasi sistemində dərin struktur dəyişikliklərə səbəb olmuşdur. Nəticə olaraq, o, XVI əsr Yaxın Şərq beynəlxalq münasibətlər sistemində yeni mərhələnin formalaşmasına təsir göstərən əsas tarixi aktorlardan biri kimi dəyərləndirilir. Açar sözlər :Şah İsmayıl Xətai, siyasi şəxsiyyət, XVI əsr, Yaxın Şərq, güc balansı, beynəlxalq münasibətlər, Səfəvi dövləti, geosiyasi dəyişikliklər, struktur dəyişikliklər, beynəlxalq siyasi sistem GİRİŞ
Şah İsmayıl Xətainin ortaya çıxdığı dövrdə, yəni XV əsrin sonu – XVI əsrin əvvəllərində Yaxın Şərq və Azərbaycan bölgəsində siyasi vəziyyət olduqca mürəkkəb idi. Azərbaycan ərazisində Ağqoyunlu dövlətinin zəifləməsi və daxili parçalanma prosesi müşahidə olunurdu. Eyni zamanda Şirvanşahlar dövləti mövcudluğunu qorumağa çalışırdı. Anadolu və ətraf bölgələrdə Osmanlı imperiyası güclənməkdə idi, Məmlük dövləti isə regionda təsir dairəsini genişləndirməyə çalışırdı. Mərkəzi Asiyada isə Şeybanilər dövləti siyasi güc mərkəzi kimi çıxış edirdi.
Belə bir dövrün ardınca Şah İsmayıl Xətai öz ideologiyası və müridlərinin dəstəyi ilə Azərbaycan və Yaxın Şərqdə mövcud olan siyasi qarışıqlığı aradan qaldırmaq məqsədilə Səfəvi dövlətini qurmaq uğrunda mübarizəyə başlamışdır. Bu mübarizə 1501-ci ildə Təbrizə daxil olması ilə nəticələnmiş və mərkəzi Azərbaycan olan Səfəvi dövlətinin əsasının qoyulması ilə yekunlaşmışdır.
Bu hadisə Yaxın Şərqdə mövcud olan güc balansının yenidən formalaşmasına və regionda yeni geosiyasi reallığın yaranmasına gətirib çıxarmışdır. Bu məqalədə Şah İsmayıl Xətainin siyasi şəxsiyyət kimi formalaşması və onun beynəlxalq münasibətlər sisteminə təsiri təhlil edilir. ƏDƏBİYYAT İCMALI -
Şah İsmayıl Xətai və Səfəvi dövlətinin yaranması məsələsi dünya və Azərbaycan tarixşünaslığında geniş şəkildə tədqiq olunmuşdur. Bu mövzuya yanaşmalar müxtəlif olmaqla yanaşı, əsasən siyasi, dini və sosial strukturların təhlili üzərində formalaşır.
Vladimir Minorsky Səfəvi dövlətinin yaranmasını dini ideologiya ilə siyasi hakimiyyətin sintezi kimi qiymətləndirərək Şah İsmayılı həm ideoloji lider, həm də dövlət qurucusu kimi təqdim etmişdir. Roger Savory isə Səfəvi imperiyasının idarəetmə sistemi və mərkəzləşmə prosesini ön plana çəkərək Şah İsmayılın rolunu imperiya quruculuğu kontekstində izah etmişdir. Jean Aubin Səfəvi dövlətini daha çox geosiyasi dəyişikliklərin nəticəsi kimi təhlil edərək regiondakı siyasi sistemin transformasiyasına diqqət yetirmişdir.

Türk və Azərbaycan tarixşünaslığında Faruk Sümer Qızılbaş tayfa sisteminin Səfəvi dövlətinin formalaşmasında əsas dayaqlardan biri olduğunu vurğulamış, Oqtay Əfəndiyev isə Səfəvi dövlətçiliyini Azərbaycan regionunda davam edən siyasi inkişafın məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Ənvər Çingizoğlu isə Şah İsmayılı milli dövlətçilik baxımından qiymətləndirərək onun siyasi fəaliyyətini Azərbaycan tarixində xüsusi mərhələ kimi izah etmişdir.
Mövcud ədəbiyyatın təhlili göstərir ki, Şah İsmayıl Xətai ilə bağlı tədqiqatlarda əsas fərqlilik onun rolunun interpretasiyası ilə bağlıdır: bəzi müəlliflər onu ideoloji lider kimi, digərləri isə güclü imperiya və dövlət qurucusu kimi qiymətləndirirlər. Lakin bu tədqiqatlarda onun beynəlxalq münasibətlər sisteminə təsiri və güc balansındakı rolu nisbətən az sistemli şəkildə təhlil olunmuşdur ki, bu da mövzunun daha geniş araşdırılmasına ehtiyac olduğunu göstərir.----- METODOLOGİYA ---
Bu tədqiqat Şah İsmayıl Xətainin siyasi fəaliyyəti və Səfəvi dövlətinin yaranmasının beynəlxalq münasibətlər sisteminə təsirini tarixi-analitik yanaşma əsasında araşdırır. Tədqiqatın əsas məqsədi hadisələrin sadə xronoloji təsvirindən daha çox, onların regionda güc balansı və geosiyasi struktur üzərində yaratdığı dəyişiklikləri izah etməkdir.
Araşdırma zamanı müqayisəli metoddan istifadə olunaraq Səfəvi dövləti ilə Osmanlı imperiyası, Məmlük dövləti və Şeybanilər kimi regional güclər arasındakı siyasi münasibətlər və rəqabət mühiti təhlil edilmişdir. Bu yanaşma Şah İsmayılın fəaliyyətinin təkcə daxili dövlət quruculuğu ilə məhdudlaşmadığını, eyni zamanda regional güc sisteminə təsir etdiyini göstərməyə imkan verir.
Bununla yanaşı, tədqiqatda mənbə təhlili metodu tətbiq edilərək Minorsky, Savory, Aubin və digər yerli və xarici tarixçilərin əsərləri müqayisəli şəkildə qiymətləndirilmişdir. Bu, mövzuya həm klassik, həm də müasir tarixşünaslıq prizmasından yanaşmağa şərait yaratmışdır. - ƏSAS TƏHLİL -
Səfəvilər hərəkatı ilkin olaraq sufi-dini ideologiya əsasında formalaşmış və bu ideologiyanın siyasi gücə çevrilməsi Şah İsmayıl Xətai dövründə baş vermişdir. Bu hərəkatın ideoloji əsaslarını Şeyx Cüneyd və Şeyx Heydər qoymuş, Qaraqoyunlu, Şirvanşah və Ağqoyunlu dövlətləri ilə aparılan mübarizələr nəticəsində Səfəvilər tədricən dini təriqətdən siyasi dövlət sisteminə çevrilmişdir.
Şah İsmayılın hakimiyyətə gəldiyi dövrdə Ağqoyunlu dövləti daxili parçalanma nəticəsində zəifləmiş və iki siyasi mərkəzə bölünmüşdü. Bu vəziyyət Səfəvilərin yüksəlişi üçün əlverişli şərait yaratmışdır. Şah İsmayıl ilkin mərhələdə azsaylı müridlərlə çıxış etsə də, Anadolu türkmənləri arasında geniş dəstək qazanaraq Qızılbaş hərəkatını sürətlə böyütmüş və minlərlə tərəfdar toplamışdır. Bu sosial dəstək onun siyasi gücünün əsas dayağı olmuşdur.
Səfəvi dövlətinin ideoloji sistemi şiəlik üzərində qurulmuşdu və bu, dövlətin legitimlik əsasını təşkil edirdi. Qızılbaşlar Şah İsmayılı həm siyasi lider, həm də dini-mənəvi rəhbər kimi qəbul edirdilər. Bu isə dövlətin daxili birliyini möhkəmləndirən əsas faktor idi.
Şah İsmayıl Şirvanşahlar üzərinə yürüş edərək bölgədə təsirini genişləndirmiş, daha sonra Ağqoyunlu qüvvələri ilə mübarizə aparmışdır. 1501-ci ildə Təbrizə daxil olaraq Səfəvi dövlətini elan etmiş və Azərbaycan ərazisində mərkəzləşdirilmiş dövlət sisteminin əsasını qoymuşdur. Bu hadisə regionda siyasi parçalanmaya son vermişdir.
Səfəvi dövləti qısa müddətdə genişlənərək Azərbaycan, İran, İraq və Şərqi Anadolu ərazilərində öz hakimiyyətini möhkəmləndirmişdir. 1510-cu ildə Mərv döyüşündə Şeybani xan üzərində qələbə qazanılması Səfəvilərin Mərkəzi Asiyada nüfuzunu artırmış və onları regionda böyük gücə çevirmişdir.
Səfəvi dövlətinin sosial bazasını əsasən Qacar, Rumlu, Şamlı, Afşar, Təkəli, Zülqədər və Bayat kimi türkman tayfaları təşkil edirdi. Dövlətin ordu və idarəçilik sistemində Türk dilinin geniş istifadəsi Səfəvi dövlətinin türkman etnik-sosial əsaslara söykəndiyini göstərir. Bu faktor Anadolu türkmənlərinin Səfəvi hərəkatına geniş şəkildə qoşulmasına səbəb olmuşdur.
Bu proses Osmanlı imperiyasında ciddi narahatlıq yaratmışdır. Sultan Selim I Şah İsmayılı yalnız regional rəqib deyil, həm də gələcəkdə “ikinci Teymur” kimi böyük imperiya qurucusu ola biləcək təhlükə kimi görürdü. Bu səbəbdən Osmanlı siyasi strategiyasında Səfəvilər əsas şərq təhlükəsi kimi qiymətləndirilmişdir.
Osmanlı–Səfəvi münasibətlərinin gərginləşməsinin əsas səbəbi təkcə siyasi rəqabət deyil, həm də dərin ideoloji ziddiyyət — sünni və şiə sistemləri arasındakı qarşıdurma idi. Osmanlı imperiyası sünni islam dünyasında liderlik iddiasını qoruyur, Səfəvilər isə şiəlik əsasında alternativ dini-siyasi model formalaşdırırdı. Bu fərq iki dövlət arasında “hakimiyyət və legitimlik uğrunda mübarizə” yaradırdı.
Bundan əlavə, Anadolu bölgəsində Qızılbaş hərəkatının yayılması Osmanlı daxilində sosial-siyasi narahatlıq doğurmuşdur. Bir çox türkmən tayfalarının Səfəvilərə meyl etməsi Osmanlı üçün həm ideoloji, həm də daxili təhlükə kimi qiymətləndirilirdi.
Eyni dövrdə regionda Osmanlı, Səfəvi, Məmlük və Şeybani dövlətləri arasında çoxqütblü geosiyasi sistem mövcud idi. Hər bir dövlət öz nüfuzunu artırmağa və dini legitimliyini gücləndirməyə çalışırdı. Səfəvilər isə bu sistemə yeni ideoloji güc mərkəzi daxil etmiş və regional güc balansını dəyişdirmişdir.
Nəticə olaraq, Səfəvi dövlətinin yaranması Azərbaycan ərazisində siyasi parçalanmanı aradan qaldırmış, mərkəzləşdirilmiş dövlət qurmuş və Yaxın Şərqdə Osmanlı imperiyası ilə rəqabət aparan yeni güc mərkəzi formalaşdırmışdır. Bu proses regionun siyasi və ideoloji tarixində dönüş nöqtəsi olmuşdur. -Nəticə- Şah İsmayıl Xətai müharibədən sonra diqqətini daha çox daxili proseslərə yönəldərək dövlətin bünövrəsini daha da gücləndirdi. Mərkəzi hakimiyyət möhkəmləndirildi, Qızılbaş tayfaları üzərində nəzarət artırıldı və dövlətin idarəetmə sistemi sabitləşdirildi. Bu dövrdə Gürcüstan istiqamətində bir neçə yürüş həyata keçirildi və sərhəd bölgələrində Səfəvi mövqeyi qorundu.
1501-ci ildə əsası qoyulan Səfəvi dövləti qısa müddətdə Yaxın Şərqdə böyük gücə çevrildi və təxminən 235 il regionun taleyinə təsir edən əsas imperiyalardan biri oldu. O, Osmanlı imperiyası ilə rəqabət apara biləcək səviyyədə güclənərək bölgədə yeni siyasi balans yaratdı.
Bu dövrdə Səfəvi dövlətinin hakimiyyəti Azərbaycan və İran mərkəzli olmaqla İraqın böyük hissəsini, Xorasanı, eləcə də Şərqi Anadolu və Cənubi Qafqaz istiqamətlərində geniş təsir sahəsini əhatə edirdi; Dağıstan, Gürcüstan və digər sərhəd bölgələrində isə nəzarət daha çox yürüşlər və asılılıq münasibətləri ilə təmin olunurdu.
Şah İsmayıl Xətai isə erkən yaşlarında yetim qalmasına baxmayaraq 6–7 yaşlarında şeyx, 14 yaşında isə hökmdar kimi formalaşaraq Səfəvi dövlətinin qurucusu və Qızılbaşların lideri oldu. O, Azərbaycan tarixində, eyni zamanda türk və islam dünyasında öz adını dərin şəkildə həkk etmiş nadir tarixi şəxsiyyətlərdən biridir.
Onun yaratdığı siyasi xətt yalnız Səfəvilər dövrü ilə məhdudlaşmadı; sonrakı Əfşarlar və Qacarlar dövlətlərinin ilkin mərhələlərində də bu xəttin təsiri hiss olunurdu. Bu dövlətləri birləşdirən əsas amillərdən biri onların Azərbaycan türkləri tərəfindən qurulması və eyni siyasi ənənənin davam etdirilməsi idi.
Xasay Gəraylı
Siyasi şərhçi
09:59 25.05.2026
Oxunuş sayı: 58