Azərbaycan teatrının sarsılmaz siması – Ramiz Novruz
Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biri olan Ramiz Novruz bu gün də sənətsevərlərin yaddaşında xüsusi ehtiramla xatırlanır.
Özünəməxsus aktyor məktəbi, dərin psixoloji obrazları və səhnədə yaratdığı təsirli xarakterlərlə o, milli teatr tarixində silinməz iz qoyan sənətkarlardan biri hesab olunur.
Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində dünyaya gəlib. Gənc yaşlarından incəsənətə böyük maraq göstərən aktyor 1974-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
O, Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrindən olan Adil İsgəndərovun kursunda təhsil alıb və 1978-ci ildə institutu uğurla bitirib.
Təyinatla əvvəlcə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilən Ramiz Novruz burada bir sıra maraqlı rollar ifa edərək diqqət çəkməyə başlayıb. Onun səhnə enerjisi, obrazlara psixoloji yanaşması və canlı aktyor oyunu qısa müddətdə teatr mühitində fərqlənməsinə səbəb olub.
Məhz bundan sonra aktyor 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilib və uzun illər həmin teatrın aparıcı simalarından birinə çevrilib.
Ramiz Novruzun yaradıcılığı təkcə teatrla məhdudlaşmayıb. O, Azərbaycan kinosunda da bir-birindən fərqli və yadda qalan obrazlar yaradıb. “Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Alman klinikasına şəxsi səfər”, “Məhkumlar” və digər ekran işlərində canlandırdığı rollar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aktyorun yaratdığı obrazların əsas xüsusiyyətlərindən biri onların təbii və həyatiliyi idi. O, obrazı sadəcə oynamaq deyil, yaşamaq prinsipi ilə fəaliyyət göstərən sənətkar kimi tanınırdı.
Sənətkar yalnız aktyor kimi deyil, dramaturq və tərcüməçi kimi də fəaliyyət göstərib. Onun qələmə aldığı bəzi əsərlər teatr səhnəsində tamaşaya qoyulub.
Xüsusilə “Onlar hələ deməmişdilər ki…” əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanmışdı. Eyni zamanda, Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edərək səhnələşdirib və həmin tamaşada rol alıb.
Ramiz Novruzun sənətə yanaşması daim fərqliliyi ilə seçilib. O, müsahibələrinin birində “Tamaşaçını bir dəfə aldatmaq olar” fikrini səsləndirmiş və aktyorun səhnədə səmimi olmasının vacibliyini vurğulamışdı. Bu yanaşma onun bütün yaradıcılığında açıq şəkildə hiss olunurdu.
Teatr və kino sahəsindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə “Əməkdar artist”, 1998-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.
Uzun illər Azərbaycan səhnəsində formalaşdırdığı obrazlar onu tamaşaçı sevgisi qazanan sənətkarlardan birinə çevirib.
2023-cü ildə vəfat edən sənətkar fiziki olaraq aramızda olmasa da, onun yaratdığı obrazlar, səhnəyə gətirdiyi nəfəs və sənətə olan sədaqəti Azərbaycan mədəniyyətində yaşamaqda davam edir. Ramiz Novruz adı bu gün də peşəkar aktyorluğun, səhnə mədəniyyətinin və sənətə bağlılığın nümunəsi kimi xatırlanır.
Elmir Heydərli
10:22 25.05.2026
Oxunuş sayı: 51