Vatikan mərhum Papanın gizli gündəliyini yayımlayıb: Şeytanı gördüyünü iddia edib
Roma Papası Fransisk sağlığında üç dəfə şeytanı gördüyünü və bir dəfə cəhənnəmin qapısına nəzər saldığını iddia edib. Bu barədə pontifikin 1992–2024-cü illəri əhatə edən şəxsi gündəliyindən yayımlanan qeydlərdə məlumat verilib. Gündəlikdə onun yaşadığı mənəvi böhran, daxili narahatlıqları və kilsənin idarə olunması ilə bağlı tərəddüdləri də əksini tapıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Papa Fransiskin şəxsi gündəliyindən seçilmiş qeydlər noyabrın 24-də Vatikan nəşriyyatı tərəfindən kitab şəklində ictimaiyyətə təqdim edilib. 160 səhifəlik nəşr kardinal Viktor Fernandesin redaktəsi ilə hazırlanıb.
Gündəliyindəki qeydlərə əsasən, Fransisk həyatının müxtəlif dövrlərində üç dəfə şeytanı gördüyünə əmin olduğunu yazıb.
O, ilk hadisənin təxminən 15 il əvvəl avtomobildə olarkən baş verdiyini bildirib. Pontifikin sözlərinə görə, həmin vaxt şeytanı avtomobilin pəncərəsindən görüb və onun həm qorxuducu, həm də cəlbedici gözlərini heç vaxt unutmayıb.
İkinci hadisənin kilsədə baş verdiyini yazan Fransisk üçüncü qarşılaşmanın isə Roma Papası olduğu dövrdə, Vatikan nümayəndələri ilə görüşlərdən birində yaşandığını qeyd edib. O, həmin vaxt şeytanı gördüyünü və səsini eşitdiyini iddia edib.
Gündəliyin ən diqqətçəkən qeydlərindən biri isə 2018-ci ilin iyun ayına aiddir. Fransisk həmin gecə cəhənnəmin girişini gördüyünü yazıb:
“Ötən gecə cəhənnəmin girişini gördüm. Qısa müddətlik ora nəzər saldım və bu, məni dəhşətə gətirdi”.
Pontifikin sözlərinə görə, gördükləri onu o qədər qorxudub ki, təsbehini əlinə alıb. O, təsbehi öz silahı kimi xarakterizə edib.
Fransiskin yaşadığı mənəvi böhran
Gündəlikdə 2021–2022-ci illərdə Fransiskin yaşadığı ağır mənəvi böhranla bağlı qeydlər də yer alıb.
“Washington Post”un yazdığına görə, pontifik həmin dövrdə qəbul etdiyi qərarların düzgünlüyünə şübhə edir, Katolik Kilsəsi üzərindəki səlahiyyətlərindən sui-istifadə etməkdən qorxurdu. O, ətrafındakı insanlardan şəxsi maraqları naminə istifadə edən birinə çevrilmək ehtimalından da narahatlıq keçirirdi.
Fransisk 2022-ci ilin dekabrında bu dövrün çətin idarəetmə qərarları, daxili boşluq və tənhalıq hissi ilə müşayiət olunduğunu etiraf edib.
Onu narahat edən məsələlərdən biri də Çilidə din xadimlərinin iştirakı ilə baş vermiş cinsi zorakılıq qalmaqalı olub. 2018-ci ildə zərərçəkənlərin ifadələrinə şübhə ilə yanaşdığına görə tənqid edilən Fransisk sonradan səhv etdiyini qəbul edərək üzr istəyib.
Gündəlik necə üzə çıxıb?
Papa Fransisk gündəliyini 1992-ci ilin dekabrından, Buenos-Ayresdə yepiskop köməkçisi olduğu dövrdən yazmağa başlayıb. Sonuncu qeyd 2024-cü il avqustun 18-nə aiddir.
Kardinal Viktor Fernandesin sözlərinə görə, pontifik ölümündən qısa müddət əvvəl gündəliyini ona göstərərək hansı qeydlərin ictimaiyyətə açıqlanacağına özü qərar verməsini istəyib.
2025-ci il aprelin 21-də Fransiskin vəfatından sonra Fernandes gündəliyin mövcudluğu barədə yeni Papa XIV Leoya məlumat verib. XIV Leo isə əlyazmanın nəşrə hazırlanmasına razılıq verib.
Qeyd edək ki, kitabda gündəliyin bütün qeydləri yer almayıb. Kardinal Fernandes hazırda yaşayan şəxslərlə bağlı bəzi şəxsi fikirləri nəşrə daxil etməyib. Həmçinin xüsusi işarələrlə yazılmış və şifrəsi açılmamış qeydlər də kənarda saxlanılıb.
20:07 24.11.2026
Oxunuş sayı: 35