Şahzadə Uilyamın iqamətgahına hücum: iki nəfər saxlanılıb
Böyük Britaniya taxtının varisi Şahzadə Uilyamın iqamətgahına qanunsuz daxilolma hadisəsi baş verib. Hadisə ilə əlaqədar iki nəfər şübhəli şəxs saxlanılıb. Polis ərazidə axtarış tədbirləri həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "LBC" radiostansiyasına və Norfolk qraflığının polisi məlumat yayıb.
Məlumata görə, hadisə Şahzadə Uilyamın Sandrinqem malikanəsinin ərazisində yerləşən Anmer-Holl iqamətgahında baş verib. Polisə yerli vaxtla saat 18:00 radələrində ərazidə şübhəli fəaliyyətlə bağlı məlumat daxil olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara başlayıblar. Əməliyyata xidməti itlər, pilotsuz uçuş aparatları və Milli Polis Aviasiya Xidmətinin helikopteri də cəlb edilib.
Polis iki nəfəri mülkə qanunsuz daxil olmaq və oğurluq məqsədilə binaya müdaxilə etmək şübhəsi ilə saxlayıb. Hazırda onlar nəzarət altındadır, hadisə ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Norfolk qraflığında yerləşən və 10 yataq otağı olan Anmer-Holl malikanəsi Kraliça II Yelizavetanın Şahzadə Uilyam və Keyt Middltonun toy hədiyyəsi olub. Cütlük övladları ilə birlikdə əsasən Vindzor qəsrinin ərazisindəki Forest-Loc iqamətgahında yaşayır. Anmer-Holl isə ailənin həftəsonlarını və tətillərini keçirdiyi məkanlardan biridir.
18:22 24.11.2026
Oxunuş sayı: 39