İçkinin tərkibindəki bu maddə insanı öldürə bilər
Spirtli içkilərin istehlakı ilə bağlı təhlükəsizlik məsələləri dünyanın müxtəlif ölkələrində ciddi narahatlıq doğuran problemlərdən biri olaraq qalır. Xüsusilə mənşəyi məlum olmayan, standartlara uyğun istehsal edilməyən və ya tərkibində zəhərli maddələr olan spirtli içkilərin istifadəsi insan həyatı üçün ağır təhlükə yarada bilər. Belə hallarda zəhərlənmə yalnız həzm sistemi ilə məhdudlaşmır, qaraciyər, böyrəklər, sinir sistemi və digər həyati orqanların fəaliyyətinə ciddi zərər vurur. Bəzi hallarda isə nəticələr ölüm və ya geri dönməz sağlamlıq fəsadları ilə müşayiət olunur.
İranın Nişapur şəhərində baş verən son hadisə bu təhlükənin miqyasını bir daha gündəmə gətirib. Məlumata görə, şəhərdə 120 nəfər spirtli içkidən zəhərlənib. Onlardan dördü həyatını itirib, bir nəfərdə beyin ölümü qeydə alınıb. Bundan başqa, 14 nəfərin reanimasiyaya yerləşdirildiyi, 40 nəfərin isə dializ aparatına qoşulduğu bildirilir. Hadisənin bu qədər ağır nəticələrə səbəb olması spirtli içkilərin tərkibi, istehsal və satış zamanı təhlükəsizlik qaydaları, eləcə də istehlakçıların maarifləndirilməsi məsələlərini yenidən aktuallaşdırır.
Bəs spirtli içkilərin tərkibində hansı təhlükəli maddələr ola bilər?

Crossmedia.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova bildirib ki, spirtli içkilər alarkən keyfiyyətli, xüsusilə də keyfiyyət sertifikatı olan, etibarlı və güvənilən istehsalçı şirkətlərin məhsullarına üstünlük vermək lazımdır:
"Hər bir spirtli içkinin özünəməxsus saxlama şəraiti var. Bəzən spirtli içkilər keyfiyyətli şəkildə alınsa da, onların rəf ömrü uzun olsa da, xüsusilə şərab və digər növ alkoqollu içkilərin ağzı açıldıqdan sonra istifadə müddəti olur. Bu müddətə diqqət etmək lazımdır. Çünki ağzı açıldıqdan sonra oksigenlə təmas nəticəsində tərkibində müəyyən dəyişikliklər baş verir. Bu da insan orqanizmində yanaşı xəstəliklərin olub-olmamasından və fərdi həssaslıqdan asılı olaraq müxtəlif reaksiyalara səbəb ola bilər.
Təbii ki, insanlar alkoqollu içkilər dedikdə əsasən araq, viski, rom, şərab və müxtəlif növ şampanlardan istifadə edirlər. Bunların hər birini alarkən əsas diqqət yetirilməli məqam məhsulun keyfiyyətli, təzə və etibarlı olmasıdır. Bəzi şərabların saxlanılma müddəti uzun olsa da, əgər onlar düzgün texnologiya ilə hazırlanmayıbsa, kustar üsullarla istehsal olunubsa, bu, bir çox spirtli içkilərə aid olduğu kimi, sağlamlıq problemlərinə səbəb ola bilər.
Hər bir halda nəzərə almaq lazımdır ki, insan orqanizminin alkoqola, spirtə qarşı həssaslığı və dözümlülüyü fərqlidir. Bir çox hallarda məhsul keyfiyyətli olsa belə, orqanizmin spirtə dözümlülüyü yoxdursa, bu, ürəkbulanma, başgicəllənmə, həddindən artıq yuxululuq, baş ağrısı və digər əlamətlərlə özünü göstərə bilər. Acqarına spirtli içki qəbul etmək tövsiyə olunmur. Bu da müxtəlif xoşagəlməz hallarla nəticələnə bilər və buna diqqət etmək lazımdır.
Eyni zamanda, bəzi kimyəvi tərkibli dərmanlar var ki, həmin dərmanları qəbul edən gün spirtli içki içilməməsi daha məqsədəuyğundur. Bir çox hallarda spirtli içkilərin orqanizmdən xaric olma müddəti, eyni zamanda dərmanların xaric olma müddəti 24-48 saat arasında dəyişdiyinə görə, bu da orqanizmdə müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər.
Mənşəyi bəlli olmayan, keyfiyyətsiz və kustar üsulla hazırlanan içkilər hər zaman təhlükəli məhsullar sırasındadır. Zəhərlənmələr də ən çox belə hallarda baş verir. Nəzərə almaq lazımdır ki, ucuz markalı və ya mağaza, market kimi nəzarət olunan yerlərdə satılmayan, ev şəraitində hazırlanan bir çox spirtli içkilərin tərkibində insan orqanizmi üçün zərərli olan metil spirti, yəni metanol ola bilər. Bu da insan orqanizmində zəhərlənməyə, hətta ölümə səbəb ola bilər.
Bəzi zərərli maddələr orqanizmə qəbul edildikdə, bir neçə saat ərzində şiddətli ürəkbulanma, baş ağrısı, görmənin pozulması və nəfəs almaqda çətinlik kimi əlamətlərlə özünü göstərə bilər. Bu əlamətlər zəhərlənmənin göstəricisi ola bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır. Həkimə müraciət edilənədək qusma yolu ilə qəbul edilmiş spirtli içkinin və ya digər qidaların bədəndən xaric edilməsini təmin etmək lazımdır. Bu, vaxtında müdaxilələrdən biri hesab olunur. Hər bir halda vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək ən doğru variantdır.
Bəs insanlar son günlərdə baş verən zəhərlənmə hallarının bəzilərinin texniki spirtdən qaynaqlandığı məlum olsa da, niyə bu yola üz tuturlar? Bir çox insanlar var ki, tüfeyli həyat sürürlər. Nəzərə alsaq ki, spirtli içkilərin əsas tərkib hissəsi etil spirtidir, bəzən etil spirtini su ilə qarışdıraraq istifadə edirlər. Yaxud bu şəkildə ucuz əldə olunan spirtli içkilərə üstünlük verirlər. Bu, adətən maddi baxımdan daha əlçatan olması və ya tüfeyli həyat sürən insanlar üçün ucuz başa gəlməsi ilə əlaqədardır. Yəni müxtəlif yollarla insanlar çalışırlar ki, öz ehtiyaclarını daha ucuz variantda qarşılaya bilsinlər.
Bəzən də ev şəraitində, qeyri-qanuni şəkildə hazırlanan içkilər daxili məclislərdə nəzarətdən keçməmiş məhsul kimi istifadə olunur. Bu zaman da müəyyən xoşagəlməz hallar baş verə bilər.
Bu kimi halların baş verməməsi üçün ilk növbədə maarifləndirmə işlərinin aparılması vacibdir. Fərqi yoxdur, insan hansı maddi imkana malikdir, maarifləndirmə ən önəmli faktorlardan biridir. Çünki burada söhbət apteklərdə dezinfeksiyaedici vasitə kimi satılan spirtdən istifadə edilməsindən gedirsə, onun satışına hər hansı qadağanın tətbiq olunması indiki halda yol verilməzdir. Çünki istənilən şəxs bu məhsulu dezinfeksiyaedici vasitə kimi əldə edə bilər.
Ancaq mütləq şəkildə maarifləndirmə daha geniş aparılmalıdır ki, insanlar sağlamlıqları haqqında bir daha düşünsünlər, zərərli, sağlamlığa zərbə vuracaq və təhlükəli olan hər hansı içki və ya digər qida növlərindən istifadə etməsinlər. Sosial və iqtisadi baxımdan da bu kimi məsələlərdə sağlamlıq ən üstün amil olmalıdır və buna diqqət yetirilməlidir. Əks halda, mənşəyi bəlli olmayan, keyfiyyətsiz və ucuz məhsullar qida kimi istifadə olunarsa, belə xoşagəlməz hallarla qarşılaşmaq qaçılmaz ola bilər".
Məhəbbət Tərlanoğlu
18:00 24.11.2026
Oxunuş sayı: 35