Dünyada 50-yə yaxın tanker kiberhücuma məruz qalıb
ABŞ dünya üzrə 50-yə qədər enerji və yük gəmisini hədəf alan kiberhücumlarda İranın mümkün iştirakını araşdırır, Rusiya da ehtimal olunan iştirakçılar arasında nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşri bu barədə məlumat yayıb.
ABŞ rəsmilərinə istinadən bildirilib ki, hücumların neft, mayeləşdirilmiş qaz, kimyəvi məhsullar və digər təhlükəli yüklər daşıyan gəmiləri əhatə etdiyi ehtimal olunur.
Məlumata görə, bəzi gəmilərə partlayış törədiləcəyi ilə bağlı təhdidlər göndərilib. Digər gəmilər isə ABŞ istehsalı olan enerji məhsullarını daşımamaq barədə xəbərdarlıqlar alıblar.
Hadisələrlə əlaqədar ABŞ Sahil Mühafizəsi Xidməti ən azı dörd gəmiyə kibertəhlükəsizlik üzrə xüsusi qruplar göndərib. Mütəxəssislər gəmilərin informasiya sistemlərinin təhlükəsizliyini yoxlamaq və mümkün təhdidlərin qarşısını almaq üçün tədbirlər görüblər.
Amerika rəsmiləri kiberhücumların arxasında İranın dayana biləcəyini ehtimal etsələr də, Rusiyanın mümkün iştirakı da istisna edilmir.
Bununla belə, Donald Tramp administrasiyasının rəsmilərindən biri bildirib ki, indiyədək İranı həmin hücumlarla birbaşa əlaqələndirən sübut aşkar edilməyib.
ABŞ hakimiyyəti hadisələrin arxasında dayanan şəxsləri və mümkün əlaqələri müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.
15:38 24.11.2026
Oxunuş sayı: 32