Britaniyanın Ukrayna üçün aldığı partlayıcı maddələrlə bağlı qalmaqal
Böyük Britaniyanın Ukraynanın hücum dronları üçün aldığı tonlarla partlayıcı maddənin təqdim edildiyi məhsulun tərkibinə uyğun olmadığı aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” nəşri bu barədə araşdırma yayıb.
Məlumata görə, Britaniya Müdafiə Nazirliyi ABŞ-ın “Tripwire South LLC” şirkətindən adi C4-dən daha güclü olduğu bildirilən “EDC-4” adlı partlayıcı maddə alıb.
Lakin aparılan laboratoriya sınaqları nəticəsində məhsulda C4 partlayıcısının əsas komponenti olan RDX maddəsi aşkar edilməyib. Əvəzində partlayıcının tərkibində PETN adlı başqa bir partlayıcı maddə müəyyən olunub.
Araşdırmada bildirilir ki, Britaniya Ukraynaya hərbi yardım proqramı çərçivəsində bu partlayıcı maddələrdən böyük həcmdə tədarük edib. Müqavilələrin ümumi dəyərinin on milyonlarla funt sterlinqə çata biləcəyi qeyd olunur.
Nəşrin məlumatına əsasən, təchizatçı şirkətin təqdim etdiyi təhlükəsizlik sənədlərində partlayıcının tərkibində RDX olduğu göstərilsə də, bəzi mühüm təhlükəsizlik xəbərdarlıqları yer almayıb. Bu isə maddələrlə işləyən hərbi personal üçün əlavə risklər yarada bilərdi.
“Tripwire South LLC” şirkəti və onun təsisçisi Rayan Morris araşdırmanın nəticələrini rədd ediblər. Onlar Britaniyaya göndərilən məhsulların tərkibində RDX olduğunu və partlayıcıların düzgün təqdim edildiyini bildiriblər.
Şirkət həmçinin məhsulların təhlükəsizliyi və effektivliyi ilə bağlı problemlərin olmadığını vurğulayaraq, “Financial Times”a qarşı hüquqi tədbirlər görməklə hədələyib.
Britaniya Müdafiə Nazirliyi isə müstəqil sınaqlarda yalnız PETN maddəsinin aşkarlandığını təsdiqləyib. Nazirlik partlayıcıların təyinatına uyğun olduğunu və Ukrayna tərəfindən onların istifadəsi ilə bağlı müsbət rəylər alındığını açıqlayıb.
15:20 24.11.2026
Oxunuş sayı: 25