Ukrayna müharibəsi başlayandan 1087 Rusiya hərbçisi intihar edib
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 2022-ci ilin fevralından bəri ən azı 1087 rusiyalı hərbçinin intihar etdiyi müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” nəşri bu barədə araşdırma yayıb.
Məlumata görə, jurnalistlər Rusiyanın Federal Dövlət Statistika Xidmətinə (“Rosstat”) məxsus məxfi ölüm qeydlərini təhlil edərək bu nəticəyə gəliblər.
Araşdırma çərçivəsində 11 milyondan çox ölüm haqqında şəhadətnamənin məlumatları nəzərdən keçirilib.
Sənədlərdə 1087 hərbçinin ölüm səbəbi intihar kimi göstərilib.
Bundan əlavə, Ukraynada və ya ona sərhəd Rusiya bölgələrində ölən daha 885 hərbçinin ölüm səbəbi odlu silahdan açılan atəş nəticəsində baş vermiş, lakin niyyəti müəyyən edilməmiş ölüm hadisəsi kimi qeydə alınıb.
Ekspertlərin sözlərinə görə, bu kateqoriyada intihar halları da gizlənə bilər. Bu səbəbdən faktiki intihar sayının rəsmi qeydlərdə göstəriləndən daha yüksək olması istisna edilmir.
Bununla belə, həmin 885 ölüm hadisəsinin hamısının intihar olduğu təsdiqlənməyib.
Araşdırma Rusiyanın Ukraynadakı müharibəsi zamanı hərbçilər arasında baş verən qeyri-döyüş itkilərinin miqyasına da diqqət çəkir.
14:30 24.11.2026
Oxunuş sayı: 534