Rusiyanın nüvə silahlı peyk planı NATO-nu hərəkətə keçirib
NATO-nun Baş katibi Mark Rutte Rusiyanın kosmosa nüvə silahı daşıyan peyk göndərməyə hazırlaşması barədə məlumatlar fonunda alyansın kosmosdan gələn təhlükələrə qarşı müdafiəsini təmin edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Rutte noyabrın 23-də Berlində Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında Rusiyanın mümkün nüvə silahlı peyki ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Bu, kosmosla bağlı təhlükəsizliyimizin təmin olunmasını da əhatə edir”, – deyə Baş katib vurğulayıb.
Onun sözlərinə görə, NATO çəkindirmə və müdafiə imkanlarını daim qiymətləndirir və zərurət yarandıqda müvafiq tədbirləri yeniləyir.
Almaniyanın NDR və WDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” nəşrinin məlumatına görə, Rusiya yaxın 60 gün ərzində nüvə başlığı ilə təchiz edilmiş peyki orbitə çıxara bilər.
Qərb kəşfiyyat mənbələrinə istinad edən xəbərlərdə “Sputnik-S” adlandırılan peykin digər kosmik aparatların fəaliyyətini pozmaq və ya onları sıradan çıxarmaq üçün istifadə oluna biləcəyi iddia edilir.
Belə bir silahın tətbiqi rabitə, müşahidə və digər peyk xidmətlərinin fəaliyyətinə ciddi təsir göstərə bilər.
Bununla belə, Rusiyanın sözügedən peyki buraxmağa hazırlaşdığı barədə iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Kreml isə nüvə silahlı peykin buraxılmasına hazırlıq görüldüyü barədə Almaniya mediasının məlumatlarını rədd edib.
13:59 24.11.2026
Oxunuş sayı: 26