Deputat: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır
Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Bakıya səfəri zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət yetirməsi ölkəmizin Avropa üçün əhəmiyyətli tərəfdaş olduğunu bir daha gündəmə gətirib. Hazırda Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etməsi və bu ölkələrin 12-nin Avropada yerləşməsi enerji əməkdaşlığının miqyasını göstərir. Xüsusilə Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığını azaltmaq istiqamətində atdığı addımlar fonunda Azərbaycanın Avropanın enerji təchizatında iştirakının genişləndirilməsi məsələsi aktuallıq qazanır.
Bununla yanaşı, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarətində mühüm paya malikdir. Bu baxımdan, Avropa ilə əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, iqtisadi əlaqələrin və qarşılıqlı investisiyaların inkişafını da əhatə edir.
Maraqlıdır, mövcud geosiyasi və enerji reallıqları fonunda Azərbaycan Avropa üçün Rusiya qazına alternativ təchizat mənbələrindən birinə çevrilə bilərmi? Avropa ilə iqtisadi əməkdaşlıq Azərbaycanın iqtisadiyyatında hansı mövqeyə malikdir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Aİ ilə strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirir: “Nəzərə alsaq ki, hazırda Azərbaycan dünyanın 16 ölkəsinə təbii qaz nəql edir və bu ölkələrin 12-si Avropada yerləşir, deməli, ölkəmiz Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir. Almaniyanın xarici işlər naziri də Bakı səfərindən sonra məhz bu məqama diqqət çəkərək Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğunu vurğulayıb.
Eyni zamanda, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin ticarət dövriyyəsinin yarıdan çoxu, ixracatının isə 65 faizi Aİ-nin payına düşür. Bu göstəricilər Azərbaycanla Aİ, eləcə də quruma üzv dövlətlər arasında strateji əməkdaşlığın iqtisadi əlaqələrin dərinləşməsinə və qarşılıqlı investisiya qoyuluşlarının artmasına töhfə verdiyini göstərir. Nəticə etibarilə, bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı fayda əldə etməsinə imkan yaradır”.
Deputat bildirib ki, bu proses Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Belə ki, Azərbaycan artıq regionda orta güc dövləti kimi çıxış edir və Aİ də daxil olmaqla, digər aparıcı beynəlxalq qurum və birliklərlə əməkdaşlığını genişləndirir. Şübhəsiz ki, bu, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqları beynəlxalq aktorlarun, o cümlədən Aİ-nun qəbul etdiyini və ölkəmizlə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını göstərir”.
Ayhan
14:00 24.11.2026
Oxunuş sayı: 28