Deputat: Yekun sülh sazişinin imzalanması şansı artır, amma...
Azərbaycan və ABŞ arasında münasibətlər son dövrdə siyasi dialoq və qarşılıqlı əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa TRİPP layihəsinin işə salınması münasibətilə ünvanladığı xoş sözlərə görə təşəkkür etməsi iki ölkə lideri arasında mövcud təmasları və şəxsi münasibətlərin diplomatik əlaqələrə mümkün təsirini yenidən gündəmə gətirir.
Digər tərəfdən, TRİPP layihəsinin fəaliyyətə başlaması Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi və regional əməkdaşlıq baxımından mühüm hadisə hesab olunur. Layihənin reallaşmasının regionun geosiyasi mənzərəsinə, eləcə də Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcəyi xüsusi maraq doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, ABŞ Prezidenti ilə Dövlət Başçımızın qarşılıqlı hörmətə əsaslanan şəxsi münasibətləri iki ölkə arasında əlaqələrin də müsbət yöndə irəliləməsinə gətirib çıxarır: “Prezident İlham Əliyevin Mayamidə, ilk dəfə G20 zirvəsində iştirakı və Trampın şəxsən onu dəvət etməsi ikitərəfli münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ-lə münasibətlər ötən ilin avqustunda Vaşinqtonda pik həddinə çatıb, daha sonra strateji tərəfdaş haqqında xartiya imzalanıb. Enerji, texnologiyalar, investisiya sahəsində mühüm anlaşmalar imzalanıb”.
Deputat qeyd edib ki, TRİPP marşrutu regiona sabitlik, əmin-amanlıq, uzun müddətli sülhün gəlməsi üçün vacib komponentdir: “Onun işə düşməsi ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz keçid təmin olunacaq. Eyni zamanda, Ermənistanın yeni Konstitusiya layihəsini dərc etməsi və orada müstəqillik aktına istinadın aradan qaldırılması, yekun sülh sənədinin imzalanmasının şansını artırır. Gedişat Ermənistanda siyasi vəziyyətdən asılı olacaq. Amma yekun sülhün imzalanması diplomatik münasibətləri bərpa edə bilər və TRİPP layihəsinin hüquqi cəhətdən funksionallığı üçün bu, vacib olacaq”.
Ayhan
16:39 24.11.2026
Oxunuş sayı: 43