407 milyon dollarlıq layihəyə ekoloqdan etiraz – Xəzərin suyu ilə bağlı suallar
İqlim dəyişiklikləri, yağıntıların azalması, su ehtiyatlarından səmərəsiz
istifadə və əhalinin artan tələbatı dünyada su təhlükəsizliyini ən aktual
ekoloji məsələlərdən birinə çevirib. Xüsusilə quraqlıq riskinin yüksəldiyi,
çayların su səviyyəsinin azaldığı və yeraltı su ehtiyatlarının tükənmə
təhlükəsi ilə üzləşdiyi regionlarda alternativ su mənbələrinin yaradılması
zərurəti artır. Azərbaycan da bu baxımdan ciddi çağırışlarla üzləşən ölkələr
sırasındadır.
Son illərdə Xəzər dənizində su səviyyəsinin azalması, sahil xəttinin geri
çəkilməsi və su ehtiyatlarının qorunması məsələləri ekoloji gündəmin əsas
mövzularından birinə çevrilib. Belə bir şəraitdə dəniz suyunun
duzsuzlaşdırılması texnologiyası içməli və təsərrüfat məqsədli su təminatının
yaxşılaşdırılması üçün perspektivli həll yollarından biri hesab olunur. Lakin
bu texnologiyanın tətbiqi yalnız su qıtlığının aradan qaldırılması baxımından
deyil, həm də dəniz ekosisteminə mümkün təsirləri ilə əlaqədar diqqətlə
qiymətləndirilməlidir.
Asiya İnkişaf Bankının Azərbaycanda Xəzər dənizinin suyunun
duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinə 140 milyon dollar maliyyə
ayırmasını təsdiqləməsi bu istiqamətdə mühüm addım kimi qiymətləndirilir. Ümumi
dəyəri 407 milyon dollar olan layihə çərçivəsində əks osmos texnologiyası ilə
işləyən müəssisənin yaradılması nəzərdə tutulur. Zavodun gündəlik 300 min
kubmetr su istehsal etməsi, yüksək tələbat dövrlərində isə bu göstəricinin 330
min kubmetrə çatdırılması planlaşdırılır.
Bununla belə, dəniz suyunun duzsuzlaşdırılması zamanı yaranan konsentrat duzlu suyun Xəzərə qaytarılması, enerji sərfiyyatı və dəniz canlılarına mümkün təsirlər kimi məsələlər də xüsusi əhəmiyyət daşıyır. Bəs bu layihə Azərbaycanın su təhlükəsizliyinə və ekoloji vəziyyətinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib
ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması özü çox böyük layihədir:
“Layihənin ümumi dəyəri təxminən 407 milyon manatdır. Bunun 165 milyon
manatı zavodun tikintisinə sərf olunacaq. Qalan vəsait isə müxtəlif sahələrdə
fəaliyyət göstərən özəl və dövlət müəssisələri, eləcə də dövlət bankları
tərəfindən qarşılanacaq. Asiya İnkişaf Bankı artıq 165 milyon manat vəsait
ayırıb.
Burada suyun qatılığının azalması
ilə bağlı ciddi problem yarana bilməz. Xəzər böyük bir dənizdir. Təxminən 4
milyon kvadratkilometr ərazidən su toplayır. Hazırda geri çəkilməsinə baxmayaraq,
çox böyük su ehtiyatına malikdir. Gündəlik 300-330 min kubmetr suyun
götürülməsi Xəzər üçün əhəmiyyətli həcmdə deyil.
Amma əsas məsələ bu layihənin necə
həyata keçiriləcəyidir. Bildiyimiz kimi, Xəzər dənizi dünyanın ən çirkli su
hövzələrindən biridir. Bəs bu suyu necə təmizləyəcəklər? Deyilənə görə, osmotik
təmizləmə üsulundan istifadə olunacaq. Bu üsulda xüsusi osmotik filtrlər
quraşdırılır. Məsələn, 100 litr suyun 22 litri çirkləndirici maddələrlə
birlikdə ayrılır, qalan 78 litri isə təmizlənmiş su kimi əldə edilir.
Ancaq həmin suyun tərkibində mineral
maddələr qalmır. Minerallardan məhrum edilmiş suyun orqanizm üçün nə faydası
ola bilər? Buna görə də sonradan həmin suya yenidən minerallar əlavə edirlər.
Bəs bu mineralları haradan və necə əldə edəcəklər? Onların orqanizm üçün
faydalı olan bütün elementləri hansı üsulla və nə qədər vəsait hesabına bərpa
edəcəkləri sual doğurur. Məsələn, berillium, kalsium karbonat, natrium və digər
elementlər var. Bəlkə də suda onlarla, yüzlərlə mineral maddə mövcuddur. Bunların
hamısını necə müəyyənləşdirib yenidən suya əlavə edəcəklər?
Ona görə də bu məsələ həddindən
artıq mürəkkəb və, belə deyək, xoşagəlməz bir vəziyyətdir. Biz kanalizasiya
sularımızı, asfalt örtüklərindən axan suları, gübrə və peyin qalıqlarını, hətta
Gürcüstandan gələn tullantıları Xəzərə axıdırıq, sonra da həmin suyu təmizləyib
içirik.
Halbuki özümüzün çox gözəl
çaylarımız var. Həmin çayların üzərində su anbarları yaratmaqla onların
sularından istifadə etmək mümkündür. Bir gündə çaylardan axıb gedən suyun həcmi
bütün Azərbaycanın ehtiyaclarını ödəyə bilər. Bakıda 6 milyon əhalinin
yaşadığını deyirlər. Halbuki insanların hər biri öz kəndinə qayıtsa, burada
cəmi 1-1,5 milyon nəfər qala bilər. Hətta 2 milyon nəfərin su təminatını da
Şollar suyu ilə həyata keçirmək mümkündür. Oğuz-Qəbələ su kəmərinə də ehtiyac
qalmaz.
Sərsəng su anbarı da var. O, Bakını
ən keyfiyyətli, tərkibində faydalı minerallar olan su ilə təmin edə bilər.
Kiçik Qafqazın suları dünyanın ən keyfiyyətli suları sırasındadır. Vəziyyət
belədir.
İndi duzsuzlaşdırma zavodunun
tikintisindən danışırıq. İkinci məsələ isə zavodun fəaliyyəti nəticəsində
yaranacaq yüksək duz konsentrasiyalı tullantı sularının Xəzər dənizinə
axıdılmasıdır. Bunlar, məncə, əsas narahatlıq doğuran məsələlər deyil. Xəzərdə
onsuz da kifayət qədər çirklənmə var. Dediyim mənbələrdən dənizə gecə-gündüz
tullantı suları axıdılır. Üstəlik, həmin çirkləndirici maddələrin bir qismi ion
şəklinə keçir. Onları sonradan necə təmizləyəcəklər?
İndi deyirlər ki, guya osmotik
təmizləmə üsulu ilə suyu yaxşı təmizləmək mümkün olacaq. Bəli, osmotik üsuldur.
Baxmayaraq ki, sənin dediyin məsələlər ciddi problem deyil, əsas problem mənim
qeyd etdiyim məqamlardır”.
Məhəbbət Tərlanoğlu
17:58 24.11.2026
Oxunuş sayı: 28