ABŞ səfirindən etiraf: Demokratların İsrailə münasibəti dəyişib
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi Demokratlar Partiyasının İsrailə münasibətində ciddi dəyişikliklər baş verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ səfiri Mayk Hakabi bu barədə açıqlama verib.
Diplomatın sözlərinə görə, əvvəllər Demokratlar Partiyası İsrailə dəstək məsələsində Respublikaçılar Partiyasından daha etibarlı tərəfdaş hesab edilirdi.
“Bilirəm ki, Demokratlar Partiyasında İsrailə münasibətlə bağlı bəzi dəyişikliklər baş verib və bu, təəssüf doğurur. Açığı, əvvəllər demokratlar İsrailə dəstək məsələsində respublikaçılardan daha etibarlı idilər. Lakin indi vəziyyət dəyişib”, – deyə Hakabi bildirib.
Səfir ABŞ-ın İsrailə dəstəyinin yalnız bir siyasi partiyanın mövqeyindən asılı olmamasının vacibliyini vurğulayıb.
“İndi çalışmalıyıq ki, İsrailə dəstək yenidən hər iki partiyanın ortaq mövqeyinə çevrilsin”, – deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-də İsrailə münasibət son illərdə siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə Qəzza müharibəsi fonunda Demokratlar Partiyası daxilində İsrailə hərbi və siyasi dəstəyin miqyası ilə bağlı fikir ayrılıqları güclənib.
17:10 24.11.2026
Oxunuş sayı: 35