İtaliya şirkəti Avropanı Rusiya qazı ilə bağlı xəbərdar edib
Avropa İttifaqının Rusiya qazının idxalını tamamilə dayandırmaq planı regionun enerji bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər. İtaliyanın enerji şirkəti Eni-nin rəhbərliyi Avropanın mövcud qaz ehtiyatlarının da aşağı səviyyədə olduğunu bildirərək mümkün nəticələrlə bağlı xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Eni şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi bildirib ki, Rusiya qazının Avropa bazarından çıxarılması təklif həcmini azaldacaq və nəticədə enerji qiymətləri yüksələcək.
Onun sözlərinə görə, Avropanın qaz anbarlarında ehtiyatlar artıq kifayət qədər aşağı səviyyədədir. Bu vəziyyət yalnız İtaliyaya deyil, bütövlükdə Avropa ölkələrinə aiddir.
Deskalsi əlavə edib ki, digər regionlardan tədarükün artırılması Rusiya qazının yerini tam doldurmağa imkan verməyə bilər. Onun fikrincə, bu baxımdan Qətərin qaz tədarükünü əvvəlki tam həcmdə bərpa etməsi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Avropa İttifaqı Rusiya qazının idxalını 2027-ci il yanvarın 1-dən tamamilə qadağan etməyi təsdiqləyib. Avropa Komissiyası həmçinin 2027-ci ilin sonunadək Rusiya neftinin idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim etməyi planlaşdırır.
Bundan əvvəl Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Valdis Dombrovskis Avropa İttifaqının Rusiya ilə enerji əlaqələrinin kəsilməsinin ümumilikdə başa çatdığını bildirmişdi. Onun sözlərinə görə, hazırda Avropa ölkələrinin əsas enerji təchizatçıları Norveç və ABŞ-dır.
Noyabrın 23-də “Bloomberg” Avropada havaların soyuması ehtimalı fonunda qaz qiymətlərinin kəskin artdığını yazıb. ABŞ və İran arasında gərginlik səbəbindən mayeləşdirilmiş təbii qaz tədarükünün də məhdudlaşdığı bildirilib. Nəticədə Avropada qaz fyuçersləri 8,6 faiz bahalaşaraq 1 MVt/saat üçün 96,075 avroya yüksəlib.
20:20 24.11.2026
Oxunuş sayı: 24