Putin tanınmış rejissoru İnsan Hüquqları Şurasından çıxarıb
Rusiya Prezidenti Vladimir Putin ölkədə Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının tərkibində dəyişiklik edib. Yeni qərara əsasən, tanınmış kinorejissor Aleksandr Sokurov və daha bir neçə şəxs qurumun üzvlüyündən çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Bildirilib ki, müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.
Şuranın yenilənmiş tərkibinə tibb ictimaiyyətinin nümayəndələri və ictimai xadimlər daxil edilib. Bununla yanaşı, əvvəlki üzvlərdən bir neçəsinin səlahiyyətlərinə xitam verilib.
Şuradan çıxarılanlar arasında rejissor Aleksandr Sokurov, Ümumrusiya Pasiyentlər İttifaqının həmsədri Yan Vlasov, yazıçı Maksim Zamşev və hüquqşünas Vladimir Ryaxovski də var.
Yeni tərkibə televiziya aparıcısı Tutta Larsen (əsl adı Tatyana Romanenko), Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının birinci vitse-prezidenti Anna Danilova, Müqəddəs Aleksi adına Mərkəzi Klinik Xəstəxananın baş həkimi Aleksey Zarov və akademik Boçkov adına Tibbi-Genetik Elmi Mərkəzin direktoru Sergey Kutsev daxil edilib.
Qeyd edək ki, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurası Rusiya Prezidentinin yanında fəaliyyət göstərən məşvərətçi qurumdur.
19:58 24.11.2026
Oxunuş sayı: 29