Azərbaycan iqtisadiyyatının paradoksu: böyük potensial, zəif artım
Son dövrlərdə Azərbaycanın iqtisadi inkişaf tempi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkənin mövcud iqtisadi artım tempinin potensialını tam əks etdirmədiyini qeyd etməsi əslində çox mühüm bir reallığa işarə edir. Bu fikir göstərir ki, ölkənin iqtisadi imkanları ilə əldə olunan nəticələr arasında müəyyən uyğunsuzluq mövcuddur və bu məsələ artıq dövlət səviyyəsində də müzakirə olunur.
Əslində Azərbaycanın iqtisadi imkanları kifayət qədər böyükdür. Ölkə zəngin enerji resurslarına malikdir, strateji coğrafi mövqedə yerləşir, böyük tranzit potensialı var və eyni zamanda kifayət qədər ciddi maliyyə ehtiyatları formalaşdırılıb. Dövlət Neft Fondunda toplanmış milyardlarla dollar və uzun illər ərzində həyata keçirilmiş iri enerji layihələri ölkəyə güclü iqtisadi baza yaradıb. Bir çox ölkələr bu cür imkanlara malik olmadığı halda, Azərbaycan bu baxımdan daha əlverişli start mövqeyinə sahibdir.
Lakin paradoks ondadır ki, bütün bu imkanlara baxmayaraq iqtisadi artım tempi çox vaxt bu potensialın yaratdığı gözləntilərlə müqayisədə daha zəif görünür. İqtisadiyyatın strukturu hələ də böyük ölçüdə enerji sektorundan asılı olaraq qalır və qeyri-neft sektorunun inkişafı iqtisadi artımın əsas lokomotivinə çevrilə bilməyib. Bu isə uzun müddətdir müzakirə olunan, lakin tam həllini tapmayan struktur problemdir.
Məsələyə yalnız daxili amillər prizmasından yanaşmaq da tam doğru olmazdı. Müasir dünya iqtisadi sistemi müəyyən mənada ölkələr arasında funksional bölgü yaradır. Bir qrup ölkə yüksək texnologiyalı və yüksək əlavə dəyər yaradan məhsullar istehsal edir, digər ölkələr isə əsasən xammal və enerji resursları ixrac edir. Belə şəraitdə xammal ixrac edən ölkələrin iqtisadiyyatının daha sürətli şaxələnməsi və sənayeləşməsi üçün əlavə iqtisadi strategiya tələb olunur. Sadəcə bazar mexanizmlərinə arxalanmaq bir çox hallarda iqtisadi transformasiya üçün kifayət etmir.
Azərbaycan iqtisadiyyatında mövcud olan əsas problemlərdən biri də məhz bu struktur məsələ ilə bağlıdır. Enerji sektorundan əldə olunan gəlirlər ölkəyə böyük maliyyə resursları gətirib. Lakin bu vəsaitlərin real sektorun, sənayenin və yüksək əlavə dəyər yaradan sahələrin sürətli inkişafına çevrilməsi hər zaman eyni effektivliklə baş verməyib. Nəticədə qeyri-neft sektorunda müəyyən artım olsa da, bu sahə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilə bilməyib.
Digər tərəfdən, biznes mühitində mövcud olan struktur problemlər də iqtisadi dinamikanın sürətini müəyyən qədər məhdudlaşdırır. Kiçik və orta sahibkarlıq bir çox ölkələrdə iqtisadi artımın əsas motoru hesab olunur. Azərbaycanda isə bu sektor hələ də tam potensial səviyyəsinə çatmayıb. Kredit resurslarına çıxışın məhdudluğu, bəzi sahələrdə rəqabət mühitinin kifayət qədər güclü olmaması və bazarların tam liberallaşmaması iqtisadi aktivliyin genişlənməsinə mane olan amillərdən biri kimi göstərilir.
Regional iqtisadi balanssızlıq da diqqət çəkən məsələlərdən biridir. İqtisadi fəaliyyətin böyük hissəsinin Bakı və ətraf bölgələrdə cəmləşməsi regionların potensialının tam istifadə edilməsinə imkan vermir. Halbuki kənd təsərrüfatı, logistika, turizm və sənaye sahələrində regionların ciddi inkişaf imkanları mövcuddur.
Son illərin bəzi statistik göstəriciləri də bu struktur problemləri müəyyən dərəcədə əks etdirir. Məsələn, adambaşına düşən qeyri-neft ixracı və qeyri-neft ÜDM göstəricilərində Azərbaycan bir sıra region ölkələri ilə müqayisədə daha aşağı mövqedə görünür. Bu isə iqtisadiyyatın şaxələndirilməsi prosesinin hələ də arzu olunan səviyyəyə çatmadığını göstərir.
Bütün bunlara baxmayaraq Azərbaycanın iqtisadi potensialı kifayət qədər böyük olaraq qalır. Enerji resursları, tranzit imkanları, maliyyə ehtiyatları və gənc insan kapitalı ölkənin iqtisadi inkişafı üçün ciddi imkanlar yaradır. Lakin əsas məsələ bu potensialın hansı iqtisadi strategiya və hansı idarəetmə yanaşması ilə reallaşdırılmasındadır.
Müasir iqtisadi təcrübə göstərir ki, davamlı inkişaf yalnız resurs ixracı ilə təmin edilmir. İstehsalın genişləndirilməsi, sənayenin inkişafı, daxili bazarın gücləndirilməsi və yüksək əlavə dəyər yaradan sahələrin formalaşdırılması uzunmüddətli iqtisadi artımın əsas mənbələridir. Bu istiqamətdə daha sistemli və məqsədyönlü iqtisadi siyasət aparıldığı təqdirdə Azərbaycanın mövcud iqtisadi potensialı real nəticələrə çevrilə bilər.
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələ resursların mövcudluğu deyil. Əsas məsələ bu resursların hansı iqtisadi model çərçivəsində və hansı strateji yanaşma ilə istifadə edilməsidir. İqtisadi inkişafın növbəti mərhələsi də məhz bu sualın cavabından asılı olacaq.
11:30 11.03.2026
Oxunuş sayı: 1558
Aqil Eyvazov
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri