Türkiyə daxilində siyasi "zəlzələ": "Dağıntılatın altında" hansı siyasətçi qalacaq?
Türkiyə siyasətində son günlər yaşanan proseslər ölkənin əsas müxalifət qüvvələrindən biri olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində yeni müzakirələrə səbəb olub. Partiya Məclisi iclası ərəfəsində sədr Özgür Özələ yaxın komandanın istefası və bunun nəticəsində partiyanın növbədənkənar qurultaya getməsi ehtimalı daxili siyasi balansların yenidən formalaşa biləcəyi barədə suallar yaradıb. Digər tərəfdən, məhkəmə qərarından sonra Kemal Kılıçdaroğlunun yenidən sədrliyə qayıtması CHP-də liderlik, təşkilatlanma və gələcək siyasi kurs məsələlərini yenidən gündəmə gətirib.
Yaranmış vəziyyət fonunda əsas müzakirə mövzusu budur: qarşıdakı qurultay partiyanın yenidən toparlanması üçün dönüş nöqtəsi olacaq, yoxsa CHP daxilindəki fikir ayrılıqları daha dərin siyasi nəticələr doğuracaq? Bu proses partiyanın zəifləməsinə gətirib çıxara bilərmi, yoxsa CHP yeni mərhələyə keçərək öz siyasi çəkisini qorumağı bacaracaq?

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib: “Türkiyədə uzun illər ərzində formalaşmış müxtəlif siyasi partiyalar mövcuddur və bu partiyaların hər birinin ölkənin siyasi həyatında özünəməxsus rolu və xidmətləri olub. Türkiyə demokratik idarəetmə modelinə malik dövlətdir. Burada siyasi plüralizm prinsipi fəaliyyət göstərir. Vətəndaşlar siyasi baxışlarına və dünyagörüşlərinə görə təqib edilmir, hər kəs istədiyi siyasi partiyada fəaliyyət göstərmək hüququna malikdir. Lakin siyasi fəaliyyətin mahiyyətində hər zaman üç əsas maraq istiqaməti dayanır: fərdi maraqlar, qurum maraqları və milli maraqlar. İdeal halda siyasi partiyalar fəaliyyətlərini fərdi maraqlar üzərində deyil, ilk növbədə qurum və dövlət maraqları əsasında qurmalıdırlar”.
Politoloqun fikrincə, hazırda CHP-də baş verən proseslərə münasibətdə belə bir yanaşma mövcuddur ki, burada fərdi maraqların müəyyən hallarda partiya və milli maraqlardan önə keçməsi partiyadaxili gərginliyə səbəb olub: “Bu cür hallar istənilən siyasi təşkilatın daxili sabitliyinə və fəaliyyətinə mənfi təsir göstərə bilər. Ümumilikdə Türkiyə son illərdə regional gücdən qlobal təsir imkanlarına malik dövlətə çevrilib və bu prosesdə ölkənin siyasi sistemində iştirak edən müxtəlif qüvvələrin müəyyən rolu olub. Belə bir şəraitdə Türkiyənin daxili siyasi sabitliyi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bəzi yanaşmalara görə, xarici təsir cəhdləri və ya siyasi proseslərə kənardan müdaxilə ehtimalları diqqətlə araşdırılmalı məsələlər sırasındadır. Lakin bu cür iddialar hüquqi əsaslar və faktlar üzərində qiymətləndirilməlidir. Bu baxımdan hüquq-mühafizə və aidiyyəti dövlət qurumlarının araşdırmaları əsas meyar hesab olunur. Partiyalar cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən formalaşır və onların əsas məqsədi dövlətin, xalqın və milli maraqların qorunmasına xidmət etmək olmalıdır. Siyasi rəqabət fərdi maraqlar üzərində deyil, institusional məsuliyyət və dövlətçilik prinsipləri çərçivəsində aparıldıqda ölkənin siyasi sistemi daha dayanıqlı olur.CHP-də baş verən proseslərin də ilk növbədə partiyanın daxili mexanizmləri və hüquqi prosedurlar çərçivəsində həll olunacağı, nəticədə sağlam siyasi mühitin qorunacağı gözlənilir”.
Ayhan
12:19 15.06.2026
Oxunuş sayı: 56