Zelenskiyə qarşı daxili etiraz başlaya bilər: Ukrayna xalqının hakimyyət əleyhinə ayağa qalxması gözlənilir
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin səsləndirdiyi fikirlər ölkədə hakimiyyətə ictimai dəstək və siyasi idarəetmə ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Mendel iddia edib ki, Zelenskini əsasən mövcud sistemdən fayda əldə edən şəxslər dəstəkləyir, ölkədə hakimiyyətə etimad zəifləyib və idarəçilik getdikcə daha sərt xarakter alıb.
Qeyd olunan fikirlər həqiqətdirsə, deməli, Zelenskinin işi heç də asan deyil. Əksinə, belə davam edərəs, onun istefası məsələsi də gündəmə gələ bilər.

Mövzu ilə bağlı siyasi şərhçi Turan Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Yuliya Mendel 2019–2021-ci illərdə Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb: “Sonradan isə hakimiyyətə qarşı müxalif mövqe sərgiləyərək Zelenskini müharibəni uzatmaqda, qələbə və sülhlə bağlı aydın məqsədinin olmamasında ittiham edib. Bu iddiaları qiymətləndirərkən müharibənin hazırkı gedişatı da nəzərə alınmalıdır:
Ukraynada seçkilər 2024-cü ildə keçirilməli idi. Lakin davam edən müharibə buna imkan vermədi. Son bir ildə Ukrayna süni intellekt əsaslı yerli pilotsuz uçuş aparatlarının istehsalını artıraraq Rusiyanın strateji obyektlərinə zərbələr endirib. Bunun nəticəsində müharibənin təsirləri artıq təkcə Ukraynada deyil, Rusiya daxilində də hiss olunur. Ukrayna yalnız müdafiə mövqeyində qalmayıb, hücum imkanlarını da genişləndirib”.
T.Əlizadənin sözlərinə görə, Ukrayna artıq Qərbdən silah asılılığını azaltmağa çalışır və əsas ehtiyacı maliyyə dəstəyidir:
“Maliyyə dəstəyi hesabına Ukrayna daha ucuz pilotsuz uçuş aparatları istehsal edir. Bu, ölkənin hərbi imkanlarını gücləndirib və cəbhədə vəziyyətin dəyişməsinə təsir göstərib. Zelenskinin müharibəni uzatdığı ilə bağlı fikirləri qiymətləndirərkən sülh prosesinin mahiyyəti də nəzərə alınmalıdır. Sülh yalnız bir tərəfin istəyi ilə mümkün deyil. Müharibənin başa çatması üçün hər iki dövlət maraqlı olmalıdır. Müxtəlif dövrlərdə cəbhədə üstün olan tərəfin sülhə marağı fərqli olub. Buna görə də bütün məsuliyyəti yalnız Ukrayna rəhbərliyinin üzərinə qoymaq düzgün yanaşma deyil”.
Onun sözlərinə görə, Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr Rusiyanın daxili təminatına da təsir göstərir və ölkə daxilində narazılıqları artırır: “Müharibə şəraitində hakimiyyətə qarşı narazılıqların yaranması təbii prosesdir. Bunun arxasında həm daxili amillər, həm də xarici təsirlər dayana bilər. Rusiyanın marağı isə Ukraynada hakimiyyət dəyişikliyinin baş verməsi və özünə yaxın rəhbərliyin formalaşmasıdır. Müharibə şəraitində dövlət idarəçiliyinin sərtləşməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi qaçılmazdır. Dövlət müharibə şəraitində idarəetmədə boşluqlara yol verə bilməz. Xaricdən alınan maliyyə vəsaitinin səmərəli istifadəsi həm ordunun gücləndirilməsi, həm də gələcək öhdəliklər baxımından vacibdir”.
T.Əlizadənin fikrincə, hakimiyyətə ictimai dəstəyin azalması Ukraynanın müharibədəki mövqeyinə mənfi təsir göstərə bilər:
“Əgər ictimai etimad zəifləyərsə, Ukrayna eyni vaxtda həm Rusiya ilə müharibə aparmalı, həm də daxildə yaranan narazılıqları aradan qaldırmağa çalışmalı olacaq. Bu isə diqqətin iki istiqamətə bölünməsinə səbəb olacaq və cəbhədə əldə olunan üstünlüyün itirilməsi riskini artıracaq”.
Zərnigar Hüseynli
11:30 05.08.2026
Oxunuş sayı: 74