Liviyada neft kompleksindəki yanğınlar nəzarətə götürülüb
Liviyanın qərbində yerləşən Əz-Zaviyə şəhərində neft kompleksinin bir neçə çənində pilotsuz uçuş aparatlarının hücumlarından sonra baş verən yanğınlar nəzarətə götürülüb.
Crossmedia.az xəbər verir ki, Liviyanın Milli Neft Korporasiyası bu barədə məlumat yayıb.
Korporasiyanın açıqlamasında bildirilib ki, Əz-Zaviyə neft rayonundakı bir sıra çənlərdə PUA hücumları nəticəsində başlayan bütün yanğınlar yanğınsöndürən və qəza-xilasetmə qrupları tərəfindən nəzarətə götürülüb.
Milli Neft Korporasiyası avqustun 11-də son günlər ərzində Əz-Zaviyədəki yanacaq çənlərinə beşinci hücumun həyata keçirildiyini açıqlamışdı. Partlayıcı qurğu daşıyan PUA dizel yanacağı olan çənin damına zərbə endirib, onu deşərək yanğına səbəb olub.
Yanğın qəza xidmətləri tərəfindən qısa müddətdə lokallaşdırılıb. Korporasiya hücumların hələlik yanacaq tədarükünə təsir etmədiyini bildirib. Yanacaqdoldurma məntəqələri yanacağı əvvəlki qaydada və nəzərdə tutulan gündəlik həcmdə əldə edir.
Ötən həftə Əz-Zaviyədəki neft emalı zavodunun ətrafında silahlı qruplaşmalar arasında toqquşmalar baş verib. Hadisələr nəticəsində azı 4 nəfər ölüb.
Tripolidən qərbdə yerləşən Əz-Zaviyə Liviyanın qərbindəki əsas mərkəzlərdən biri hesab olunur. Şəhərdə ölkənin ən böyük neft emalı zavodu yerləşir. Əz-Zaviyə həmçinin qanunsuz miqrasiya və yanacaq qaçaqmalçılığının əsas marşrutlarından birinin üzərində yerləşir.
23:57 11.08.2026
Oxunuş sayı: 43