Türkiyə Ukraynanı silahlandırır: Rusiyanın cavabı necə olacaq?
Türkiyənin inventarındakı bəzi ağır silah sistemlərini Ukraynaya təhvil vermək üçün ABŞ-dən yenidən ixrac icazəsi istəməsi Ankara-Kiyev hərbi əməkdaşlığını yenidən gündəmə gətirib. Planlaşdırılan transferə reaktiv yaylım atəş sistemləri, ATACMS raketləri və artilleriya sursatlarının daxil olduğu bildirilir.
ABŞ Konqresinin 6 avqust tarixli rəsmi qeydlərinə əsasən, söhbət ümumi ilkin dəyəri təxminən 283 milyon dollar olan hərbi vasitələrin mümkün transferindən gedir. Məlumata görə, proses ABŞ Dövlət Departamentinin bildirişindən sonra 30 günlük qanuni müddətin başa çatması ilə başlaya bilər.
Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyənin Ukraynaya silah-sursat verməsi yeni proses deyil və bunun Rusiya tərəfindən ciddi reaksiyaya səbəb olacağı gözlənilmir:

“Son illər ərzində Türkiyə bir neçə dəfə müxtəlif təyinatlı silah və sursatları Ukraynaya ötürüb və bu, Rusiyada müəyyən dairələrin narazılığına səbəb olsa da, ümumilikdə prosesə heç bir təsir göstərməyib”.
Ekspert Türkiyənin Ukraynaya yeni silah partiyası göndərməsinin də Moskvanın münasibətinə ciddi təsir etməyəcəyini vurğulayıb.
Nigar Xəlilli
19:50 10.08.2026
Oxunuş sayı: 43