Ukrayna üçün prioritet müharibənin dayandırılması olmalıdır- RƏY
Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi hərbi cəbhədəki mübarizə ilə yanaşı, daxili islahatların gedişi baxımından da diqqətlə izlənilir. Rəsmi Kiyevin üzərinə götürdüyü öhdəliklərin icra tempi Avropa strukturları və beynəlxalq ekspertlər tərəfindən yaxından qiymətləndirilir. Son qiymətləndirmələr göstərir ki, bir sıra mühüm islahatların həyata keçirilməsində gecikmələr müşahidə olunur. Bu vəziyyət Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi ilə bağlı yeni müzakirələri gündəmə gətirib.
Siyasi şərhçi Elşad Paşasoy Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırkı hərbi-siyasi şəraitdə Ukraynanın Aİ-yə üzvlüyü real görünmür.

Ekspertin fikrincə, davam edən müharibə fonunda Aİ-nin Ukraynanı öz sıralarına qəbul etməsi həm siyasi, həm də təhlükəsizlik baxımından inandırıcı deyil:
"Müharibənin daha da şiddətləndiyi bir dövrdə Aİ-nin Ukraynanı üzvlüyə qəbul etməsi reallığa uyğun görünmür. Bu, faktiki olaraq Aİ-nin Rusiya–Ukrayna müharibəsinin bir hissəsinə çevrilməsi anlamına gələrdi. Aİ hazırda Ukraynanı dəstəkləsə də, birbaşa münaqişənin tərəfinə çevrilmək istəmir. Aİ həm Rusiyadan gələn riskləri azaltmağa çalışır, həm də Ukraynaya dəstək verir. Belə bir şəraitdə bu riski daha da artıracaq addım atacağı inandırıcı görünmür".
Siyasi şərhçinin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü məsələsində yaşanan proseslər də bunu təsdiqləyir:
"Artıq Kiyevdə də anlayırlar ki, yaxın illərdə Ukraynanın NATO-ya üzv qəbul olunması mümkün deyil. Çünki bu, NATO-nun kollektiv müdafiə mexanizmini işə sala və münaqişəni Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya çevirə bilər".
Ekspert hesab edir ki, Ukrayna daxilində mövcud problemlər də ölkənin Avropa və Avroatlantik strukturlara inteqrasiyasını çətinləşdirir:
"Müharibə şəraitində belə, Qərbin hərbi yardımları ilə bağlı müxtəlif problemlərin yaşanması və ölkədaxili çətinliklər Ukraynanın bu qurumlara üzvlük üçün tam hazır olmadığını göstərir".
E.Paşasoy vurğulayıb ki, hazırkı mərhələdə əsas prioritet müharibənin dayandırılması istiqamətində addımların atılması olmalıdır:
"Bu gün Ukrayna üçün əsas məqsəd atəşkəsə nail olmaq, prezidentlər səviyyəsində danışıqların baş tutmasını təmin etmək və ölkəni tərk etmiş insanların geri qayıtmasına şərait yaratmaqdır. Mövcud şəraitdə hər hansı alyansa və ya ittifaqa qoşulmaqdan daha çox, reallığa əsaslanan qərarlara üstünlük verilməsi məqsədəuyğun olardı".
Nigar Xəlilli
16:00 05.08.2026
Oxunuş sayı: 64