Elektrikdən az istifadə edənlər də daha çox ödəyə bilər – Rusiyada yeni qayda
Rusiyanın Uzaq Şərq Federal Dairəsində elektrik enerjisinin ötürülməsi xidmətlərinə görə ödənişdə “götür və ya ödə” prinsipi tətbiq olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Sənədə əsasən, yeni prinsipin tətbiqinə ilk mərhələdə 2027-ci il yanvarın 1-dən elektrik şəbəkələrinə yeni qoşulan istehlakçılar üçün başlanacaq. Gələcəkdə bu qaydanın bütün istehlakçılara şamil edilməsi məsələsinə də baxılacaq.
“Götür və ya ödə” prinsipinə əsasən, istehlakçılar elektrik enerjisinin faktiki istehlak həcminə görə deyil, şəbəkəyə texnoloji qoşulma zamanı bəyan etdikləri maksimum gücə uyğun olaraq ötürülmə xidmətinin haqqını ödəyəcəklər.
Bu o deməkdir ki, istehlakçı elektrik enerjisindən az istifadə etsə belə, ödəniş onun əvvəlcədən bəyan etdiyi maksimum güc əsasında hesablanacaq.
Qeyd edək ki, yeni mexanizmin ilkin mərhələdə yalnız Uzaq Şərq Federal Dairəsində yeni qoşulan istehlakçılara tətbiqi nəzərdə tutulur.
23:40 24.11.2026
Oxunuş sayı: 34