Mirziyoyev Trampa qeyri-adi hədiyyə göndərib
ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ona təqdim etdiyi hədiyyəyə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Özbəkistanın hörmətli Prezidenti Şavkat Mirziyoyevə gözəl özbək çardaqlarına görə təşəkkür etmək istəyirəm”, – deyə Ağ Ev rəhbəri bildirib.
Məlumata görə, Mirziyoyev ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Trampa qoz ağacından hazırlanmış iki ənənəvi özbək pavilyonu, ayvan hədiyyə edib.
Tramp hədiyyəni özündə saxlamaq əvəzinə ictimaiyyətə təqdim etmək qərarına gəlib.
Belə ki, Özbəkistanın ABŞ-dəki səfiri Furqat Sidikovun sosial şəbəkədəki paylaşımına əsasən, ayvanlar Vaşinqtondakı Qərbi Potomak parkında yerləşdirilib.
Diplomat bu hadisəni ABŞ və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlığı əks etdirən rəmzi addım kimi qiymətləndirib.
Qeyd edək ki, bundan əvvəl Polşa Prezidenti Karol Navrotski də ABŞ liderinə kəhrəba ilə bəzədilmiş kreslo hədiyyə etmişdi.
23:30 24.11.2026
Oxunuş sayı: 37