Azərbaycanın enerji strategiyası və regional tərəfdaşlıq

2025-ci il aprelin 4-də Bakı şəhərində iki vacib beynəlxalq enerji tədbiri - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirildi. Hər iki tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş və strateji məzmunlu çıxış etdi. Prezidentin nitqi enerji sahəsində Azərbaycanın prioritetlərini, tərəfdaşlıq strategiyasını, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və qarşıdakı dövr üçün planları əhatə etdi. Bu çıxış təkcə Azərbaycanın enerji siyasətinin deyil, həm də beynəlxalq enerji gündəliyinin əsas istiqamətlərindən birinə çevrildi.
Azərbaycanın Cənub Qaz Dəhlizi və yaşıl enerji sahələrində tutduğu mövqe və əldə etdiyi uğurlar son illərdə həm regional, həm də qlobal miqyasda strateji önəm kəsb edir. Azərbaycan layihənin təşəbbüskarı və əsas icraçısıdır. TANAP və TAP layihələrinin əsas investorlarından biri olan SOCAR vasitəsilə ölkəmiz layihəyə həm maliyyə, həm də logistik baxımdan liderlik edir. Hazırda illik 10 milyard kubmetr qaz ixracı reallaşır. Lakin Prezident İlham Əliyev TANAP-ın ötürücülük qabiliyyətinin 16 milyarddan 32 milyard kubmetrə çatdırılmasını prioritet elan edib. Azərbaycan külək, günəş və hidro enerji baxımından mühüm potensiala malikdir. Xüsusilə Xəzər dənizində külək enerjisi üzrə resurslar beynəlxalq səviyyədə diqqət çəkir. Prezident Əliyevin açıqlamasına görə, 2030-cu ilə qədər 5 qiqavat yaşıl enerji ixracı hədəflənib. Bu, Azərbaycanın Avropa qaz bazarındakı payını artırmaq istiqamətində irəliyə doğru ciddi addımdır. Azərbaycan Masdar (BƏƏ), ACWA Power (Səudiyyə Ərəbistanı) və BP (Böyük Britaniya) kimi qlobal şirkətlərlə yaşıl enerji üzrə layihələr həyata keçirir. “Yaşıl Enerji Dəhlizi” layihəsinə gəldikdə isə bu layihə Azərbaycan-Gürcüstan-Macarıstan marşrutu ilə yaşıl elektrik enerjisinin ixracı planlaşdırılır. Avropa Komissiyası bu layihəni prioritet layihə elan edib. Azərbaycandan "yaşıl enerji"nin tədarükünə maraq artır və ölkəmizin Avropa enerji bazarına yeni statusla daxil olması Avropa İttifaqı ilə daim inkişaf edən strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Azərbaycan alternativ mənbələr və marşrutlarla Avropanın enerji təchizatını davamlı şəkildə şaxələndirən ölkədir. Bir sözlə, Azərbaycan "yaşıl enerji" ölkəsi kimi inkişafı ilə bağlı strateji məqsədlərini həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində görülmüş işlər mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizdə "yaşıl enerji" layihələrində yeni mərhələnin başlanması isə bu sahədə qarşıya qoyulmuş hədəfləri daha da aktuallaşdırıb. Ötən dövrdə paytaxt Bakı ilə yanaşı, ölkəmizin digər bölgələrində də bərpaolunan enerji layihələri üçün potensial ehtiyat bir daha nəzərdən keçirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Azərbaycanın neft-qaz sahəsində, xüsusən avropalı tərəfdaşlarla uğurlu əməkdaşlığı enerji resursları ixrac edən istənilən ölkə üçün nümunədir. Azərbaycanın digər ölkələrlə müqayisədə üstünlüyü bütün regionda "yaşıl enerji"nin inkişafına yönəlmiş layihələrin artıq işə salınmasından ibarətdir. Özünü ənənəvi resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycan əldə olunanlarla kifayətlənmir. Ölkənin "yaşıl enerji" ixracı üzrə iddialı planları geniş vüsət alır və artıq konkret təşəbbüslər irəli sürülüb. Qarabağı "yaşıl enerji" zonası elan edən Azərbaycan dekarbonizasiya, qlobal tendensiyalara doğru səylər və öz iqtisadiyyatının inkişafı istiqamətində mühüm addımlar atıb. Bu gün Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə, həmçinin alternativ enerji istehsalçısı və ixracatçısına çevrilməsini təmin edəcək. İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən ən mühüm bərpaolunan enerji mənbələri layihələrindən biri Britaniyanın BP şirkəti ilə günəş enerjisinin istehsalı üzrə birgə layihədir. Bu elektrik stansiyasının artıq iki il sonra tam fəaliyyətə başlayacağı gözlənilir. Bu miqyasda şirkətin həyata keçirdiyi layihə Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olduğundan, ölkəmizin etibarlı və stabil tərəfdaşa çevrildiyindən xəbər verir.
Ölkəmiz Avropanın enerji təchizatının mənbə və marşrutlarla diversifikasiyasının yeni xəritəsini, planını tərtib edir və təbii qazla yanaşı, irəlidə "yaşıl enerji" və hidrogenin də əsas tədarükçülərindən biri olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin yaradılması enerji siyasətimizin başlıca prioritetidir. Bu baxımdan yeni "yaşıl enerji" dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır. Bu layihə Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq cəhdinin bir hissəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Buxarestdə Sazişin imzalanması mərasimi ilə bağlı plenar iclasda bildirib ki, Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. O, sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək deyib:"Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq".
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının keçirilməsinin əhəmiyyəti çoxşaxəli və strateji xarakter daşıyır. Bu iclaslar Azərbaycanın həm ənənəvi enerji resursları (xüsusilə təbii qaz), həm də bərpaolunan enerji mənbələri sahəsində etibarlı və çoxşaxəli tərəfdaş kimi mövqeyini möhkəmləndirir. İki paralel enerji istiqamətinin — qaz və yaşıl enerjinin — birgə müzakirə olunması Azərbaycanın enerji siyasətində inkişaf etmiş, çevik və uzunmüddətli düşünülmüş yanaşma sərgilədiyini göstərir. Bu iclaslar həm region ölkələri (Gürcüstan, Türkiyə, Balkan ölkələri və s.), həm də Avropa İttifaqı ilə möhkəm əməkdaşlıq platformasının qurulmasına xidmət etdi. Həm Cənub Qaz Dəhlizi, həm də yaşıl enerji ixrac marşrutları Azərbaycanı beynəlxalq enerji şəbəkəsinin mərkəzi roluna çıxarır. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı enerji təchizatında alternativ mənbələr və marşrutlar axtarışındadır. Azərbaycanın təşəbbüskarı olduğu bu toplantılar Avropanın enerji təhlükəsizliyində ölkəmizin artan rolunu nümayiş etdirir və Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclası Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə ciddi yanaşdığını, yaşıl enerjiyə keçiddə konkret hədəflər və layihələr təqdim etdiyini göstərdi. Azərbaycan özünü regional yaşıl enerji mərkəzi kimi təqdim etməyə başlayır. 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 beynəlxalq konfransının uğurla keçirilməsi və əldə olunan nəticələrinin yüksək səviyyədə olması bunun ən bariz nümunələrindən biridir.
Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci dəfə Bakıda keçirilməsini Azərbaycanın bu sahədəki liderliyinin və beynəlxalq etibarının göstəricisi kimi qiymətləndirdi. Cənub Qaz Dəhlizi yalnız texniki və iqtisadi layihə deyil, həm də siyasi və geostrateji əhəmiyyətə malikdir. Layihənin uğuru müxtəlif ölkələrin, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər Avropa dövlətlərinin səmərəli əməkdaşlığından asılı olub. Prezident bu məqamda bir daha vurğuladı ki, enerji təhlükəsizliyi təkcə enerji resurslarının mövcudluğu ilə deyil, həm də bu resursların etibarlı yollarla, sabit tərəfdaşlıq prinsipləri əsasında çatdırılması ilə təmin olunur. Cənub Qaz Dəhlizi bu mənada XXI əsrin ən uğurlu və strateji enerji layihələrindən biri hesab olunur. Çıxış zamanı Prezident İlham Əliyev qeyd etdi ki, enerji layihələrinin uğuru yalnız qarşılıqlı inam və koordinasiyalı əməkdaşlıqla mümkündür. “Əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı” – bu fikirlə Prezident Azərbaycanın beynəlxalq tərəfdaşlığa verdiyi önəmi bir daha vurğuladı. Azərbaycanın uzun illər ərzində etibarlı tərəfdaş kimi çıxış etməsi faktı beynəlxalq aləmdə də etiraf olunur. Ölkəmiz zamanında və şəffaf şərtlərlə enerji resurslarını təchiz etməklə, qlobal enerji bazarının sabitliyinə töhfə verir. Bu, həm də ölkənin siyasi sabitliyi və iqtisadi inkişafı ilə birbaşa bağlıdır.
Prezident çıxışında qeyd etdi ki, mövcud qaz boru kəməri sisteminin genişləndirilməsi zəruridir və bu sahədə bütün tərəfdaş ölkələrlə birgə səylər göstərilməlidir. Yeni enerji ehtiyatlarının istismara verilməsi gələcəkdə Azərbaycanın ixrac imkanlarını artıracaq. Xüsusilə "Azəri-Çıraq-Günəşli" yatağının Dərin Qaz Strukturu üzrə bu il başlanacaq hasilat bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Prezident vurğuladı ki, yaxın bir neçə ildə yeni neft və qaz yataqlarının istismarı da gözlənilir ki, bu da Azərbaycanın enerji sektorunun davamlı inkişafını və ixrac potensialının artırılmasını təmin edəcək. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirəcək.
Çıxışında Prezident İlham Əliyev yaşıl enerji gündəminin vacibliyini qəbul etməklə yanaşı, ənənəvi enerji resurslarının da hələ uzun müddət enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olaraq qalacağını bildirdi. O, haqlı olaraq Avropada geniş yayılmış yaşıl gündəmə baxmayaraq, faydalı qazıntı hasilatçılarının və ənənəvi enerji ixracatçılarının marginallaşdırılmaması çağırışı etdi. Azərbaycan bu baxımdan balanslı yanaşmanı dəstəkləyir: bir tərəfdən yaşıl enerjiyə böyük sərmayələr qoyur, digər tərəfdən isə ənənəvi enerji ehtiyatlarını da etibarlı şəkildə bazara çıxarır. Prezident əminliklə bildirdi ki, hələ bir neçə il bu sahəyə tələbat davam edəcək və Azərbaycan bu tələbatı qarşılamağa hazırdır. Prezident çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və Avropa Komissiyası arasında energetika sahəsində imzalanmış strateji tərəfdaşlıq memorandumu çərçivəsində son illər ərzində Azərbaycanın Avropaya qaz ixracı təxminən 60 faiz artıb. Bu rəqəm təkcə enerji sahəsində deyil, siyasi və iqtisadi baxımdan da böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə təkcə təchizatçı deyil, həm də regional enerji qovşağı rolunu oynayır. Prezident İlham Əliyevin dediyi kimi, bu artım təkcə Azərbaycana deyil, Avropaya da enerji təhlükəsizliyi baxımından böyük fayda gətirir.
Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclasında Azərbaycandan Avropaya uzanacaq "yaşıl kabel" layihəsinin müzakirə olunması, Azərbaycanın bərpaolunan enerji sahəsində də ciddi planları və imkanları olduğunu göstərir. Prezident İlham Əliyev bu məsələni çıxışında qeyd edərək, Azərbaycanın günəş, külək və hidroenerji potensialını Avropa bazarına çatdırmaq əzmini ifadə etdi. Xəzər dənizində külək enerjisi üzrə iri həcmli layihələrə start verilməsi, ölkənin cənubunda günəş enerjisi imkanlarının araşdırılması və bu istiqamətdə xarici sərmayədarlarla əməkdaşlıq, Azərbaycanın yaşıl enerji sahəsində regional liderə çevrilməsi yolunda atılmış mühüm addımlardır. “Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik” - bu fikir Prezident İlham Əliyevin çıxışında enerji sektorunda daxili potensiala, milli imkanlara və strateji idarəetməyə inamın bariz nümunəsi idi. Azərbaycanın dövlət neft və qaz şirkətləri, eləcə də özəl sektor bu sahəyə böyük və davamlı sərmayələr yönəltməkdədir. Hazırda həyata keçirilən layihələr təkcə mövcud imkanların reallaşdırılması deyil, həm də gələcək nəsillər üçün etibarlı enerji sisteminin qurulması məqsədinə xidmət edir. Həmçinin bu investisiyalar ölkənin enerji diplomatiyasını gücləndirir və regional nüfuzunu artırır.
Prezident İlham Əliyevin 2025-ci il aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində etdiyi çıxış. Azərbaycanın enerji siyasətinin strateji konturlarını aydın şəkildə ortaya qoydu. Bu çıxışda həm klassik enerji resurslarının, həm də bərpaolunan mənbələrin tarazlı inkişafı, beynəlxalq əməkdaşlığın əhəmiyyəti, vətənpərvərlik ruhunda sərmayə siyasəti və regional təhlükəsizlik məsələləri əhatəli şəkildə təhlil olundu. Bu çıxış, eyni zamanda Azərbaycanın nəinki enerji tədarükçüsü, həm də enerji sabitliyinin və əməkdaşlığının memarı olduğunu sübut etdi. Beləliklə, Azərbaycan təkcə bugünün deyil, həm də sabahın enerji xəritəsini formalaşdıran ölkə olaraq öz mövqeyini daha da möhkəmləndirir.
Zahid Cəfərov
12:05 08.04.2025
Oxunuş sayı: 5636