"AzərEnerji" energetiklər günü ilə bağlı tədbirlər keçirib

"AzərEnerji" ASC 20 oktyabr - Energetiklər günü ilə bağlı silsilə tədbirlər keçirib.
Crossmedia.az ASC-yə istinadən xəbər verir ki, əvvəlcə Energetika Nazirliyi, "AzərEnerji" ASC və "Azərişıq" ASC-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra energetiklər Şəhidlər Xiyabanına baş çəkərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini anıblar.
Bayram tədbiri "AzərEnerji" ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində davam edib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra "İşıqla yazılan tarix" adlı film nümayiş olunub.
Çıxış edən "AzərEnerji"nin İdarə Heyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatələnən energetika sektorunda həyata keçirilən genişmiqyaslı işlər barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin balanslı şəkildə ənənəvi və "yaşıl enerji" mənbələrinə əsaslanan strategiyasına uyğun olaraq, son 20 ildə 5 400 MVt gücündə yeni generasiya mənbələri yaradılıb: "Təkcə son 5-6 ildə istifadəyə verilən yeni stansiyaların ümumi gücü 3 000 MVt-dan artıqdır".
B. Rzayev qeyd edib ki, son illərdə görülən tədbirlər nəticəsində 1 kilovat/saat elektrik enerjisinin istehsalı üçün sərf olunan şərti yanacağın miqdarı 284 qramdan 240 qrama endirilib: "Bununla 3,3 milyard kubmetr təbii qaza qənaət edilib və 6,4 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Bu gün Azərbaycan elektroenergetikası regionda bir çox inkişaf etmiş ölkələr üçün nümunə göstəriləcək səviyyəyə çatıb. Bu, Prezident İlham Əliyevin düşünülmüş və hərtərəfli hesablanmış enerji strategiyasının bariz nümunəsidir", - deyə o vurğulayıb.
Energetiklər günü ilə bağlı tədbirlər təkcə Bakıda deyil, regionlarda da keçirilib. "AzərEnerji" tərəfindən ölkənin ən böyük yarımstansiyası olan 500/330 kV-luq "Nəvahi" Yaşıl Enerji Qovşağı ərazisində ağacəkmə aksiyası təşkil olunub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası, Qarabağ Regional Elektrik Şəbəkəsi və "Energetiklər şəhəri" adlandırılan Mingəçevir də daxil olmaqla müxtəlif bölgələrdə bayram tədbirləri baş tutub.
19:43 20.10.2025
Oxunuş sayı: 913