Xəzərdə külək enerjisinin ixracına 2032-dən başlanması planlaşdırılır

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidə işləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpa olunan enerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.
Qeyd edilib ki, həmçinin “ACWA Power”, “Masdar” və “SOCAR Green” şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu, eləcə də “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited” şirkətləri ilə əməkdaşlıq edilir: “Planlaşdırılan 6 QVt-dan çox gücün 4 QVt-nın 2032-ci ildən etibarən mərhələli şəkildə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracına başlanması planlaşdırılır. Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir. Birgə Müəssisə - “GECO Green Energy Company” tərəfindən layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün müraciət olunub. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq Maraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciət ediləcək”.
10:17 20.10.2025
Oxunuş sayı: 944