CROSSMEDIA - Kapitalizmin böhranı və alternativ iqtisadi model -MİM
İqtisadi

Kapitalizmin böhranı və alternativ iqtisadi model - MİM

1.1. Kapitalizm sisteminin böhranı

2008-ci ildən başlayan beynəlxalq iqtisadi böhranın bu günə qədər davam etməsi və yaxın gələcəyin qeyri-müəyyənliyi, bir tərəfdən dünya ölkələrində sosial-siyasi vəziyyətin perspektivini təhlükə altına alır, digər tərəfdən mövcud dünya sisteminin hansı istiqamətə yönələcəyi barədə düşünməyə vadar edir. Çünki mövcud böhran, sonralar II Dünya Müharibəsinin başlaması ilə nəticələnən XX əsrin 30-cu illərinin dərin böhranı ilə müqayisə olunur. 

Böhranın əsas mərkəzi ABŞ və Avropa ölkələridir. Çünki dünya iqtisadiyyatının ağırlığı Qərb ölkələrinin üzərinə düşür. ABŞ-da 80-ci illərdən başlayaraq, ipoteka kreditləri verən banklar likvidlik böhranı ilə üzləşdilər. Reyqanomika adlanan bu iqtisadi siyasət ABŞ-ın iqtisadiyyatını iflas həddinə çatdırdı. Çünki  tələbatı qorumaq üçün, banklar tərəfindən əhaliyə verilən istehlak kreditləri o qədər böyüdü ki, artıq həddən artıq borclanan əhali kreditləri geri qaytarmaq iqtidarında olmadı və banklar da kredit verilməsini dayandırdılar. Bunun nəticəsində bir çox banklar, maliyyə strukturları müflis olaraq bağlandı, birjalarda səhmlər 50% dəyər itirdi, əhalinin tələbatı aşağı düşdü, işsizlik problemləri dərinləşdi. FES maliyyə sistemini qoruyan bankların çökməməsi və tələbatın qorunması üçün, dolları çap edərək aşağı faizlə yenidən dövriyyəyə buraxdı. Lakin, reallıqlar göstərdi ki, mövcud sistem artıq əvvəllər olduğu kimi fəaliyyət göstərə bilmir. Çünki problemin kökü kapitalizm sisteminin təməl prinsipləri ilə bağlıdır. 

2012-ci ildə dünyanın bir çox görkəmli iqtisadçıları, siyasətçiləri, ictimai xadimləri, dövlət rəhbərləri, sahibkarları və digər məşhur şəxslərinin bir araya gəldiyi Davos forumunun baş mövzusu “Böyük transformasiya: yeni modellərin formalaşması” olmuşdur. Forumda kapitalizmin iflasa uğraması, alternativ iqtisadi modellərin axtarılması, iqtisadi inkişaf mərkəzlərinin qərbdən cənuba və şərqə yönəlməsi, liberal iqtisadiyyatın dövlət iqtisadiyyatı ilə əvəzlənməsi təhlükəsi, anqlo-sakson maliyyə kapitalizminin aktuallığını itirməsi, dünyada əhalinin sayının və yoxsulluğun artması və digər bu kimi fikirlərin dilə gətirilməsi dünyada sistem probleminin nə qədər ciddi olduğunu göstərdi.

BVF-nun sədri K. Laqard forumda dünyanın mövcud durumdan xilas olunması məsələsini gündəmə gətirərək bildirib ki, dünyanın heç bir ölkəsinin böhrandan zəmanəti yoxdur. BVF-nın məruzəçisi Blanşar bildirib ki, “II Dünya müharibəsindən sonra yüksək borc göstəricilərinin ixtisarı üçün iki onillikdən artıq vaxt keçdi. İndi də o qədər, bəlkə də daha çox vaxt keçə bilər.” 

Forumun prezidenti Klaus Şvab deyib ki, “Tam əminliklə demək olar ki, indiki kapitalist sistemi müasir dünya modelinə heç cür uyğun gəlmir. Biz vaxtında sistemin təhrif olunmasına mane olan qaydaları tətbiq etmədik.” 

Kapitalizmin “fenomenal sistem” olduğunu bildirən sahibkar Bill Qeyts isə deyib ki, “Biz, bir dövrün sona çatdığı, yenisinin isə hələ başlamadığı çətin bir dövrdə yaşayırıq. Amma, mövcud sistem bəşəriyyəti irəliyə aparıbdır.”

“Alcatel Lucent” şirkətinin rəhbəri Ben Vervayen deyib: “Kapitalizm, təşəbbüsün inkişaf etdiyi, insanların özlərində yaxşı xüsusiyyətləri ortaya qoymaq imkanı yaratdığı bir model olmuşdur. Lakin, artıq bu model, cəmiyyətin problemlərini həll etmək iqtidarında deyildir. Buna görə də, biz sistem barədə yenidən düşünməliyik.” 

“Wipro Ltd” hind şirkətinin prezidenti Azim Premci deyib ki, “Biz bu problemi dərk etməsək və onu həll etməyə çalışmasaq, o, dünya miqyasında xaotik üsyanın başlamasına şərait yarada bilər.” 

2008-ci il böhran göstərdi ki, dünyanın sosial-iqtisadi sistemi artıq çökmək üzrədir. Təsadüfi deyildir ki, Davos forumunda sistemin transformasiyası və alternativ modellərin axtarışı məsələsi gündəmə gəlmişdir. Maraqlıdır ki, dünyada maliyyə-kredit inhisarını əlində saxlayan və onu idarə edən qurumların (BVF, DB) rəhbərləri özləri sistemin dəyişdirilməsi məsələsini gündəmə gətirirlər. Deməli, onların özlərinin yeni iqtisadi və maliyyə-kredit sistemi modeli artıq mövcuddur.  

2008-ci il böhranının nəticələri bu gün nəinki aradan qaldırılıb, hətta, daha da dərinləşibdir. Böhranların günü-gündən dərinləşməsi, sistemin tədricən süqutunu yaxınlaşdırır. 

Kapitalizm nə qədər inkişaf edirsə, bir o qədər dünyada aşağıdakı problemlər dərinləşir:

1. Davamlı inkişafın qeyri-mümkünlüyü  

2. Gəlir bölgüsündə ədalətsizlik 

3. İşsizliyin dözülməz həddə çatması


1.2. Davamlı inkişafın qeyri-mümkünlüyü
Kapitalizm bir sistem kimi formalaşdığı dövrdən bu günədək müəyyən kiçik və böyük böhran dalğaları ilə müşayiət olunmuşdur. Bu baxımdan, Nikolay Kondratyevin böhran dalğaları bağlı qrafiki diqqəti cəlb edir.


Böhran dalğaları, davamlı inkişafı qeyri-mümkün edir. Yəni, istehlakçılar, şirkətlər, dövlətlər əldə etdikləri aktivləri böhran nəticəsində itirirlər. Bu isə, riski artırır və etimadlılığı azaldır. Belə bir şəraitdə iqtisadi inkişaf fenomeni sual altında qalır. 
Böhran dalğalarında bir qanunauyğunluq axtaran bəzi iqtisadçılar, o, olmasa da, onu tapmağa çalışırlar. Əgər belə bir qanunauyğunluq mövcud olsaydı, iqtisadçılar bu günədək proqnozlaşdırma yolu ilə dövlətləri əksər böhranlardan itkisiz çıxarardılar. Lakin, belə bir elmi nəzəriyyənin olmamasına baxmayaraq, iqtisadi sistemin bir təbiət hadisəsi kimi dəyərləndirilməsi prosesi davam edir. Çünki A. Smitin bazar iqtisadiyyatının özünüidarəedən bir mexanizm olması barədə ortaya qoyduğu aksiomatik yanaşma, bu doqmatikadan xilas olmağa mane olur.



Lakin, böhranların proqnozlaşdırmaq mexanizmi sırf iqtisadi deyil, siyasi-iqtisadi tədqiqatlar çərçivəsində mümkün ola bilər. Çünki böhranlar ilk öncə siyasi və sonra iqtisadi hadisə kimi meydana çıxır. Böhranlar öncəsi maraqlı və diqqəti çəkən məsələlərdən biri, cəmiyyətdə pula ehtiyacın artdığı ərəfədə, onun bazardan çəkilməsi hadisəsidir. Bu isə, bazara yüksək faizli kreditlərin daxil olmasına və istehlakçıların (şirkət və dövlətlərin) borclanmasına şərait yaradır. Bu iqtisadi-maliyyə böhranlarının kökünü, maliyyə siyasətinin real idarəçilərinin iradəsində və onların maraqları istiqamətində axtarmaq doğru olardı. “İnsan ehtiyacları sonsuzdur” tezisini müdafiə edən A. Smitin doqmasından çıxış etsək deyə bilərik ki, bu böhranların həddi də sonsuza (müharibələr, soyqırımlar və s) qədər davam edə bilər. Bu baxımdan, kapitalizm şəraitində böhran dalğaları iqtisadi sistemin deyil, bu sistemi idarə edən maliyyə-kredit oliqarxiyasının gəlirlərinin davamlı olaraq artan xətt üzrə yüksəlməsinə şərait yaradır. Onların mənafeləri ilə iqtisadi sistemin inkişafı toqquşduğu üçün, iqtisadi sistemin davamlı inkişafı onların mənafeləri tərs mütənasibdir. Maliyyə-kredit oliqarxiyasının gəlirləri davamlı olaraq artan xətt üzrə yüksəlməyəndə və iqtisadi sistem ona mane olanda ilk növbədə böyük böhranlar və ardınca böyük mühariblər meydana çıxır. Bunu, N. Kondratyevin qrafiki də təsdiq edir.

1.3. Gəlir bölgüsündə ədalətsizlik
BVF-nun baş iqtisadçısı Olivye Blanşar kapitalizm sisteminin böhranını gəlir bölgüsündə ədalətsizliyin dərinləşməsində görür. Dünya aktivlərinin 50%-dən çox hissəsi dünya əhalisinin 1%-dən az bir qrup insanın əlində cəmlənmişdir. Bu bərabərsizlik getdikcə daha da dərinləşir. 


Sürix (İsveçrə) Federal Texnoloji İnstitutunun elmi əməkdaşları Cems Qlatfelderin rəhbərliyi altında dünyada tanınmış 37 milyon şirkətin bir-biri ilə əlaqələrini müəyyənləşdirmək üçün, superkompüterlərin imkanlarından istifadə edərək çətin bir araşdırma işi aparıblar. Araşdırma nəticəsində məlum olub ki, 37 milyon şirkət 47 min şirkətin, onlar da 1318 şirkətin, onlar da 147 şirkətin filialları və qolları kimi fəaliyyət göstərirlər. 147 şirkət üzərində aparılan araşdırmalar təsdiq etmişdir ki, onlar da ilk 10 maliyyə şirkətlərinə bağlıdırlar (Barclays, Capital Group Companies, FMR Corporation, AXA, State Street Corporation, JP Morgan Chase, Legal & General Group, Vanguard Group, UBS AG, Merrill Lynch & Co Inc). Bu şirkətlərin ümumi aktivlərinin həcmi dünya ÜDM-nun 60%-ni təşkil edir. Ilk onluqda olan maliyyə şirkətlərinin də bir neçə superşirkətə daxil olması istisna olunmur. 
2001-2011-ci illərin araşdırmaları göstərir ki, dünya əhalisinin 71%-nin gündəlik gəliri 10 dollardan (USA) aşağıdır. Onların 15%-nin gəliri isə, 2 dolların (USA) altındadır (2001-ci ildə bu rəqəm 29% olmuşdur). Gündəlik gəliri 10-20 dollar (USA) həcmində olan əhalinin sayı isə, 13%-dən çox təşkil etmir. Gündəlik gəliri 20-50 dollar (USA) arasında olanların sayı orta hesabla 7%-dən çox təşkil etmir. 
Dünya İqtisadi Forumunun məlumatlarına görə, dünya əhalisinin 71%-i dünya aktivlərinin 3%-nə, 21 %-i 12.5 %-nə, 7.4 %-i 39.4 %-nə, 0.7 %-i 45.2 %-nə sahibdir. 


1981-2004-cü il araşdırmalarına görə, gündəlik gəlir səviyyəsi 1 dollara (USA) yaxın olan əhalinin yarısından çoxu şərqi və cənubi Asiya, cənubi Afrika ərazilərinə düşür. Latın Amerikası ölkələrində də bu səviyyədə olan əhalinin sayı 10 %-dən çoxdur. Dünya aktivlərinin ölkələrə görə bölgüsü göstərir ki, onların ən çox olduğu ölkələrin başında ABŞ, Yaponiya, Çin, Böyük Britaniya, Almaniya kimi ölkələr gəlir.


Lakin, transmilli şirkətlərin dünya aktivlərində payı daha çoxdur. Transmilli şirkətlərin dünya sənaye istehsalında payının 50% olması, dünya ticarətində payının 70% təşkil etməsi (onun 40%-nin transmilli şirkətlərin daxilində baş verməsi, texnoloji innovasiya və nou-hau həcminin 80 %-ni nəzarətdə saxlaması, ixracat əməliyyatlarının ABŞ-da 50%-ni, Böyük Britaniyada 80%-ni, Sinqapurda 90%-ni və dünyanın digər yerlərində yerinə yetirməsi, qiymətlərin bazar tərəfindən deyil, onlar tərəfindən təyin olunması, bu şirkətlərin büdcələrinin əksər dövlətlərin büdcələrindən qat-qat çox olması və digər bu kimi amillər bir daha göstərir ki, dünyada real iqtisadiyyat və siyasət məhz onların əlindədir. Bunu nəzərə almadan, nə iqtisadiyyat, nə də siyasət sahəsində real fikir söyləmək mümkün deyildir.


Göstərilən faktiki materiallar göstərir ki, dünya gəlir bölgüsündə böyük ədalətsizlik mövcuddur. Bunun əsas səbəbi transmilli şirkətlərin və maliyyə quruluşlarının dünya iqtisadiyyatı üzərində qurduqları nəhəng inhisar siyasətinin nəticəsidir. Dünyada yoxsulluğun səbəbini burada axtarmaq doğru olardı. Dünya aktivləri dünya əhalisi arasında ədalətli şəkildə bölünsəydi, dünyada nə yoxsulluq, nə də işsizlik problemi qalardı.   

1.4. İşsizliyin artması
Dünyada işsizlik problemi sürətlə artır. İşsizlik və yoxsulluq problemləri, həmçinin müharibələr dünyada miqrasiya proseslərinə səbəb olur. Afrika və Asiyadan gənc işsiz insanlar kütləvi şəkildə Avropa ölkələrinə sığınırlar. Onlar ucuz işçi qüvvəsi və qul əməyi kimi, kapitalistlərin iqtisadi maraqlarına cavab verirlər. Bu da, digər tərəfdən, avropalıların işsizlik səviyyəsinin artmasına səbəb olur. Yerli əhali ilə miqrantlar arasında narazılıqların yaranması və bunun siyasi hadisəyə çevrilməsi, kapitalistlərə cəmiyyəti manipulyasiya etmək imkanları yaradır. 


Bir tərəfdən, cəmiyyətdə multikultural mühit zənginləşərək multikulturalizm siyasətini labüd edir, digər tərəfdən sosial-mədəni qarşıdurma dərinləşərək irqçi antimultikulturalizm siyasətini meydana çıxarır. Hər iki halda Avropa cəmiyyətində mövcud olan liberal dəyərlər ortadan qalxır. Çünki multikulturalizm siyasəti liberlaizmin individualizm kredosunu kollektivizm ilə, milli dövlət paradiqmasını etnik-dini separatçılıq ilə əvəz edir. Deməli, işsizlik probleminin dərinləşməsi və müharibələrin artması nəticəsində meydana çıxan mövcud problemlər, kapitalistlərin Avropa üçün gətirmək istədikləri yeni dəyərlərin mövcudluğundan, həmçinin parçalanmış yeni Avropa planından xəbər verir.     
İşsizlik probleminin yaranmasının digər səbəblərindən biri, innovativ texnologiyanın inkişafı və onun sənayeyə tətbiqidir. Bu, bir tərəfdən, insan əməyinə olan tələbatın azalmasına, digər tərəfdən, insanların texnoloji inkişaf ilə ayaqlaşa bilməmələridir. Texnoloji inkişafın sürəti ilə təhsilin uzlaşması problemləri mövcuddur. Cəmiyyətdə bir çox ixtisas və peşələrin sürətlə öz aktuallığını itirməsi, təhsilin varlığını da sual altında qoyur. Yəni, texnoloji tərəqqiyə qoyulan sərmayə ilə təhsilə qoyulan sərmayə arasında tərs-mütənasiblik vardır. Çünki yeni informasiya əsrində insanın fiziki, mexaniki və sadə intellektual əməyinə deyil, onun mürəkkəb və texniki intellektual əməyinə ehtiyac yaranır. Bunun üçün isə, böyük bir insan kütləsinə deyil, seçilmiş intellektual azlığa ehtiyac vardır. Adi təhsil almaq imkanlarından məhrum olan milyonlarla, milyardlarla insanların taleyi necə olacaqdır? Bir zamanlar sənayenin inkişafı üçün, kəndlilərin şəhərlərə gəlməsini təmin edən, “qadın azadlığı” ideyası altında ucuz qadın əməyindən yararlanan kapitalistlər, bu gün artıq onlara ehtiyacının olmadığı bir təqdirdə hansı tədbirlərə əl ata bilərlər? 
Son dövrdə “qızıl milyard”, transhumanizm, transgender kimi anlayışların ortaya çıxması, buna paralel olaraq terrorçuluğun və muzdlu kamikadze ordusunun artması düşündürücüdür. 

1.5. Kapitalistlərin alternativ çıxış yolları
ABŞ dolları vahid dünya bazarının vahid real valyutasına çevrildiyi üçün, onun genişlənməsi imkanları 70-ci illərdən başlayaraq məhdudlaşdı. Çünki istehlakçıların, şirkətlərin və dövlətlərin kreditlərlə borclanması və borcların qaytarılmasının mümkün olmaması, dolların genişlənməsinin qarşısını aldı. Artıq, onun genişlənməsini təmin edən digər bazar da mövcud deyildir. Çünki dünyanın kənarında yeni bir bazar yoxdur və mövcud bazarda isə, tələbat aşağı düşmüşdür. Tələbatın olmadığı yerdə istehsal səviyyəsi, istehsala dayaq olan bankların kreditvermə imkanları və innovativ texnologiyalara tələbat azalır, gəlirlər hədsiz dərəcədə aşağı düşür. Mövcud vəziyyətdən müvəqqəti çıxış yolu kimi, iqtisadiyyatda devalvasiya mərhələsi başladı və onun ardınca iqtisadi böhran dünyanı əhatə etdi.
Mövcud vəziyyətdən çıxış yolunun axtarılması, ABŞ-da iki qrupun meydana çıxmasına səbəb olmuşdur. Bankirlər bankların əsas aktivləri borclar olduğu üçün, mövcud bank əməliyyatlarını davam etdirmək istəyirlər. Əks təqdirdə, bankların hamısı bağlanmaq məcburiyyətində qalacaqdır. Digərləri isə, istehsalın və tələbatın dayanmaması üçün, borcların silinməsini və kreditlərin istehlakçılara, şirkətlərə müflis olma həddinə qədər verilməsinin davam etdirilməsini istəyirlər. Lakin, banklarda olan borcların istehlakçıların aktivləri olduğunu nəzərə alsaq, onların silinməsi mümkün deyildir. O zaman, banklar öz etibarını itirərək müflis olar və bağlanarlar. 
Bu məsələ ətrafında kapitalist sistemi üç qrupa bölündü: maliyyəçilər, təcridçilər və ənənəçilər. Dünyanın hazırkı durumda vahid bir iqtisadi orqan kimi, vahid maliyyə strukturu kimi saxlamaq mümkün deyildir. Bunun üçün, kapitalistlər müxtəlif variantlar fikirləşiblər. Onları aşağıdakı kimi səciyyələndirmək olar: 
      1. Maliyyəçilər qrupu
Onlar maliyyə-kredit sisteminin istənilən yolla davam etməsini, təcridçilər isə, onun öz içinə çəkilməsini dəstəkləyirlər. Maliyyəçilər böhrandan çıxış yolu kimi, bütün dünyanın mərkəzi banklarının BVF-na bağlanmasını və onun tərəfindən idarə olunmasını istəyirlər. 2008-ci il böhranı ilə əlaqədar BVF-nun keçmiş sədri Dominik Strosskan tərəfindən bu ideya ortaya çıxarılanda, cinsi təcavüzdə ittiham olunaraq həbs edildi. Çünki FES, səlahiyyətlərinin əlindən alınaraq BVF-na bağlanmasını istəmirdi. Halbuki, 1913-cü ildə FES özü bu məqsədlə yaradılmışdı. Lakin, BVF, DB, ÜTT kimi qurumlar dünyanın iqtisadi-maliyyə sistemini öz idarələri altında mərkəzləşdirmək ideyasından əl çəkmirlər. Onlar dolların vahid valyuta kimi qorunmasını, digər valyutaların ona indeksləşməsini və dövlətlərə dollarla verilən kreditlərin faizləri hesabına sistemi saxlamağı nəzərdə tuturlar. Lakin, bunun üçün kripyovalyutaların dövriyyəyə girməsi labüddür. 
      2. Təcridçilər
FES, maliyyə hegemonluğunu ABŞ çərçivəsində qoruyub saxlamaq və ABŞ iqtisadiyyatını nəzarət altında saxlamaq məqsədini daşıyır. Artıq dünya üzərində iqtisadi-maliyyə hegemonluğundan əl çəkmək zərurətdir. Bu fikir, əsasən Rokfellerlər qrupu tərəfindən dəstəklənir. ABŞ prezidenti D. Tramp da bu qrupun təmsilçilərindən hesab olunur. 
      3. Ənənəçilər
Onlar vahid maliyyə strukturunun qoruyub saxlanılmasını deyil, dünyanın fərqli valyutalarla idarə olunan müxtəlif iqtisadi zonalara bölünməsini, bu zonalarda milli valyutaların dövr etməsi fikrini dəstəkləyirlər. Lakin, onlara görə, kiçik zonaların və dövlətlərin sayı nə qədər çox olsa, bir o qədər onları idarə etmək asan olar. Çünki böyük birliklər (Məsələn, Çin, Hindistan, Avropa, ABŞ, Avrasiya, CAR, Latın Amerikası) heç bir vasitəçi olmadan öz aralarında uzlaşa bilərlər. Onların valyutaları və iqtisadi sistemləri arasında əlaqənin təmin olunması məsələsi gündəmə gələcəkdir. Bu əlaqənin yaradılması və idarə olunması məsələsini onlar nəzarətə götürmək istəyirlər. Lakin, sistemin kiçik elementlərdən təşkil olunması üçün, onun separatçılıq vasitəsilə bölünməsi və sonra mürəkkəb strukturlarda birləşdirilməsi lazımdır. Bu planı dəstəkləyən Rotşildlər iqtisadi-maliyyə idarəetmə mərkəzini Avrasiya məkanına (Honq-Konq) köçürməyi planlaşdırırlar. Onlar iqtisadi sistemlər arasında koordinasiyasının qızıl üzərində formalaşmasını istəyirlər. Yəni, bölgələrin valyutaları arasında keçidlərdə, iqtisadi əlaqə və hesablaşmalarda əsas meyar qızıl olmalıdır. Yəni, bir iqtisadi bölgə ilə digəri arasında ticarət əlaqələrində, satılan və alınan malların qiymətləri qızılın qiyməti ilə ölçüləcək və qızıl ilə alınıb satılacaqdır.
ABŞ-ın dünyada enerji resursları üzərində hegemonluğu, ona dünya iqtisadiyyatında və maliyyə siyasətində manevrlər etməyə imkan verir. Əksər ölkələrin öz emissiyasını həyata keçirmək hüququndan məhrum edilməsi və dövriyyəyə buraxılan milli valyutaların bazasında müvafiq dollar həcminin faiz ilə mərkəzi banklara yerləşdirilməsi və BVF, DB, FES kimi transmilli qurumların bu maliyyə mexanizminə nəzarət etməsi, milli dövlətlərin transmilli qurumlar tərəfindən işğal edilməsinə şərait yaradır. Bu tendensiya, qlobal dollar səltənətinə qarşı regional-sivilizasyon qruplaşmaları intensivləşdirir.
Çin və Böyük Britaniya tərəfindən ortaya qoyulan və maliyyələşdirilən “İpək Yolu” layihəsi yalnız bir ticarət deyil, həmçinin böyük bir enerji layihəsi kimi ABŞ-ın dünya enerjisi üzərində hegemonluğuna son qoyur və onun üzərində dayanan dolların zəifləməsinə şərait yaradır. Bu layihə, bu yol üzərində olan ölkələrin iqtisadi və siyasi əhəmiyyətini artırır. Bu yol üzərində əsasən müsəlman ölkələrinin olduğunu nəzərə alsaq, yaxın gələcəkdə onların iqtisadi-siyasi birlikləri əsasında regional-sivilizasyon valyutalarının meydana çıxması ehtimalını irəli sürmək olar. Xüsusilə, bunun ilk növbədə Avrasiya məkanında baş tutması mümkündür. Çünki Orta Asiya, Azərbaycan, Türkiyə və Yaxın Şərq ölkələri istər-istəməz bu layihədə bir araya gəlməli, Çin və Avropa ilə yaxın əməkdaşlıq etməlidirlər. Lakin bu layihənin reallaşması ilə öz qüdrətinin itirən güclər, təbii ki, bu xəttin üzərində böyük müharibə dalğası yaratmaq fikrindən əl çəkməyəcəkdir. 

1.6. İslam iqtisadiyyatı və Milli İqtisadi Model (MİM)
Alternativ iqtisadi modellər nəzəri şəkildə mövcud olmuşdur. Məsələn, İslamda iqtisadi modelin varlığı barədə ortaya qoyulan tədqiqat əsərləri XX əsrin ortalarından başlayaraq meydana çıxmışdır. Bu dövrədək müsəlmanlar şəriət qanunlarının fövqündə ayrıca bir iqtisadi təlim yaratmaq barədə düşünməmişlər. İbn Xəldunun tədqiqatlarında iqtisadi nəzəriyyələrin təməli qoyulsa da, ayrıca bir elm sahəsi kimi inkişaf etməmişdir. Lakin, XVII-XVIII əsrlərdən başlayaraq, Qərbdə iqtisadi nəzəriyyələrin meydana çıxması və onların tətbiqi, müsəlmanları da düşündürmüşdür. Onlar şəriətin ayrılmaz hissəsi olan sosial ədalət prinsiplərini ayrılıqda tədqiq edərək, İslamda iqtisadi baxışların nəzəri əsaslarını formalaşdırmışlar. Artıq bir neçə müsəlman ölkəsində islam iqtisadi prinsipləri praktiki olaraq reallaşmışdır. Bu gün, İslam banklarının yalnız müsəlman ölkələrində deyil, həmçinin Avropa ölkələrində geniş yayılması bunun bariz nümunəsidir. 
İslamda iqtisadiyyat prinsipləri barədə bir çox tədqiqat işləri aparılsa da, sistemli bir tədqiqat işi XX əsrin sonuna kimi meydana çıxmamışdır. Lakin, son dövrdə Türkiyə tədqiqatçısı professor Haydar Baş Milli İqtisadi Modeli (MİM) adı altında ümumbəşəri bir iqtisadi model ortaya qoymuşdur. Onun modeli, müasir dünyada kapitalizm və sosializm iqtisadi sistemlərinə alternativ kimi meydana çıxmışdır. 
MİM-də həm xüsusi mülkiyyət, həm də dövlət institutu qarşılıqlı əməkdaşlıq nəticəsində bir-birini tamamlayır və paralel şəkildə inkişaf edirlər. Dövlət iqtisadi sistemi işə salmaq üçün, müstəqil emissiya siyasəti aparır. Dövlət, istehsalı və innovativ texnologiyaları işə salmaq üçün, istehlakçıların gəlirlərini yüksəldir və tələb-təklif balansını emissiya siyasəti ilə tənzimləyir. Eyni zamanda, istehsalçılara dəstək olmaq üçün, dövlət onlarla birlikdə ortaq layihələrdə iştirak edir və onların məhsullarının bazara çıxarılması və satılmasını təmin edir. Dövlət, həm senyorajdan, həm də istehsalçılarla birgə layihələrdən böyük gəlirlər əldə edərək, sosial yardımları artırır və sosial dövlətə çevrilir. İnsanların gəlirləri artır və bu istehsalın inkişafına təkan verir, istehsalçının risklərini dövlət öz üzərinə götürür. Belə bir şəraitdə, sahibkarlıq fəaliyyəti və iqtisadi inkişaf yüksək bir dinamika ilə irəli getmək məcburiyyətindədir. Bu, cəmiyyətdə insanların dövlətə, bir-birinə etimadını, mənəvi dəyərləri artırır. Çünki bu sistemdə insanları istismar edən kredit sistemi, cəmiyyəti istismar edən bürokratik sistem yoxdur. Bu model, cəmiyyət və dövlətin qarşılıqlı inkişafını təmin edən bir ailə modelidir. O, vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında balansı qoruyub saxlayan bir mexanizmə malikdir. Bu baxımdan, MİM, kapitalizmin və sosializmin süquta uğradığı bir ərəfədə ortaya çıxan alternativsiz bir modeldir.  

Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

09:24 27.02.2025

Oxunuş sayı: 982

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR