Müsabiqə qalibi: “Yüksəliş”də qalib gəlməyin konkret resepti yoxdur -MÜSAHİBƏ
Azərbaycanda son illərdə insan kapitalının inkişafı istiqamətində həyata keçirilən mühüm layihələrdən biri olan “Yüksəliş” müsabiqəsi artıq özünü ölkənin ən nüfuzlu inkişaf platformalarından biri kimi təsdiqləyib. Peşəkarlıq, şəffaflıq və obyektiv qiymətləndirmə prinsipləri üzərində qurulan bu təşəbbüs fərqli sahələrdə fəaliyyət göstərən, idarəçilik bacarıqları və liderlik potensialı ilə seçilən gənclərin üzə çıxarılmasına xidmət edir. Layihə yalnız müsabiqə formatı ilə deyil, eyni zamanda iştirakçıların şəxsi və peşəkar inkişafına yaratdığı imkanlarla da diqqət çəkir. Bu gün əvvəlki illərin iştirakçıları və qaliblərinin müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərməsi, idarəetmə və qərarvermə proseslərində fəal iştirak etməsi “Yüksəliş”in ölkənin kadr potensialının formalaşmasında oynadığı rolu aydın şəkildə göstərir.
Dövlətin gənclərə, bilik və bacarıqların inkişafına verdiyi önəmin nəticəsi olan bu platforma hər il yeni istedadların ortaya çıxmasına, onların potensialının daha geniş imkanlarla reallaşmasına şərait yaradır.
“Yüksəliş hekayəsi” rubrikasının bu dəfəki qonağı lll “Yüksəliş” müsabiqəsi qalibi, Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyevadır
– Sizin uğur yolunuzda “Yüksəliş” müsabiqəsinin rolu nə oldu və bu proses şəxsiyyətinizdə hansı əsas dönüş nöqtələrini yaratdı?
– “Yüksəliş” müsabiqəsində iştirak edəndə artıq rəhbər vəzifədə çalışırdım. Ona görə də karyeramda kəskin dönüş yaratdığını deməzdim. Amma inkişaf yolumda çox ciddi təsiri oldu. Ən böyük dəyişiklik düşüncə tərzimdə yarandı. Əvvəllər daha çox layihələrin uğurla tamamlanmasına fokuslanırdımsa, müsabiqədən sonra uzunmüddətli nəticələrə və daha geniş baxış bucağına diqqət etməyə başladım. Eyni zamanda, müxtəlif sahələrdən olan insanlarla tanış olmaq, əlaqələr qurmaq mənim üçün böyük üstünlük oldu. Bu gün hər hansı layihə zamanı həmin insanlarla rahat şəkildə əməkdaşlıq edə və onların təcrübəsindən yararlana bilirəm.
– Hansı bacarıq və keyfiyyətlərinizin qalib gəlməyinizdə əsas rol oynadığını düşünürsünüz?
– Məncə, “Yüksəliş”də qalib gəlməyin konkret resepti yoxdur. Bu, insanın düşüncə tərzi, həyata baxışı və özünü necə təqdim etməsi ilə bağlıdır. Mən hər zaman deyirəm ki, müsabiqədə özünüz kimi iştirak edin. Süni obraz yaratmağa ehtiyac yoxdur. Düşünürəm ki, mənim üstün tərəfim komanda işi olub. Mən komandada mütləq lider olmağa çalışmıram. Əksinə, lazım olan anda digər insanların bilik və bacarıqlarını prosesə cəlb etməyə üstünlük verirəm. Məsələn, mən marketinq və kommunikasiya sahəsində çalışıram, amma iqtisadi məsələlərdə komanda üzvlərinin biliklərindən istifadə etməyi vacib hesab edirəm. İnsanları ortaq məqsəd ətrafında toplamaq bacarığımın qalib olmağımda rolu olduğunu düşünürəm.
– Bu müsabiqədə iştirak edərkən qarşılaşdığınız ən çətin mərhələ hansı idi və siz bu çətinliyi hansı strategiya ilə aşdınız?
– Ən böyük çətinlik iş yükü ilə müsabiqə prosesini paralel aparmaq idi. Həmin dövrdə beynəlxalq layihələrdə iştirak edirdim və vaxtın idarə olunması ən böyük sınağa çevrilmişdi. Hətta elə hallar olurdu ki, xarici səfərdən qayıdıb birbaşa müsabiqənin mərhələsinə qatılır, sonra yenidən səfərə çıxırdım. Bu mərhələni prioritetləri düzgün müəyyən etməklə və vaxt bölgüsünü daha sistemli qurmaqla keçə bildim.
– “Yüksəliş” həm də öyrənmə mühitidir. Bu mühit sizə hansı yeni bacarıqları və düşüncə tərzini qazandırdı?
– Tamamilə razıyam ki, “Yüksəliş” öyrənmə platformasıdır. Mənə ən çox öyrətdiyi məqamlardan biri başqa insanların fikirlərini daha diqqətlə dinləmək oldu. Bəzən lider olaraq düşünürük ki, bizim qərarımız daha doğrudur. Amma proses göstərdi ki, digər insanların ideyaları da daha səmərəli nəticələr verə bilir. Mən öyrəndim ki, təkcə öz ideyanı həyata keçirmək yox, başqa insanların ideyasını da mərkəzə qoyub onun ətrafında komanda qurmaq mümkündür. “Biz edə bilərik” düşüncəsinə keçid mənim üçün əsas dəyişikliklərdən biri oldu.
– Liderlik anlayışını sizin üçün fərqləndirən əsas xüsusiyyətlər hansılardır və bu xüsusiyyətləri real həyatda necə tətbiq edirsiniz?
– Mənim üçün liderlik sadəcə idarəetmə deyil. Lider insanları motivasiya etməli, onlarda məqsədə inam yaratmalıdır. “Bu işi etməlisiniz” yanaşması deyil, “bunu birlikdə etsək hansı nəticəni əldə edəcəyik” yanaşması mənə daha yaxındır. Liderdə empatiya, dəyişikliklərə uyğunlaşma və riskləri öncədən görmək bacarığı vacibdir. Bugünkü dünya sürətlə dəyişir – texnologiyalar inkişaf edir, süni intellekt gündəlik həyata daxil olur, siyasi və iqtisadi dəyişikliklər baş verir. Lider komandasını bu dəyişikliklərdən keçirə bilməli və motivasiyanı qorumalıdır.
– Gənclərə və gələcək iştirakçılara tövsiyə olaraq, bu müsabiqəyə hazırlaşarkən hansı bacarıqların inkişafını vacib hesab edirsiniz?
– İlk növbədə cəsarətli olmaq lazımdır. “Yüksəliş”i yalnız qalib gəlmək üçün yox, özünü tanımaq və inkişaf etdirmək platforması kimi qəbul etmək vacibdir. Burada insan öz güclü və zəif tərəflərini daha yaxşı anlayır, inkişaf istiqamətlərini müəyyən edir. Mən gənclərə deyərdim ki, ilk cəhddə alınmasa belə ruhdan düşməsinlər. Çatışmayan tərəflər üzərində işləyib yenidən iştirak etsinlər. Mənim üçün müsabiqənin üç əsas üstünlüyü olub: yeni əlaqələr qurmaq (networking), özünü qiymətləndirmək və mentorlarla işləmək imkanı əldə etmək. Bu təcrübə insanın həm peşəkar, həm də şəxsi inkişafına ciddi təsir göstərir.
Ayhan Ağarzayev
Ayxan İbişov
15:24 13.06.2026
Oxunuş sayı: 64