Müsabiqə qalibi: "Yüksəliş" mənə anlamağa imkan verdi ki, dəyişiklik olmasa, inkişaf da olmayacaq
Son illərdə ölkəmizdə həyata keçirilən “Yüksəliş” müsabiqəsi qısa müddət ərzində cəmiyyətin böyük marağına səbəb olan, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanan nüfuzlu bir platformaya çevrilib. Layihənin əsas missiyası yüksək intellektual potensiala malik, idarəetmə bacarıqları ilə seçilən gəncləri üzə çıxarmaq, onların bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaratmaqdır. Bu təşəbbüs dövlətimizin insan kapitalının inkişafına, xüsusən də istedadlı və məqsədyönlü gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür. Müsabiqənin əvvəlki illərdəki finalçılarının bu gün ölkənin müxtəlif sahələrində mühüm qərarların icrasında yaxından iştirak etməsi “Yüksəliş”in praktiki nəticələrinin və təsir gücünün ən parlaq göstəricisidir. Layihə həm idarəetmədə innovativ yanaşmanı təşviq edir, həm də keyfiyyətli kadr ehtiyatının formalaşmasına sistemli şəkildə töhfə verir. Hər il üzə çıxarılan onlarca istedadlı gəncin inkişaf üçün yeni perspektivlər qazanması proqramın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
"Yüksəliş hekayəsi" rubrikası çərçivəsində bu dəfəki müsahibimiz III “Yüksəliş”müsabiqəsinin qaliblərindən biri olan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirovadır:
- Sizin uğur yolunuzda "Yüksəliş" müsabiqəsinin rolu nə oldu və bu proses şəxsiyyətinizdə hansı əsas dönüş nöqtələrini yaratdı?
- Karyerama təhsil sahəsində başlamışam. Ondan sonra neft-qaz sektoruna, özəl sektora keçdim və bir neçə şirkətdə çalışdım. Yəni müxtəlif təcrübələr qazanmışdım. "Yüksəliş" isə bu karyeramı və təcrübəmi bir xətt üzrə görməyə imkan verdi. Mən orada tanımadığım güclü insanlarla bir komandada, müəyyən bir dövr ərzində müsabiqədə iştirak etdim. Bu, əslində nələrə qadir olduğumu görmək və özümü sınamaq üçün çox gözəl bir platforma oldu. Dəyişikliyə gəldikdə isə, düşünürəm ki, ən böyük dəyişiklik məndə yaranan cəsarət oldu. Buna qədər müəyyən bir komfort zonamda idim, sabitliyə daha çox önəm verirdim, müəyyən planlarla, bəlli proqnozlarla yaşayırdım. Amma "Yüksəliş" mənə anlamağa imkan verdi ki, dəyişiklik olmasa, inkişaf da olmayacaq. Daha cəsarətli olmaq, dəyişikliklərdən qorxmamaq artıq mənim mənimsədiyim bir prinsipdir. Bu prosesdən sonra mənim üçün daha rahatdır; qərarlarımı verərkən "bu, inkişafıma nə fayda verə bilər?" sualını əsas tuturam.
- Bu müsabiqədə iştirak edərkən qarşılaşdığınız ən çətin mərhələ hansı idi və siz bu çətinliyi hansı strategiya ilə aşdınız?
- Müsabiqə bir neçə mərhələdən ibarətdir. İlk mərhələlərdə dünyagörüşü, məntiq və analitik düşüncə yoxlanılır. Əsas iki mərhələdən sonra yarımfinal mərhələsi gəlir. Mənim üçün düşünürəm ki, ən çətin və əsas mərhələ final oldu. Bunun isə üç əsas səbəbi var. Birincisi, bu, qalibiyyətə ən yaxın mərhələ idi və bu mərhələdə qalib olmamaq mənim üçün çox çətin olardı. İkincisi, final mərhələsində "mentor keysi" olur. Ölkənin aparıcı qurum rəhbərləri, nazirlər müsahibə masası arxasında əyləşir, sən bir keys üzərində çalışırsan və həmin mentordan qiymət alırsan. Bu həm qürurvericidir, həm də mənim üçün çox ciddi bir məsuliyyətdir. Üçüncüsü isə odur ki, final mərhələsində qısa müddət ərzində müxtəlif sahələrdən təcrübəyə malik, heç tanımadığın insanlarla bir komanda olmağa və bir keys üzərində işləməyə çalışırsan. Həmçinin, bu müddət ərzində öz bilik, bacarıq və təcrübəni də nümayiş etdirməlisən ki, qalib olasan. Hər ikisini eyni vaxtda etmək müəyyən qədər çətindir. O baxımdan final mərhələsi mənim üçün nisbətən çətin oldu. Amma həm mentor keysindən yüksək bal qazanmağım, həm də qalib olmağım onu göstərdi ki, mən bunu bacardım. Qeyd edim ki, burada əsasən komandanı dinləyərək qalib gəldiyimi düşünürəm.Əsas strategiyam komandanın lideri olmaq deyil, komandanın tərkib hissəsi olmaq, insanlar arasında bir körpü yaratmaq idi. Bəlkə də bu, beynəlxalq şirkətlərdə, müxtəlif ölkələrdən olan insanlarla işləmək təcrübəmdən irəli gəlir. Yəni əsas məqsəd sadəcə fərdi şəkildə qalib olmaq deyil, bir komanda olaraq qısa müddətdə çalışmaq və həqiqətən də problemi həll edəcək yolu tapmaq idi.
- Qələbənizi yalnız fərdi və akademik nailiyyət kimi deyil, həm də cəmiyyət üçün bir məsuliyyət, bir töhfə kimi necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, bu müsabiqə cənab Prezidentin 2019-cu il 26 iyul tarixli sərəncamı əsasında təşkil olunub. İkincisi, qaliblərin adı dövlətin Kadr Ehtiyatı Bankına daxil edilir. Artıq burada dövlət sənə deyir ki, mən sənə güvənirəm. Bu etimadın özü bizim üçün böyük bir öhdəlik və məsuliyyətdir. Final mərhələsində ölçülən meyarlardan biri də məhz sosial məsuliyyətdir. Artıq burada "sən nə qazanacaqsan?" yox, "sən cəmiyyətə nə verə bilərsən?" sualı ön plana çıxır. Məncə, bu təsadüfi deyil. O baxımdan məsuliyyət konkret bir amildir. Bizə göstərilən bu etimadı boş sözlərlə deyil, həqiqətən gördüyümüz işlərlə doğrultmalıyıq. Çünki qaliblərimiz demək olar ki, bütün sahələri təmsil edirlər, hər biri öz işinin peşəkarıdır və böyük təcrübəyə malikdir. Onlar artıq öz sahələrində gördükləri işlərlə bu etimadı doğruldaraq ölkəmizə, cəmiyyətimizə və insanlarımıza fayda verirlər. Bu qələbəni artıq sadəcə şəxsi status kimi yox, özləri üçün bir borc kimi qəbul edib fəaliyyətlərini o cür həyata keçirirlər.
- Bəs liderlik anlayışını sizin üçün fərqləndirən əsas xüsusiyyətlər hansılardır və bu xüsusiyyətləri real həyata necə tətbiq edirsiniz?
- Liderliyin mənim üçün bir neçə əsas göstəricisi var. İlk öncə, özündən sonra kadrlar, insanlar yetişdirə bilməkdir. Və bu insanların yetişməsi üçün uyğun mühit yarada bilməkdir. İkinci məsələ, ünsiyyət və kommunikasiya məsələsidir. Təcrübəm göstərir ki, sənin çox gözəl, hətta ideal bir fikrin, ideyan ola bilər. Amma sən onu qarşı tərəfdəki insana düzgün çatdıra və düzgün ifadə edə bilmirsənsə, o ideya artıq öz dəyərini itirir. Ona görə də insanları dinləyib başa düşmək, eyni zamanda da öz fikrini onlara düzgün çatdırmaq çox vacibdir. Üçüncüsü isə ədalət və fədakarlıqdır. Bunu nə mənada deyirəm? Heç bir vəzifə və ya status "mən hər şeyi bilirəm" demək deyil. Ona görə də daim inkişafa can atmaq, "daha nəyi yaxşı öyrənə bilərəm?", "özümə və cəmiyyətə nə töhfə verə bilərəm?" suallarına cavab axtarmaq lazımdır. Lider daim öyrənməyə can atan bir insandır.
-Bəs, sizcə, həqiqi bir liderdə ən əsas xüsusiyyət nədir?
- Liderlik əslində bizim əvvəllər anladığımız o ənənəvi "rəhbər" anlayışından artıq çıxıb. Lider — komandasına dəstək olan, komandasının səsini eşidən, komandasının arxasında duran şəxsdir. Çünki artıq təkbaşına parlamaq mümkün deyil. Sən hər hansı bir nəticə əldə edirsənsə, bunu yanındakı insanlarla birgə əldə edirsən. Ona görə də lider, məhz komandasının inkişafına meylli olan, həm özü inkişaf edən, həm də komandasını inkişaf etdirən şəxsdir.
- Sizin uğurunuzda komandanızın rolu varmı?
-Əlbəttə. Mən fərqli sahələrdə layihələr idarə etmişəm və hər zaman görmüşəm ki, heç bir rəhbər təkbaşına nəyisə əldə edə bilməz. Əgər onun arxasında, yanında həqiqətən də peşəkar, ona inanan və güvənən komandası yoxdursa, heç nə əldə etmək mümkün deyil. Nəsə əldə edilsə belə, bu, çox qısamüddətli bir uğur olacaq.
- Bəs gənclərə və gələcək iştirakçılara tövsiyə olaraq, bu müsabiqəyə hazırlaşarkən hansı bacarıqların inkişafını vacib hesab edirsiniz və nələrə daha çox önəm verməlidirlər?
- Burada əsas bacarıqlar kommunikasiya və komanda işidir. Bunlar da qeyd etdiyim kimi, fikrini düzgün ifadə edə bilmək bacarığına dayanır. Situasiyanı analiz etmək bacarığı çox önəmlidir. Mən onlara tövsiyə edərdim ki, düşdükləri situasiyalara daim kənardan baxıb analiz etməyi öyrənsinlər və strateji həllərə yönəlməyə çalışsınlar. İndiki dövrdə hər bir işin uzunmüddətli və davamlı olması vacib olduğu üçün, onlar da atacaqları addımların davamlılığını düşünsünlər. Bir də, insanları eşitməyi, dinləməyi öyrənsinlər. Lakin bu sadaladıqlarım elə xüsusiyyətlərdir ki, onları bir gecədə inkişaf etdirmək qətiyyən mümkün deyil. Ona görə də tövsiyəm odur ki, mütəmadi olaraq öz üzərlərində işləsinlər və bu yolla "Yüksəliş" və bu kimi müsabiqələrdə qalib gələ bilsinlər.
- Sizin gələcək planlarınız nədən ibarətdir və qazandığınız bu uğuru daha geniş ictimai faydaya necə çevirməyi düşünürsünüz?
- Dediyim kimi, karyeraya başladığım sahə təhsil və dövlət sektoru olub. "Yüksəliş"dən sonra mən yenidən başladığım yerə, yəni təhsil sahəsinə qayıtdım. Hazırda təhsilin inkişafı və idarə edilməsi sahəsində çalışıram. Düşünürəm ki, qarşıdakı məqsədlərim məhz təhsil sferasında, bu cür önəmli bir sahədə insanlara töhfə verə bilməkdir. Çünki bir müddətdən sonra anlayırsan ki, müxtəlif sahələrdə əldə etdiyin təcrübənin yalnız sənin üçün işləməsi gözəldir, amma bunu ölkənə, dövlətinə fayda kimi qaytarmaq lazımdır. Ona görə də maksimum çalışıram ki, indiyə qədər əldə etdiyim təcrübəni yeni bir konseptlə təhsil sahəsində tətbiq edim. Bununla yanaşı, həm bir mentor, həm də bir müəllim kimi fəaliyyət göstərir və gənclərin inkişafına dəstək olmağa çalışıram. Belə deyim də, bir uğuru ictimai faydaya çevirməyin ən böyük yolu onu paylaşmaq və özündən sonra bir dəyər qoya bilməkdir.Əgər sən yaxşı bir rəhbər olmaq istəyirsənsə, məsələ sənin vəzifədə olduğun dövr deyil, sən getdikdən sonra o sistemin və insanların necə işlədiyidir. Sən olmadıqdan sonra sənin yaratdığın dəyər öz sözünü deyir. Mən də çalışıram ki, o sistemi və dəyəri elə yarada bilim ki, mən orada olmadıqda belə o, özünü müsbət tərəfdən göstərə bilsin.
- Həm iştirakçılara, həm də oxuyuculara son olaraq nə demək istərdiniz?
-Çox gözəl bir ifadə var: "Min millik yol bir addımdan başlayır". Məncə, elə mənim üçün də "Yüksəliş" məhz o atılan ilk addım idi. Nəticəsindən asılı olmayaraq, o addımı atmaq lazımdır ki, özünüzdə etdiyiniz o dəyişiklik sizi mütləq irəliyə apara bilsin. Heç zaman mükəmməl vaxtı gözləməsinlər, çünki mükəmməl vaxt heç vaxt gəlmir. Həmişə nəsə problemlər, tərəddüdlər və maneələr olur. Buna baxmayaraq, o addımı atsınlar. İnanıram ki, bunun nəticəsini və bəhrəsini mütləq görəcəklər.
Turqut Ansari
14:35 31.07.2026
Oxunuş sayı: 59