Mal ətindən asılılıq azala bilər
Azərbaycanda heyvandarlıq sektorunun inkişafı, süd və mal əti istehsalının artırılması, eləcə də idxaldan asılılığın azaldılması istiqamətində müəyyən edilən yeni hədəflər ekspertlər tərəfindən müsbət qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, mövcud potensialdan düzgün istifadə olunacağı təqdirdə qarşıya qoyulan göstəricilərə nail olmaq mümkündür. Xüsusilə işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması, intensiv istehsal modelinə keçid və dövlət proqramında nəzərdə tutulan tədbirlərin səmərəli icrası heyvandarlıq sahəsində məhsuldarlığın artırılmasına mühüm töhfə verə bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı - ekspert Rəşad Həsənov bildirib ki, həm süd, həm də mal əti istehsalı üzrə dövlət proqramında müəyyən edilmiş hədəflərə çatmaq üçün kifayət qədər geniş imkanlar mövcuddur: "Düşünürəm ki, həm süd istehsalı, həm eyni zamanda mal əti istehsalı sahəsində dövlət proqramı çərçivəsində qarşıya qoyulan hədəflərə nail olunması imkanları kifayət qədər genişdir. İlk növbədə bu istiqamətdə potensial yüksəkdir. Ekstensiv istehsal modelindən intensiv modelə keçidin özü məhsuldarlığı artırmaqla yanaşı, eyni zamanda nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərin maldarlıq sahəsinin inkişafı aspektindən kifayət qədər böyük resursları vardır və ən qısa müddətdə müvafiq resursları iqtisadiyyata inteqrasiya etməklə ölkədə ümumi istehsalın həcmini kifayət qədər artırmaq mümkündür. Burada sadəcə prosesin düzgün idarə edilməsi, dövlət proqramı çərçivəsində qarşıya qoyulan tədbirlərin icrasının səmərəli şəkildə təşkil edilməsi, resursların ədalətli bölüşdürülməsi və eyni zamanda kompaktlaşdırma istiqamətində tədbirlərin görülməsi bu hədəflərə nail olunması, hətta bundan daha yüksək nəticələrin əldə edilməsi ilə bağlı potensial formalaşdırır”.
İqtisadçı qeyd edib ki, süd və mal əti üzrə idxaldan asılılığın azaldılması məsələsinə ayrı-ayrılıqda yanaşmaq lazımdır: “Lakin hədəflər təmin edildikdən sonra bunun Azərbaycanın idxaldan asılılığına necə təsir edəcəyi məsələsi müvafiq iki məhsul üzrə ayrı-ayrı qiymətləndirilməlidir. Çünki süd məhsulları üzrə hazırda idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Belə ki, 2024-cü ilin məlumatları əsasında qiymətləndirmə aparsaq, ölkədə 2,3 milyon ton süd istehsalı var və idxalın həcmi 700 min ton təşkil edir. Yəni ümumi tələbat təxminən 3 milyon ton ətrafındadır. Son dörd ildə istehsalın həcmi 3,4 faiz artdığı halda, idxalın həcmi 72 faiz artıb. Bu şərtlər daxilində proqnozlaşdırılan 11 faizlik artım həyata keçərsə, 2030-cu ildə əlavə təxminən 255 min ton süd istehsalı imkanı yaranacaq. Bu da daxili istehlakla mövcud istehsal arasındakı fərqin təxminən 30 faizini əhatə edir. Yəni ümumiləşdirsək, süd istehsalı sahəsində qarşıya qoyulan hədəflərə nail olunması nəticəsində ən yaxşı halda idxaldan asılılığın təxminən 30 faiz azalması və illik 700–750 min ton idxal səviyyəsinin 455–500 min tonadək enməsi mümkün ola bilər”.
R.Həsənovun sözlərinə görə, mal əti istehsalı üzrə vəziyyət fərqlidir və bu sahədə idxaldan asılılığın tam aradan qalxması mümkündür: “Amma müvafiq məsələ mal ətinə münasibətdə fərqlidir. Çox böyük ehtimalla, hədəfə nail olunduğu təqdirdə mal ətindən asılılıq aradan qalxa bilər. Hazırda ölkədə illik mal əti istehsalı təxminən 150 min ton təşkil edir. Son dörd ildə bu istiqamətdə 5,4 faizlik artım baş verib. İdxalda da artım müşahidə olunur, lakin ümumi idxalın həcmi təxminən 20 min ton ətrafındadır. Əgər qarşıya qoyulan 20 faizdən artıq istehsal artımı təmin olunarsa, bu, il ərzində əlavə təxminən 32 min ton mal əti istehsalı deməkdir. Bu isə həm növbəti illərdə tələbatın artması nəticəsində yaranacaq ehtiyacın qarşılanmasına, həm də mövcud idxalın tam əvəzlənməsinə imkan yaradır. Yəni məsələni ümumiləşdirsək, süd istehsalı sahəsində qarşıya qoyulan hədəflərə nail olunması ölkədə südə olan tələbat üzrə idxaldan asılılığı təxminən 30 faiz azalda bilər. Amma mal əti üzrə hədəflərin reallaşması ölkənin tələbatının tam şəkildə daxili resurslar hesabına ödənilməsinə imkan yarada bilər. Təbii ki, gələcəkdə də bu məhsulun idxalı davam etdirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, həmin məhsulun ixracı da mövcuddur. Ola bilər ki, Azərbaycanda istehsal olunan məhsul müəyyən bazarlara ixrac olunsun və paralel olaraq ölkəyə xaricdən də ət məhsulları gətirilsin. Amma yerli istehsalın daxili tələbatı ödəməsi baxımından dövlət proqramının icrası xüsusilə mal əti sektorunda ciddi nəticələr verə bilər”.
Zeynəb Həsən
16:06 13.06.2026
Oxunuş sayı: 63