Aqrar sahə ilə bağlı qanunlara dəyişiklik edilir
Azərbaycanda “Aqrar sahə haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişiklik ediləcək.
Crossmedia.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bu barədə məlumat verilib.
Dəyişikliklərin Mülki Məcəlləyə, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlara şamil olunacağı bildirilib.
Belə ki, Mülki Məcəllədə “kənd təsərrüfatı kooperativi” anlayışının “aqrar kooperativ”, “kənd təsərrüfatı məhsulları” anlayışının isə “aqrar məhsullar” anlayışı ilə əvəz edilməsi nəzərdə tutulur.
“Büdcə sistemi haqqında” qanuna “aqrar subsidiya” anlayışı daxil ediləcək.
Bitkiçilik və bitki sağlamlığı ilə bağlı məsələlərin “Aqrar sahə haqqında” qanun layihəsinin 4-cü fəslində tənzimlənməsi ilə əlaqədar “Fitosanitar nəzarəti haqqında” qanunda “fitosanitar xidməti” ilə bağlı bir sıra müddəalar, o cümlədən müvafiq anlayış və fəsil ləğv ediləcək.
Həmçinin “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda bir sıra terminoloji dəyişikliklərin edilməsi nəzərdə tutulur.
10:06 07.10.2026
Oxunuş sayı: 54