Azərbaycanın nəqliyyat sisteminin dünəni, bu günü və sabahı

Ölkəmiz 35 il öncə sovet imperializminin caynaqlarından qurtulduqdan sonra müstəqil Azərbaycan qarşısında duran ən əhəmiyyətli çağırışlardan biri və bəlkə də birincisi mövcud nəqliyyat sisteminin və onun bütün elementlərinin yenidən qurulması, eyni zamanda yeni nəqliyyat infrastrukturunun formalaşdırılması idi. Müstəqilliyimizin ilk illərində baş vermiş birinci Qarabağ müharibəsi və ölkənin siyasi kursunda olan qeyri-müəyyənliklər bütövlükdə bir tənəzzülə gətirib çıxarmışdır. Bu tənəzzülün nəticələrindən biri də ölkəmizin nəqliyyat sisteminin iflic vəziyyətə düşməsi idi.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi nəqliyyat sahəsində də intibah dövrü başladı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda tərəqqinin əsas təkanverici qüvvəsinə çevrildi. Tarix göstərdi ki, bu müqavilə sonradan ölkə iqtisadiyyatının sürətlə böyüməsinin təməl amillərindən biri oldu. “Əsrin müqaviləsi” Azərbaycan neftinin dünya bazarlarına ixracını təmin etməklə ölkəyə ciddi maliyyə imkanlarını yaratdı. İlk illərdə “Əsrin müqaviləsi”ni icra etmək üçün Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərindən istifadə edilirdi. Lakin hasilatın gələcəkdə dəfələrlə artması proqnozları yeni bir layihənin başlanmasını tələb edirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə artan hasilat proqnozlarına uyğun olaraq daha yüksək keçiricilik qabiliyyətinə malik olan, optimal ixrac marşrutunun təhlilləri başlandı. Nəticədə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin təməli qoyuldu.
Ümummilli Liderin digər uğurlu layihəsi "Böyük İpək Yolu”nun bərpası oldu. 1993-cü ildə Brüssel şəhərində keçirilən konfransda TRASECA Proqramının (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) icrasına dair razılaşma əldə olundu. Bu konfransın keçirilməsində əsas təşəbbüskarlardan biri məhz Azərbaycan tərəfi idi. Tarix bir daha sübut etdi ki, TRASECA sonradan ölkəmizin ərazisindən keçəcək Şərq-Qərb dəhlizinin təməlinə çevrildi.
İstər “Əsrin müqaviləsi” və onun nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, istərsə də TRASECA layihəsi faktiki olaraq ölkəmizin nəqliyyat strategiyasını müəyyən etmiş oldu. Bu strategiyanın əsasını neft ixracından daxil olan maliyyə vəsaitləri hesabına Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirməklə ölkə əhalisi üçün nəqliyyatın əlçatanlığını və nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəltmək təşkil edirdi.
2003-cü ildə ölkə əhalisinin böyük əksəriyyətinin səsini qazanaraq hakimiyyətə gələn ölkə başçısı, cənab İlham Əliyev həmin strategiyanı uğurla davam etdirməyə başladı. Bu dövr ərzində dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilmişdir. Məhz, dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə son 20 ildə ölkəmizin nəqliyyat sistemində çoxsaylı iri investisiya layihələri icra edildi.
Cari ilin yanvar ayında cənab Prezidentin keçirdiyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə həmin layihələrin nəticələri bir daha geniş ictimaiyyətə çatdırılmışdır.
Belə ki, müşavirədə qeyd olunduğu kimi müvafiq dövr ərzində nəqliyyatın bütün növləri üzrə inkişaf tendensiyaları müşahidə edilmişdir.
Bu illər ərzində 21000 km uzunluğunda avtomobil yolları şəbəkəsi tikilmiş və ya təmir edilmişdir. Nəticədə bir tərəfdən şəhər, qəsəbə, kənd yollarının yenidən qurulması sayəsində ölkə əhalisi daha rahat və sürətli nəqliyyat xidmətlərindən istifadə etmək imkanına sahib olmuş, digər tərəfdən isə ölkə sərhədlərini birləşdirən avtomagistralların yenilənməsi nəticəsində tranzit yük daşımalarının həcmi sürətlə artmışdır. Məlumdur ki, avtomobil nəqliyyatı ölkəmizin nəqliyyat sistemində istər yük, istərsə də sərnişin daşımalarda xüsusi çəkisinə görə ilk yerdə durur. Bu baxımdan avtomobil yollarının tikintisi və təmiri ilə yanaşı köməkçi infrastruktur layihələrinin də icrası olduqca əhəmiyyətlidir. Cənab Prezident tərəfindən müşavirədə qeyd olunduğu kimi, son 20 ildə 335 körpü və yol ötürücüsü tikilməsi, 45 tunel, 163 yerüstü və ya yeraltı piyada keçidlərinin inşası da öz növbəsində avtomobil nəqliyyatının səmərəliliyini artıran digər amillər sırasında qeyd oluna bilər.
Bu illər ərzində Azərbaycanın dəmir yolu şəbəkəsi də əsaslı dəyişikliklərə məruz qalmışdır. Belə ki, 1500 km-dən çox yeni dəmir yolu şəbəkəsi salınmış, 1800 km dəmir yolu şəbəkəsi təmir olunmuşdur. Bu dövr ərzində yeni qatar və vaqonların alınması ilə paralel olaraq uzunluğu 90 km olan Abşeron dairəvi dəmir yolu xətti istifadəyə verilmişdir. Həmin xətt Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli nəqliyyat layihəsidir.
Dəmir yolu sektorunda əldə olunmuş uğurlar sırasında TRASECA layihəsinin çərçivəsində planlaşdırılmış və Şərq-Qərb nəqliyyat dəhlizinin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars xəttinin inşası xüsusi qeyd olunmalıdır. Dünyanın ən iri 100 layihəsindən biri hesab edilən Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iradəsi ilə həyata keçirilmişdir. 2017-ci ildə istifadəyə verilmiş bu layihənin hazırkı daşıma qabiliyyəti 5 mln. tona çatdırılmıdır.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi olan Sumqayıt-Yalama dəmiryol xəttində yenidənqurma layihəsi çərçivəsində işlərin 80%-i yekunlaşmışdır. Bu layihə dəhlizin keçiricilik qabiliyyətinin artmasını təmin edəcəkdir. Cənab Prezidentin qeyd etdiyi kimi Şimal-Cənub dəhlizi vasitəsilə daşınan yüklərin həcmi ildən ilə sürətlə artmaqdadır. Müvafiq çağırışa cavab vermək üçün Ələt-Astara yolunun genişləndirilməsi məsələsi gündəlikdədir və tezliklə bu layihəyə start veriləcək.
Bu illər ərzində ölkə əhalisi üçün dəmir yolu nəqliyyatının əlçatanlığını təmin etmək məqsədilə Bakı-Qəbələ, Bakı-Balakən, Bakı-Ağstafa dəmir yolu şəbəkələri tikilmişdir. Müvafiq dəmir yolu şəbəkələri sərnişin daşımaları baxımında əhalinin keyfiyyətli nəqliyyat xidmətləri əldə etməsini təmin etmişdir.
Keçən 20 il ərzində Azərbaycanın Mülki Aviasiya sektorunda da köklü islahatlar aparılmışdır. Belə ki, son illər ərzində ölkə ərazisində səkkiz beynəlxalq hava limanı inşa edilmiş və ya yenidən qurulmuşdur. Mərkəzi hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni, dünya standartların cavab verən beynəlxalq terminal kompleksi tikilmişdir. Nəticədə keçən il Heydər Əliyev Beynəlxalq Aeroportu 7 mln-dan çox sərnişin dövriyyəsinə sahib olmaqla aeroport tarixində rekord sayla sərnişinə xidmət göstərmişdir. Cənab Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi artan tələbi təmin etmək məqsədilə aeroport ərazisində artıq yeni beynəlxalq terminal kompleksinin inşası layihəsinə başlanılmışdır.
Dəniz nəqliyyatında icra edilmiş ardıcıl uğurlu layihələr sırasında ən əhəmiyyətlilərindən biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası olmuşdur. 2015-ci ildə istifadəyə verilmiş limanını yükaşırma qabiliyyətinin 10 milyon tondur. Eyni zamanda, Şərq-Qərb dəhlizinin artan potensialından irəli gələrək keçən il cənab Prezident tərəfindən limanın yükaşırma qabiliyyətinin 25 milyon tona qədər artırılmasına dair sərəncam imzalanmışdır.
Dəniz nəqliyyatında icra edilmiş digər uğurlu layihə Bakı Gəmiqayırma Zavodunun tikintisi layihəsidir. 2013-cü ildə tikintisi başa çatmış olan zavod istismara verildikdən sonra 1-ci mərhələdə zavodda ildə 4 ədəd 15 min ton yükdaşıma qabiliyyətinə malik tanker, 4 ədəd dəniz təchizat və ya yedək gəmisinin inşası nəzərdə tutulmuşdur. Bu zavodun mövcudluğu ölkəmizin müvafiq istiqamətdə xarici istehsalatdan asılılığını aradan qaldırmaqla olduqca strateji əhəmiyyətə malikdir.
Son 20 ildə o cümlədən Bakı şəhərinin nəqliyyat infrastrukturunda da ciddi təmir və yenidənqurma işləri aparılmışdır. Onların sırasında çoxsaylı şəhərdaxili yolların bərpasını, yeni körpü, yol ötürücüsü, tunel, yerüstü və yeraltı keçidlərin tikintisi ilə yanaşı 7 yeni metro stansiyasının inşasını qeyd etmək olar.
Bununla belə ölkəmizin demoqrafik vəziyyətinin ildən-ilə yaxşılaşması paytaxtın nəqliyyat infrastrukturunun davamlı modernizə olunmasını tələb edir ki, bu baxımdan da keçən il təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” əhəmiyyətli yol xəritəsidir. Həmçinin bir neçə gün öncə ölkə başçısı tərəfindən imzalanmış “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinə dair Sərəncam paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin əsas prioritetlərini müəyyən edir.
Qeyd olunanlarla yanaşı, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramı çərçivəsində elektrik mühərrikli ictimai nəqliyyat vasitələrinə keçid, əlavə 10 yeni metro stansiyasının tikintisi, mərkəz və Bakı ətrafı ərazilər arasına dairəvi avtomobil yollarının salınması kimi layihələrin icrası nəzərdə tutulmuşdur.
2020-ci ildə baş vermiş 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilmiş anti-terror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünə qovuşmuşdur. Bu hadisələr sözsüz ki, ən yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazılmaqla ölkəmizin öz ərazilərində suverenliyini təmin etməsini şərtləndirmişdir. Lakin çox təəssüf ki, 30 ilə yaxın bir dövr ərzində bədnam qonşularımızın işğalı altında qalan ərazilərdə bütün nəqliyyat infrastrukturu dağıdılmış və ya istismara yararsız hala gətirilmişdir.
Tarixi zəfərdən sonra ölkəmizin qarşısında duran strateji hədəflərdən biri də işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunu surətlə yenidən qurmaq və ya bərpa etməkdir. Bu baxımdan həmin ərazilərdə 44 layihə çərçivəsində ümumi uzunluğu 3400 km olan avtomobil yollarının tikintisi icra edilmiş və ya icra edilməkdə davam edir. İşğaldan azad edilmiş ərazilərin nəqliyyat infrastrukturunun yenidən qurulması layihələri çərçivəsində 45 tunel və 447 körpünün inşası nəzərdə tutulmuşdur ki, onlardan da 28 tunel və 392 körpünün tikintisi artıq tamamlanmışdır. Həmin ərazilərin dəmir yolu infrastrukturunun qurulması çərçivəsində Horadiz-Ağbənd dəmir yolunun 60%, Bərdə-Ağdam dəmir yolunun 94%-i inşa edilmişdir.
Məlumdur ki, Azərbaycanın coğrafi yerləşməsi istər Sərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərinin ölkəmizin ərazisindən keçməsini şərtləndirmişdir. Lakin cənab Prezidentin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi təkcə coğrafi üstünlüyə sahib olmaq hələ nəqliyyat qovşağı ölkəsinə çevrilmək demək deyildir. Azərbaycan son 20 il ərzində istər öz siyasi kursu, istər geosiyasi statusu, istərsə də onun liderinin qətiyyəti və siyasi iradəsi sayəsində bu gün Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşağına çevrilə bilmişdir. Bu baxımdan Zəngəzur dəhlizinin önəmi dəfələrlə artır. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirməklə yanaşı ölkəmizin Orta Dəhliz vasitəsilə daşınma potensialını daha da artırmış olacaq. Dəhliz təkcə Azərbaycan üçün deyil bütün region dövlətləri üçün yeni fürsətlər yaradacaq.
Beləliklə, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və 20 ildən artıq bir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nəqliyyat strategiyasının aralıq nəticələrinin təhlili onu deməyə əsas verir ki, Azərbaycan təkcə regionun lider dövləti deyil bütövlükdə fərqli sivilizasiyaların qovşaq nöqtəsinə çevrilərək sürətli inkişafını davam etdirir. Hələ illər öncə “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik” deyən Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti bu gün öz bəhrəsini verməkdədir.
Fuad Mirzəyev
Milli Aviasiya Akademiyasının
Elmi informasiya və patent şöbəsinin müdiri
İqtisadi üzrə fəlsəfə doktoru, dosent
18:04 03.02.2025
Oxunuş sayı: 54434