Azərbaycanda qoyun sayı tükənir - qiymət bahalaşacaq
Gürcüstandan Azərbaycana diri qoyun ixracında ciddi artım qeydə alınıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin ilk altı ayında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Maraqlıdır Azərbaycan qoyunçuluğunda nə üçün artım, inkişaf müşahidə olunmur? Əskik olan nədir?
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Crossmedia.az-a bildirib ki, son dövrlərdə Azərbaycanda həm xırda, həm də iri buynuzlu heyvanların sayında azalma müşahidə olunur.

Onun sözlərinə görə, heyvanlar arasında xəstəliklərin yayılması və tələfat hallarının artması ət istehsalına da təsir göstərir: “Ümumiyyətlə, son vaxtlar bizdə heyvanların sayında, xırda buynuzlu heyvanların sayında, həm də iri buynuzlu heyvanların sayında kəskin azalma baş verir. Bizim kəndlilər, fermerlər heyvanları kəsimə verirlər. Digər tərəfdən, xəstəliklər yayılır. Bu səbəbdən də heyvanlar arasında tələfat halları get-gedə artır. Və təbii olaraq Azərbaycanda ət istehsalında, qoyun əti istehsalında problemlər yaranıb. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi ət istehsalında bu il artım göstərir, amma görünür ki, quş əti istehsalında baş verən artım ümumi ət istehsalına təsir edib. Yəni artım ona görədir. Əlbəttə, Azərbaycanın demək olar ki, indi başqa çıxış yolu yoxdur. Xüsusən azərbaycanlılar daha çox dondurulmuş ətə yox, təzə kəsilmiş ətə üstünlük verirlər. Baxmayaraq ki, qiyməti get-gedə artır və bu ilin 7 ayında da həm mal ətinin, həm qoyun ətinin qiymətində artım göstərib Dövlət Statistika Komitəsi. Bu da onunla bağlıdır ki, mal əti, qoyun əti, xüsusən dediyim kimi, təzə kəsilmiş ətə azərbaycanlılar üstünlük verir və ölkədə istehsal azaldığı üçün həmin ətə də tələbat təbii olaraq var, yəni qiymət artımı baş verir.
Və bu səbəbdən də həm qiymət artımı Azərbaycanın bazarında, həm də istehsalın azalması, əlbəttə, idxalın artımını şərtləndirir”.
V.Məhərrəmov qeyd edib ki, bu tendensiya get-gedə davam edəcək: “Baxmayaraq ki, kəsilmiş qoyun əti də idxal edirdilər digər ölkələrdən, amma həmin ölkəyə gətirilən qoyun ətinə bir o qədər də üstünlük verilmirdi. Ona görə də diri heyvanların idxalının artımı təbiidir. Dediyim kimi, Azərbaycanda heyvanların baş sayı azalır, xırda buynuzlu heyvanların sayı da azalır. Xəstəliklər geniş yayılır, tələfat halları var. Yəni ət istehsalı, qoyun əti istehsalında azalma var və bu səbəbdən də idxal artır”.
Zərnigar Hüseynli
18:00 17.08.2026
Oxunuş sayı: 50