Maşın bazarında durğunluq - qiymətlər düşəcək
Son dövrlərdə avtomobil bazarında durğunluq müşahidə olunur. Xüsusilə Gəncə, Tovuz, Göyçay və Sumqayıt kimi şəhərlərdə avtomobil bazarlarında alıcı fəallığının əvvəlki dövrlə müqayisədə azalması diqqət çəkir. Satışa çıxarılan avtomobillərin çeşidinin çox olması və qiymətlərin alıcıların gözləntiləri ilə tam uyğunlaşmaması bazardakı aktivliyə təsir edən əsas amillər sırasında göstərilir. Bununla yanaşı, sosial şəbəkələr və müxtəlif elan platformaları vasitəsilə avtomobil alqı-satqısının genişlənməsi də ənənəvi avtomobil bazarlarına marağın azalmasına səbəb olur.
Nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında durğunluğun bir neçə səbəbi var:
“Avtomobil bazarında, ümumiyyətlə, təkcə bölgələrdə – Tovuzda, Gəncədə, Göyçayda və ya Sumqayıtda deyil, bütün ölkə üzrə müəyyən durğunluq müşahidə olunur. Artıq alıcılar əvvəlki kimi avtomobil bazarlarına müraciət etmək istəmirlər. Bunun əsas səbəblərindən biri insanlarda əvvəlki marağın və inamın azalmasıdır.
Hazırda müştərilərin seçim imkanları kifayət qədər genişdir. Sosial platformalarda, TikTok-da və digər elan saytlarında çox sayda avtomobilin satışa çıxarıldığını görmək mümkündür. Elanlara nəzər saldıqda, avtomobillərin həm sayının, həm də çeşidinin kifayət qədər çox olduğu görünür. Buna görə də alıcıların ənənəvi avtomobil bazarlarına marağı əvvəlki səviyyədə deyil.

Digər səbəb isə bazarda satışa çıxarılan nəqliyyat vasitələrinin əvvəlki dövrlə müqayisədə alıcılar üçün kifayət qədər cəlbedici olmamasıdır. İnsanlar daha çox öz tələblərinə və büdcələrinə uyğun avtomobilləri axtarırlar".
Ekspert qeyd edib ki, bununla yanaşı, vətəndaşların özləri də xaricdən nəqliyyat vasitələri gətirərək satırlar: "İnternet və sosial media vasitəsilə daha geniş auditoriyaya çıxış əldə edir, avtomobillərini elan platformalarında təqdim edir və birbaşa alıcı tapırlar. Bu da bazarda seçim imkanlarının daha da genişlənməsinə səbəb olur.
Hazırkı vəziyyətdə avtomobil bazarında durğunluğun yaxın vaxtlarda ciddi şəkildə dəyişəcəyi ilə bağlı hər hansı gözlənti yoxdur. Qiymətlərə müəyyən təsir göstərə biləcək amillərdən biri isə yeni ildən avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı tətbiq olunan tələblərdir. Hər il yanvarın 1-dən avtomobillərin yaşı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur və bu, bəzi nəqliyyat vasitələrinin qiymətlərinə təsir göstərə bilər. Lakin hazırda bununla bağlı ciddi qiymət dəyişikliyi gözləntisi yoxdur”.
Zeynəb Həsən
15:30 17.08.2026
Oxunuş sayı: 49