Azərbaycan-Çin təhsil əməkdaşlığında yeni mərhələ...
Təhsil və innovasiyanın qlobal imkanlarını bir araya gətirən yeni əməkdaşlıq mərhələsinə start verildi.
Crossmedia.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci ilə Çinin süni intellekt və robototexnika təhsili üzrə ixtisaslaşmış “WhalesBot” şirkəti arasında görüş keçirilib.
Görüşün əsasında “WhalesBot” şirkətinin Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinə süni intellekt və robototexnika təhsili sahəsində əməkdaşlıqla bağlı müraciəti dayanır. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq dəstəyi və koordinasiyası, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi bu təşəbbüsün mühüm institusional dayaqlarındandır.
Bu əməkdaşlıq təşəbbüsü çərçivəsində keçirilən görüşdə kollecin inkişaf perspektivləri, STEM, süni intellekt, robototexnika və müasir təhsil texnologiyalarının tədris prosesinə inteqrasiyası, müəllim və tələbələrin praktiki bacarıqlarının artırılması, birgə layihələrin və innovativ təşəbbüslərin həyata keçirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Xüsusilə qeyd etmək istərdik ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsi istiqamətində mühüm missiya daşıyır. Agentliyin missiyası elmin və ali təhsilin inkişafını təmin etmək və strateji hədəflərə uyğun kadr hazırlığına töhfə verməkdir. Bu baxımdan Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Xarici İşlər Nazirliyinin təhsil, beynəlxalq əməkdaşlıq və innovasiya istiqamətlərində yaratdığı imkanlar belə təşəbbüslərin daha geniş müstəvidə reallaşması üçün mühüm əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq bizim üçün yalnız müasir texnologiyaların tətbiqi deyil, həm də tələbələrimizi gələcəyin peşələrinə hazırlamaq, innovativ düşüncə tərzini formalaşdırmaq və onları beynəlxalq təhsil və innovasiya ekosisteminə inteqrasiya etmək deməkdir.
Birlikdə innovasiya yaradır, gələcəyin təhsilini qururuq!
13:54 17.08.2026
Oxunuş sayı: 52