“Sabah” Buxarestdə DƏSTƏKSİZ QALMAYACAQ
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Rumıniyanın paytaxtı Buxarestdə "Hapoel"ə (Beer-Şeva) qarşı keçirəcəyi səfər matçında dəstəksiz qalmayacaq.
Bu barədə Crossmedia.az-a Bakı klubunun mətbuat katibi Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, Rumıniyada yaşayan azərbaycanlıların komandaya stadiodan dəstək verməsi gözlənilir. Bu barədə kluba artıq müraciətlər də daxil olub. Lakin konkret say oyun günündə bəlli olacaq.
Klub rəsmisi komandanın səfərə bu gün günorta saatlarında çarter reysi ilə yollanacağını da bildirib.
Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək.
Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.
10:47 17.08.2026
Oxunuş sayı: 62