Yeni ekonom avtomobillər gəlir - yanacaqlı maşınlar ucuzlaşacaq
Dünya avtomobil sənayesində elektromobillərin inkişafı ilə yanaşı, alternativ enerji mənbələrindən istifadə imkanları da genişlənir. Günəş enerjisi ilə əlavə enerji toplayan elektromobillər bu istiqamətdə yeni texnoloji yanaşmalardan biri hesab olunur. “BMW” ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Deep Orange 17” prototipi də bu baxımdan diqqət çəkir. Avtomobilin kuzovuna 1700-dən çox fotovoltaik element yerləşdirilib. Müəyyən sınaq şəraitində günəş enerjisi hesabına əlavə yürüş ehtiyatına bərabər enerji əldə etmək mümkün olub. Bu texnologiyanın günəşli iqlimə malik ölkələr üçün potensialı xüsusilə böyükdür. Azərbaycan da günəş enerjisi imkanları baxımından belə texnologiyaların tətbiqi üçün əlverişli ölkələrdən biri hesab oluna bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, günəş enerjisi ilə əlavə enerji toplayan elektromobillərin gələcəyi var, lakin yaxın perspektivdə bu texnologiyanın adi şarj sistemini tam əvəz etməsi real görünmür:
"Günəş enerjisi ilə əlavə enerji toplayan elektromobillərin gələcəyi var, amma yaxın perspektivdə onların adi şarj sistemini tam əvəz edəcəyini gözləmək düzgün olmaz. Burada bir məqamı dəqiqləşdirmək lazımdır. ““Luminetta” birbaşa BMW-nin seriya avtomobili deyil, Clemson Universitetinin tələbələri tərəfindən BMW ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Deep Orange 17” prototipidir. Avtomobildə 1700-dən çox fotovoltaik element yerləşdirilib və müəyyən sınaq şəraitində günəşdən orta hesabla təxminən 50 kilometr əlavə yürüşə bərabər enerji əldə etmək mümkün olub.

Azərbaycan üçün isə bu texnologiya xüsusilə maraqlıdır. Ölkəmizdə, xüsusilə Bakı və Abşeron ərazisində günəşli günlərin çox olması avtomobilin gün ərzində açıq havada dayanarkən belə enerji toplamasına imkan verə bilər. Məsələn, gələcəkdə avtomobil gündəlik şəhər daxilində 20–30 kilometr istifadə olunursa, günəş panellərinin topladığı enerji şarj məntəqəsinə müraciət tezliyini əhəmiyyətli dərəcədə azalda bilər. Bu, həm elektrik şəbəkəsinə düşən yükün, həm də sürücünün enerji xərclərinin azalması baxımından üstünlükdür".
Zeynəb Həsən
14:00 13.08.2026
Oxunuş sayı: 45