ABŞ və İran arasında danışıqların nəticəsiz qalması ehtimalı böyükdür - Bədbin proqnoz
ABŞ ilə İran arasında gərginlik danışıqlar fonunda yenidən gündəmə gəlib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin danışıqlar görüntüsü altında İrana qarşı genişmiqyaslı hücuma hazırlaşdığını iddia edib. Qalibaf Vaşinqtonun hədələrini və diplomatik addımlarını tənqid edərək Tehranın təzyiqlərdən çəkinmədiyini bildirib. Bu açıqlamalar İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyə dair gözlənilən razılaşma və bölgədə artan gərginlik fonunda diqqət çəkir.

Politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında mümkün danışıqlar fonunda tərəflərin mövqeləri hələ də kifayət qədər sərtdir və razılığın əldə olunması üçün qarşılıqlı güzəştlərə ehtiyac var.
Ekspertin fikrincə, tərəflərin gündəmində bir-birindən fərqli və kifayət qədər ciddi tələblər dayanır:
"Hər iki tərəfin tələbləri və şərtləri artıq dərəcədə sərtdir. Burada bir tərəfdən, Hürmüz boğazının açılması, digər tərəfdən isə ABŞ tərəfindən İranın nüvə proqramının aradan götürülməsi və proksi qüvvələrinə dəstəyin dayandırılması əsas tələblər kimi gündəmdədir. İranın da müxtəlif tələbləri var, o cümlədən sanksiyaların aradan qaldırılması və sair".
F.Sadıqov hesab edir ki, mövcud şərtlər dəyişməyəcəyi təqdirdə,yaxın gələcəkdə danışıqlar baş tutsa belə, nəticə əldə etmək çətin olacaq:
"Yaxın gələcəkdə hətta danışıqlar baş tutsa da, hər hansı bir razılığın əldə olunmayacağını düşünürəm. Çünki burada mütləq güzəştlər olmalıdır. Hər iki tərəfdən güzəşt addımları atılmalıdır".
Politoloqun sözlərinə görə, son proseslər İranın hərbi və siyasi imkanlarının da nəzərə alınmasının vacibliyini göstərib:
"Son bir neçə ay ərzində İranı tamamilə məhv etmək mümkün olmadı. İran kifayət qədər böyük dövlətdir və hərbi potensialının da kifayət qədər güclü olduğu görünür. Belə bir şəraitdə, əlbəttə, vasitəçilərin də rolu böyük olmalıdır".
Həmsöhbətimiz vurğulayıb ki, qarşılıqlı güzəştlər olmadan tərəflər arasında keçiriləcək görüşlərin real nəticə verməsi çətin görünür:
"Əgər qarşılıqlı güzəştlər olmasa, sadəcə olaraq tərəflərin görüşlərinin heç bir nəticəsi olmayacaq. İstər hansısa ölkədə birbaşa danışıqlar keçirilsin, istərsə də vasitəçilərin köməyi ilə görüşlər təşkil olunsun, mən düşünürəm ki, bu halda gərginliyin yüksək səviyyədə qalmasına səbəb olan vəziyyət davam edəcək".
Nigar Xəlilli
14:00 08.08.2026
Oxunuş sayı: 87