Yaxın Şərqdə uzunmüddətli sülh üçün şərt açıqlanıb
Qəzza zolağında atəşkəs və siyasi nizamlanma ilə bağlı beynəlxalq təşəbbüslər davam etdiyi bir vaxtda, İsrail hökuməti hərbi əməliyyatlarla bağlı mövqeyini dəyişmədiyini açıqlayıb. Baş nazir Benyamin Netanyahu HƏMAS tamamilə zərərsizləşdirilməyənədək İsrail ordusunun Qəzzadakı mövqelərini tərk etməyəcəyini bəyan edib. O, həmçinin İsrailin təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyini və ordunun qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə davam edəcəyini vurğulayıb. Netanyahunun bu açıqlaması Qəzzada mümkün atəşkəs və sülh danışıqlarının gələcək perspektivi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Qəzza zolağında davam edən hərbi əməliyyatlar və İsrail rəhbərliyinin sərgilədiyi mövqe Yaxın Şərqdə diplomatik təşəbbüslərin nəticə verməsini çətinləşdirir. Onun sözlərinə görə, HƏMAS-ın tam zərərsizləşdirilməsinin əsas şərt kimi irəli sürülməsi həm taktiki, həm də strateji məqsədlər daşıyır:
"Bu cür barışmaz bəyanatlar danışıqlar masasında maksimalist mövqe nümayiş etdirməyə, vasitəçilər və qarşı tərəf üzərində psixoloji-siyasi təzyiq yaratmağa hesablanıb. İsrail hərbi təzyiqi artırmaqla HƏMAS-ı daha ağır şərtlərlə güzəştə getməyə məcbur etməyə çalışır".
Onun fikrincə, yalnız hərbi qələbəyə əsaslanan yanaşma münaqişənin uzanması riskini artırır:
"Sırf hərbi qələbəyə fokuslanan bu strategiya münaqişəni yıpratma mərhələsinə keçirə və onun naməlum müddətə qədər davam etməsinə səbəb ola bilər".
Siyasi şərhçi vurğulayıb ki, beynəlxalq təcrübə belə münaqişələrin təkcə hərbi yolla həllinin çətin olduğunu göstərir:
"Asimmetrik müharibələrin təcrübəsi göstərir ki, silahlı qrupların hərbi imkanlarını zəiflətmək mümkün olsa da, ideoloji və struktur baxımından formalaşmış təşkilatları yalnız hərbi güclə tamamilə aradan qaldırmaq praktik baxımdan olduqca çətindir. Bu isə siyasi nizamlanma perspektivlərini məhdudlaşdırır, humanitar böhranı dərinləşdirir və regional eskalasiya riskini yüksək saxlayır".
Həmsöhbətimizin sözlərinə görə, uzunmüddətli sabitlik yalnız siyasi həll mexanizmlərinin formalaşdırılması ilə mümkündür:
"Bu mövqe qısamüddətli perspektivdə İsrailə danışıqlarda psixoloji üstünlük qazandıra bilər. Lakin orta və uzunmüddətli dövrdə münaqişənin həll mexanizmlərini donduran və müharibəni uzadan əsas amillərdən birinə çevrilə bilər. Yaxın Şərqdə dayanıqlı təhlükəsizlik yalnız hərbi güclə deyil, postmünaqişə dövrü üçün aydın siyasi arxitekturanın və diplomatik həll modelinin qurulması ilə mümkündür".
Nigar Xəlilli
13:00 07.08.2026
Oxunuş sayı: 60