Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir
İran Prezidenti Məsud Pezeşkianın ölkəsinin şimal-qərb və cənub-şərq sərhədlərində daxili sarsıntılar yaratmaq planlarına diqqət çəkərək, "Qonşularımız olmasaydı, vəziyyət fərqli ola bilərdi" şəklində verdiyi bəyanat Tehrandakı strateji narahatlıqları və dəyişən regional reallıqları bir daha gündəmə gətirib. İran lideri xarici güclərin sərhədyanı bölgələrdən ölkəyə iğtişaşlar keçirmək niyyətində olduğunu, lakin region dövlətlərinin bu təxribatlara izin verməyərək İrana dəstək nümayiş etdirdiyini xüsusi vurğulayıb. Müharibə riskləri, sanksiyalar və daxili böhranlar fonunda İran rejiminin illərdir Cənubi Qafqazda yürütdüyü təsir siyasəti, bölgəyə yanaşması və Tehranın üzləşdiyi geosiyasi təhdidlər barədə Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Cənubi Qafqaz regionu bütün qlobal oyunçular, xüsusən də İran üçün hər zaman strateji önəm daşıyıb: "İran bölgədə yürütdüyü siyasət nəticəsində Cənubi Qafqazı , Azərbaycan, Gürcüstan və Ermənistan daxil olmaqla, hətta Şimali Qafqazda, Dərbənddə yaşayan azərbaycanlılar amilindən istifadə etməklə hər zaman özünün “arxa bağçası” kimi görməyə çalışıb. Tehran bu coğrafiyanı özü üçün icazəsiz siyasi mübarizə meydanı hesab edib. Bir zamanlar İran-Ermənistan münasibətləri yüksək səviyyədə idi, eyni zamanda İran Gürcüstanda da müəyyən qüvvələr vasitəsilə öz maraqlarını və lobbiçilik fəaliyyətini gücləndirməyə çalışırdı. Bu bölgənin əldən çıxması və ya xarici güclərin təsir dairəsinə keçməsi İran üçün ciddi problemlər vəd edir".
R.Hafizoğlu vurğulayıb ki, İran hazırda həm daxili iqtisadi, həm də xarici geosiyasi baxımdan tarixinin ən ağır sınaqlarından birini yaşayır:
"Məsələ burasındadır ki, bu gün İranın vəziyyəti 1979-cu il İslam inqilabından sonrakı dövrlə müqayisədə ən çətin durumdadır. Ölkənin üzləşdiyi müharibə riskləri, dərinləşən iqtisadi böhran və ağır sanksiyalar Tehranı regional reallıqlarla hesablaşmağa məcbur edir. Bununla yanaşı, Yaxın Şərqdəki gərginlik də İran üçün ciddi təhdiddir. İsrail-Qəzzə-ABŞ xəttində baş verən münaqişələr və İsrailin mərhələli şəkildə bölgədəki mövqelərini dəyişməsi, nəticə etibarilə, İranı ABŞ ilə birbaşa qarşı-qarşıya qoyur. Tehranın ABŞ ilə birbaşa toqquşma riski altına düşməsi, hazırkı iqtisadi-siyasi böhran fonunda İran üçün ən böyük narahatlıq mənbəyidir".
Ekspert sonda xüsusi bir məqama və soydaşlarımızın taleyinə diqqət çəkib:
"Bunu da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan dövlət rəhbərliyi də dəfələrlə bəyan edib ki, Azərbaycan və ümumilikdə Cənubi Qafqaz ölkələri heç vaxt İran əleyhinə platforma kimi istifadə oluna bilməz. Çünki bunun hər iki tərəf üçün çox acı nəticələri ola bilər. Biz siyasi baxımdan fərqli qütblərdə olsaq da, unutmayaq ki, İranda 40 milyona yaxın azərbaycanlı soydaşımız yaşayır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, xaricdə yaşayan azərbaycanlıların, xüsusən də İrandakı soydaşlarımızın təhlükəsizliyi, hüquqları və taleyi Azərbaycan dövləti üçün son dərəcə önəmlidir. Pezeşkianın qonşuların rolunu etiraf etməsi də məhz bu regional reallıqlardan və Tehranın manevr imkanlarının daralmasından qaynaqlanır".
Fatimə Cabbarlı
15:30 07.08.2026
Oxunuş sayı: 38