Almaniya XİN rəhbərinin Lavrovla görüşü üçün qoyduğu şərtlər açıqlanıb
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün Almaniyanın xarici işlər naziri İohann Vadefulun müraciət etdiyi və görüşlə bağlı bir sıra tələblər irəli sürdüyü bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, Lavrovun Nyu-Yorka səfəri zamanı bir sıra ölkələrin hökumət başçıları və xarici işlər nazirləri onunla görüş keçirib.
Diplomat bildirib ki, Almaniyanın xarici işlər naziri Vadefulun nümayəndələri görüş zamanı medianın girişinin məhdudlaşdırılmasını, jurnalistlərin sual verməməsini, görüşün əvvəlində səsləndirilən fikirlərin audioyazısının aparılmamasını və materialların müəyyən müddət ərzində yayımlanmamasını tələb ediblər.
Qeyd edək ki, Lavrov sentyabrın 26-da BMT-nin Nyu-Yorkdakı qərargahında Almaniyanın xarici işlər naziri ilə görüşüb. Rusiya və Almaniya xarici işlər nazirlərinin son görüşü 2022-ci ilin yanvarında Moskvada, həmin vaxt Almaniyanın XİN rəhbəri Annalena Berbok olduğu dövrdə baş tutub.
19:13 26.09.2026
Oxunuş sayı: 35