Azərbaycanın investisiya üstünlüyü: Sabitlik, coğrafiya və yeni imkanlar
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanda investorlar üçün maraq doğuran əsas istiqamətləri açıqlayıb. Dövlət başçısı nəqliyyat, logistika və fiziki infrastrukturu, proqram təminatını, rəqəmsallaşmanı, gömrük administrasiyasının müasir trendlərə uyğunlaşdırılmasını və yükdaşımaların emal prosedurlarının sadələşdirilməsini investorlar baxımından mühüm məsələlər kimi qeyd edib. O, həmçinin elektrik ötürmə xətlərinin böyük potensiala malik olduğunu vurğulayıb.
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, aqrobiznes, maliyyə əməkdaşlığı və digər istiqamətlər müzakirə olunur. Prezidentin müraciətində Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalardakı infrastruktur, vergi və gömrük təşviqləri də investorlar üçün geniş imkanlar yaradan amillər sırasında göstərilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verərək bildirib ki, Azərbaycanın xarici investorlar üçün əsas üstünlüyünü bir amillə məhdudlaşdırmaq düzgün olmazdı:
"Ölkənin investisiya cəlbediciliyi makroiqtisadi sabitliyin, strateji coğrafi mövqenin, müasir infrastrukturun, enerji təminatının və dövlət tərəfindən formalaşdırılmış investisiya təşviqi mexanizmlərinin vahid sistemdə birləşməsindən yaranır.
Cənab Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna müraciətində açıqlanan göstəricilər bu iqtisadi bazanın miqyasını göstərir: 2020-ci ildən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla illik 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə təxminən iki dəfə artıb. 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 72 faizə çatıb. Azərbaycanın strateji valyuta ehtiyatları isə 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötüb. “Fitch” və “Moody’s” tərəfindən suveren kredit reytinqinin investisiya səviyyəsində qiymətləndirilməsi də fiskal və maliyyə dayanıqlığının investor üçün əhəmiyyətli indikatorudur. İkinci üstünlük Azərbaycanın iqtisadi coğrafiyasıdır. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşmək ölkəyə yalnız milli bazara deyil, Mərkəzi Asiya, Türkiyə və Avropa istiqamətində daha geniş iqtisadi məkana çıxış imkanı verir. Sənaye parkları, Ələt Azad İqtisadi Zonası, liman və dəmir yolu infrastrukturu bu coğrafi üstünlüyü kommersiya üstünlüyünə çevirən əsas alətlərdir. Əsas məsələ bundan sonra bu üstünlükləri daha böyük və keyfiyyətli investisiya axınına çevirməkdir.
Deputat qeyd edib ki, Bunun üçün investora yalnız güzəştlər deyil, hazır layihə portfeli, uzunmüddətli hüquqi proqnozlaşdırıla bilənlik, dövlət-özəl tərəfdaşlığı mexanizmləri və regional bazarlara çıxış təqdim edilməlidir.
"Xarici kapitalın emal sənayesi, logistika, yaşıl enerji, rəqəmsal texnologiyalar, süni intellekt, dağ-mədən, kənd təsərrüfatı və işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafına yönəldilməsi iqtisadi diversifikasiyanın növbəti mərhələsini təmin edə bilər.
Burada investisiyanın keyfiyyəti də prinsipialdır. Dövlət siyasətində məqsəd yalnız ölkəyə maliyyə kapitalı gətirmək deyil. Texnologiya transferi, yeni idarəetmə kompetensiyaları, yüksək məhsuldarlıq, ixtisaslı məşğulluq və ixrac yönümlü istehsal yaradan investisiyalara üstünlük verilməsi nəzərdə tutulur. Cənab Prezident İlham Əliyevin müraciətində də məhz qabaqcıl texnologiya gətirən və Azərbaycanı regional və qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiya edən layihələrin prioritet olduğu vurğulanır. Bu baxımdan Azərbaycanın əsas investisiya üstünlüyü sabitliklə imkanın birləşməsidir. Strateji hədəf isə həmin üstünlüyü sadəcə kapital cəlbinə deyil, qeyri-neft ÜDM-inə, ixraca, texnoloji modernləşməyə və uzunmüddətli iqtisadi rəqabətqabiliyyətliliyə çevirməkdir".
Zeynəb Həsən
19:00 26.09.2026
Oxunuş sayı: 39