FİFA və UEFA qarşı-qarşıya: Futbolun taleyi necə olacaq?
FİFA-nın Dünya Çempionatı ilə bağlı kommersiya planından geri çəkilməsi beynəlxalq futbol idarəçiliyində yaranan fikir ayrılıqlarını bir daha üzə çıxarıb. UEFA və digər futbol qurumlarının sərt reaksiyasından sonra təşkilatın rəsmi şəkildə geri addım atması bu qərarın futbolun gələcək idarəçiliyinə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Report İnformasiya Agentliyinin idman şöbəsinin rəhbəri Kənan Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Canni İnfantino və FİFA ətrafında yaranan narazılıqlar qurumun imicinə ciddi təsir göstərib.
O, hesab edir ki, FİFA-nın son addımları və İnfantinonun gələcəyi ilə bağlı narazılıqlar növbəti konqresdə ciddi nəticələr doğura bilər:
"FİFA-nın üzrxahlığından və həmin kommersiya layihəsindən imtina etməsindən sonra Canni İnfantinoya və onun rəhbərlik etdiyi FİFA-ya dəstək verənlər də tapıldı. Bu dəstək xüsusilə Afrika qitəsindən, eləcə də bir neçə digər federasiyadan gəldi. Amma bu, FİFA-nın sarsılan imicinin bərpası baxımından heç də yetərli deyil. Artıq bu proses geri dönməz xarakter alıb və böyük ehtimalla FİFA-nın 2027-ci ilin yazında Mərakeşdə keçiriləcək növbəti konqresində səsvermə nəticəsində İnfantinonun postunu itirmək ehtimalı çox yüksəkdir. Çünki narazıların sırası kifayət qədər genişdir və onun postunu qoruyacağı o qədər də inandırıcı görünmür".
K.Həsənovun fikrincə, yaranmış vəziyyət FİFA ilə UEFA arasındakı münasibətlərə də mənfi təsir göstərib:
"Bu məsələlər FİFA-UEFA münasibətlərinə çox ciddi mənfi təsir göstərdi. Onsuz da tarix boyu FİFA ilə UEFA arasında müəyyən rəqabət və mübarizə olub. Hansı qurumun daha yaxşı layihələr irəli sürməsi, yarışları daha yaxşı təşkil etməsi kimi məsələlərdə tərəflər arasında fikir ayrılıqları yaşanıb. Hər iki qurum dünya futbolunun inkişafına xidmət etsə də, müəyyən mənada bir-birinə müxalif mövqedə dayanan qurumlardır".
Həmsöhbətimiz hesab edir ki, FİFA və UEFA arasında qarşılıqlı tənqidin olması futbolun inkişafı baxımından normal prosesdir:
"UEFA-da hər hansı neqativ hal baş verdikdə FİFA öz narazılığını bildirir. Eyni zamanda UEFA da FİFA-da hər hansı qüsur gördükdə buna etiraz edir. Bu, tarix boyu belə olub və gələcəkdə də belə olacaq. Əslində, bu, normal prosesdir. Hər hansı neqativ hal baş verdikdə onunla bağlı narazılığın bildirilməsi və həmin problemin aradan qaldırılmasına çalışılması ən düzgün yanaşmadır".
Nigar Xəlilli
13:30 08.08.2026
Oxunuş sayı: 69