18 yaşlı gənclər hədəfdə - DƏLƏDUZLARIN YENİ TƏLƏSİ
Xarici ölkələrdə kiberdələduzlar 18 yaşı yeni tamam olmuş gəncləri hədəf alan yeni üsuldan istifadə etməyə başlayıblar. Belə ki, kibercinayətkarlar gənclərə zəng edərək mobil nömrələrinin 18 yaş tamam olduğu üçün yenilənməli və ya yenidən qeydiyyatdan keçirilməli olduğunu bildirirlər. Daha sonra vətəndaşa bununla bağlı bir keçid göndərilir. Linkə daxil olduqdan sonra isə dələduzlar müxtəlif üsullardan istifadə etməklə şəxsi məlumatları, bank hesablarına çıxışı və digər həssas məlumatları ələ keçirməyə çalışırlar.
Bu üsulun Azərbaycanda da tətbiq olunması ehtimalı kibertəhlükəsizlik baxımından diqqət çəkən məsələlərdəndir. Xüsusilə rəqəmsal xidmətlərdən aktiv istifadə edən gənclərin belə saxta zəng və mesajların hədəfinə çevrilməsi mümkündür.
Digər tərəfdən, kiberdələduzların hər dəfə daha fərqli və inandırıcı üsullara əl atması bu istiqamətdə mübarizənin yalnız vətəndaşların diqqətli olması ilə məhdudlaşmamasını zəruri edir.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Milli Kibertəhlükəsizlik Agentliyindən bildirilib ki, dələduzlar insanların etibarını qazanmaq məqsədilə müxtəlif sosial mühəndislik üsullarından istifadə edir, gündəlik həyatda rast gəlinən inandırıcı ssenarilər qururlar:
“Məqsəd vətəndaşları saxta keçidlərə yönləndirmək, şəxsi və maliyyə məlumatlarını ələ keçirməkdir. Qeyd olunan kiberdələduzluq üsulu hazırda ölkəmizdə qeydə alınmasa da, beynəlxalq təcrübə göstərir ki, kibertəhdidlər çox qısa müddətdə müxtəlif ölkələrdə fərqli formalarda yayılır. Bu baxımdan vətəndaşların ayıq-sayıq olması və kibergigiyena qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır. Vətəndaşlar bilməlidirlər ki, mobil nömrənin yenidən qeydiyyatı, bank hesabının təsdiqlənməsi və digər rəsmi prosedurlar naməlum nömrələrdən göndərilən linklər vasitəsilə həyata keçirilmir. Bu səbəbdən şübhəli zəng və ya mesaj vasitəsilə göndərilən keçidlərə daxil olmaq, eləcə də həmin keçidlərdə şəxsi və ya bank məlumatlarını təqdim etmək tövsiyə olunmur. Belə hallarla qarşılaşdıqda məlumatın doğruluğu mütləq aidiyyəti qurumun rəsmi kommunikasiya kanalları vasitəsilə dəqiqləşdirilməlidir”.
Qeyd olunub ki, ümumilikdə Milli Kibertəhlükəsizlik Agentliyi kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində davamlı preventiv tədbirlər həyata keçirir:
“Agentlik mütəmadi olaraq təlimlər təşkil edir, müxtəlif kommunikasiya kanalları vasitəsilə maarifləndirici məlumatlar və xəbərdarlıqlar paylaşır, vətəndaşları aktual kibertəhdidlər barədə məlumatlandırır, təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılmasına dəstək verir və kibergigiyena qaydalarını təşviq edir. Bununla yanaşı, MKA kibertəhdidləri davamlı monitorinq edir, yeni riskləri təhlil edir və onların qarşısının alınması istiqamətində zəruri tədbirlər görür”.
Məhəbbət Tərlanoğlu
12:00 08.08.2026
Oxunuş sayı: 63