Tramp üçüncü dəfə prezident seçilmək istəyir - ABŞ konstitusiyası dəyişir?
ABŞ Prezidenti Donald Trampın son günlər sosial şəbəkələrdə seçki kampaniyasını xatırladan fotolar paylaşması onun yenidən prezident seçkilərində iştirak etmək niyyəti ilə bağlı müzakirələri yenidən alovlandırıb. Trampın bu paylaşımları tərəfdarları tərəfindən növbəti seçki yarışına hazırlığın mesajı kimi qiymətləndirilir. Lakin ABŞ Konstitusiyası bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə icazə vermir. Bu isə “Tramp üçüncü dəfə prezident seçilə bilərmi?”, “Bunun üçün Konstitusiyanın dəyişdirilməsi mümkündürmü?” kimi sualları yenidən gündəmə gətirir. Bəs ABŞ-da belə bir hüquqi dəyişiklik nə dərəcədə realdır və Trampın üçüncü müddətə prezident seçilməsi üçün hansı prosedurlar tələb olunur?

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib:
“ABŞ-də hakimiyyət əsasən iki siyasi partiya arasında bölüşdürülür – Demokratlar Partiyası və Respublikaçılar Partiyası. Bu siyasi sistem ölkənin Konstitusiyasında da öz əksini tapır. ABŞ demokratik dövlət olduğuna görə, Konstitusiyanın qısa müddətdə dəyişdirilməsi mümkün deyil. Donald Trampın üçüncü dəfə prezident olmaq istəyi var. O, yenidən prezident seçilmək arzusundadır. Lakin əsas sual budur: Amerika cəmiyyəti bu istəyin reallaşmasını dəstəkləyirmi? Mövcud rəy sorğuları göstərir ki, Trampın reytinqi son dövrlərdə aşağı düşməkdədir. Xüsusilə də İranla bağlı həyata keçirilən hərbi əməliyyatlar həm onun beynəlxalq imicinə, həm də ABŞ daxilində ictimai rəydə mənfi təsir göstərib. Bu məsələ cəmiyyət daxilində müəyyən narazılıqlar yaradıb. Bəzi ekspertlər hətta belə fikirlər də səsləndirirlər ki, ABŞ siyasətində yəhudi lobbisinin ciddi təsiri var. Trampın həm birinci, həm də ikinci prezidentliyi dövründə İsrailə açıq dəstək verməsi, Yaxın Şərqdə aparılan siyasəti müdafiə etməsi onun beynəlxalq nüfuzuna müəyyən zərbə vurub”.
Politoloq əlavə edib ki, İran əməliyyatı zamanı Hörmüz boğazının bağlanması ehtimalı da ciddi iqtisadi narahatlıq yaratdı: “ABŞ-nin iri neft şirkətlərinin Yaxın Şərqdə böyük sərmayələri var. Eyni zamanda, İran körfəzi ətrafındakı ərəb ölkələrinin də bu bölgədə mühüm iqtisadi maraqları mövcuddur. Hörmüz boğazında yaranan risklər nəticəsində neft şirkətlərinin fəaliyyəti çətinləşir, hasil olunan neftin dünya bazarına çıxarılması məhdudlaşır. Bu da ABŞ-nin iri enerji şirkətlərinin Tramp administrasiyasına təzyiq göstərməsinə səbəb olur. Bunun fonunda dünya iqtisadiyyatında da müəyyən gərginlik və qeyri-müəyyənlik yaranır. Bu vəziyyət ABŞ-nin beynəlxalq nüfuzuna mənfi təsir göstərir. Demokratlar da bu vəziyyətdən maksimum istifadə etməyə çalışırlar və artıq bir neçə dəfə Trampın impiçment məsələsini gündəmə gətiriblər. Hətta Konqresdə və Nümayəndələr Palatasında İran əməliyyatı ilə bağlı tənqidi çıxışlar səsləndirilib. Maraqlıdır ki, tənqidlər təkcə demokratlardan deyil, Respublikaçılar Partiyasının bəzi üzvlərindən də gəlib. Trampın öz partiyasından olan bir neçə konqresmen də onun mövqeyini dəstəkləməyib. Bütün bunlar göstərir ki, ABŞ ictimaiyyətində Trampın reytinqi əvvəlki dövrlə müqayisədə aşağı düşüb. Belə bir şəraitdə onun üçüncü dəfə prezident seçilməsi və bunun üçün Konstitusiyanın dəyişdirilməsi real görünmür. Qarşıdan ABŞ Konqresinə aralıq seçkilər gəlir və payızda həmin seçkilər keçiriləcək. Tramp üçün ən ciddi narahatlıq məhz həmin seçkilərdə Demokratlar Partiyasının üstünlük qazanmasıdır. Əgər demokratlar həmin seçkilərdə uğur qazansalar, bu halda təkcə Trampın üçüncü dəfə prezident seçilməsi məsələsi deyil, eyni zamanda onun impiçmenti məsələsi də yenidən gündəmə gətirilə bilər. Çünki dünyada baş verən bir sıra böhranlar və gərginliklər Tramp administrasiyasının fəaliyyəti ilə əlaqələndirilir. İstər Venesuelada baş verən hadisələr, istər İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara ABŞ-ın verdiyi dəstək, istər İran ətrafında yaranan vəziyyət, istərsə də NATO daxilində ABŞ-la müttəfiqləri arasında meydana çıxan fikir ayrılıqları Trampın siyasətinə yönələn tənqidləri artırır. Hətta Kanadanın ABŞ-nin “51-ci ştatı” olması ilə bağlı səsləndirilən bəyanatlar, Qrenlandiya ilə bağlı açıqlamalar və digər çıxışlar Avropada Trampa qarşı mənfi münasibətin formalaşmasına səbəb olub. Belə bir şəraitdə Trampın üçüncü dəfə prezident seçilməsi arzusu real görünmür. Digər tərəfdən, son dövrlər Trampla İsrail arasında münasibətlərdə müəyyən soyuqluq müşahidə olunur. Bunun səbəblərindən biri Tramp administrasiyasının İsrailin Baş naziri ilə Livanda aparılan əməliyyatlarla bağlı müəyyən fikir ayrılıqları yaşamasıdır. Belə olan halda, ABŞ-dəki yəhudi lobbisinin də Trampa əvvəlki səviyyədə dəstək verəcəyi o qədər də real görünmür. Bu baxımdan hesab edirəm ki, Trampın üçüncü dəfə prezident seçilmək arzusu elə arzu olaraq qalacaq. Bir daha qeyd etmək istəyirəm ki, qarşıdan gələn Konqresə aralıq seçkiləri bu baxımdan həlledici əhəmiyyət daşıyır. Əgər demokratlar həmin seçkilərdə qələbə qazansalar, Trampın nəinki üçüncü dəfə prezident seçilməsi, hətta impiçment məsələsinin yenidən gündəmə gətirilməsi də mümkündür. Çünki fikrimcə, ABŞ tarixində Tramp qədər mübahisəli bəyanatlar verən və bu qədər ciddi tənqid olunan prezidentlər çox az olub. Ukrayna məsələsində də gördük ki, Trampın mövqeyi ilə Avropa İttifaqına üzv dövlətlərin mövqeyi arasında ciddi fikir ayrılığı yarandı. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Trampın üçüncü dəfə prezident seçilməsi arzusu ABŞ cəmiyyəti və formalaşmış dövlət institutları tərəfindən dəstəklənəcək bir ssenari deyil”.
Politoloq qeyd edib ki, mən bunu əvvəllər də demişəm: Tramp Amerikanın Qorbaçovudur: “Necə ki, Mixail Qorbaçov SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının dağılması prosesində əsas fiqurlardan biri oldu, mən hesab edirəm ki, Tramp da öz siyasəti ilə ABŞ-ın mövcud siyasi dayaqlarına və beynəlxalq nüfuzuna zərbə vurur. Bu baxımdan ABŞ-ın dövlət institutlarının və cəmiyyətinin Trampın üçüncü dəfə prezident seçilməsi istəyinə müsbət yanaşacağı inandırıcı görünmür. Hazırda Tramp üçün əsas prioritet qarşıdan gələn Konqres seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətinin qarşısını almaq olmalıdır. Bunun üçün ciddi siyasi addımlar atılmalıdır. Ona görə də hesab edirəm ki, Trampın üçüncü dəfə prezident seçilməsi real görünmür”.
Ayhan
20:00 04.08.2026
Oxunuş sayı: 58