Tramp nəyə əsəbləşib?: Zelenski bunu etsə...
Qlobal siyasi arxitektura tarixin ən təlatümlü və qeyri-müəyyən mərhələlərindən birini yaşayır. Qırmızı dənizdəki logistik iflicdən Hürmüz boğazındakı gərginliyə, Şərqi Avropadakı alovlu müharibədən Yaxın Şərqdəki nüvə qarşıdurmalarına qədər baş verən hər bir hadisə artıq təkcə dövlətlərin sərhədlərini deyil, birbaşa qlobal iqtisadiyyatın, ərzaq təhlükəsizliyinin və hər bir fərdin rifahının taleyini həll edir. Güc mərkəzlərinin maraqlarının toqquşduğu, enerji marşrutlarının strateji silaha çevrildiyi və böyük dövlətlərin bir-birinə şərt diktə etdiyi bu mürəkkəb xaos zəncirində sabitliyi qorumaq fövqəladə diplomatik məharət tələb edir. Bütün dünyanın iqtisadi və siyasi fırtınalarla silkələndiyi bir dövrdə, Cənubi Qafqazın mərkəzində dayanan Azərbaycanın soyuqqanlı, milli maraqlara söykənən və balanslaşdırılmış xarici siyasəti regionun gələcəyi üçün həyati əhəmiyyət kəsb edən əsl geostrateji qalxana çevrilir. Xüsusilə də bütün dünyanın damarlarında dövr edən qan - neft və neft məhsulları böyük güclərin diqqət mərkəzindədir.
Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış deputatı (lll, lV, V,Vl), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib:

"Trampın İrlandiyadan qayıdışından sonra maraqlı fikirlər səslənmişdi. Özü də səfərdən döndükdən sonra bəyan etdi ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək Rusiya neftayırma zavodlarını vurmamağı xahiş edib. Səbəb isə aydındır: Tramp çalışır ki, yanacaq və dizelin qiymətini sabitləşdirsin. Təbii olaraq, burada ABŞ prezidentinin marağı öz daxili bazarı ilə bağlıdır.
Statistikaya baxsaq, müşahidə edərik ki, Rusiya müharibədən öncə dünyada satışa çıxarılan dizelin 10 faizini təkbaşına təmin edirdi. İndi isə artıq bunu tam mənası ilə həyata keçirə bilmir. Dizel də ağır nəqliyyat vasitələrini — nəhəng neftdaşıyan gəmiləri, dəmir yolu vaqonlarını, kənd təsərrüfatı texnikasını hərəkətə gətirir. Rusiyada bombardmandan sonra yanacağın, o cümlədən yanacağın əsas növlərindən olan dizelin qiyməti qalxır. Ümumilikdə isə bu, logistikaya təsir edir və daşıma xərclərini artırır".
Prosessor ABŞ-İran qarşıdurması fonunda Hörmüz boğazında yaranmış problemə də diqqət çəkib və bunun dünya iqtisadiyyatına təsirinin kifayət qədər böyük olduğunu vurğulayıb: "Hörmüz boğazında da problem mövcuddur: hazırda gündəlik 130-140 gəminin keçdiyi boğazdan cəmi 3-4 gəmi keçir. İndi də husilər Qırmızı dənizdə Bab əl-Məndəb boğazına tam nəzarət edirlər. O çıxış da bağlansa, kanalda nəqliyyat tamamilə dayana bilər və bu, iflic olmuş iqtisadi vəziyyət deməkdir. Bir barel neft 100 dolları keçdi və qiymətin artması gözləniləndir, hətta mütləqdir. Sözügedən vəziyyət isə dünya iqtisadiyyatına ciddi şəkildə zərər vurur. Neftdən əldə olunan məhsullar ümumi istehsalın 40 faizini təşkil edir.
Əgər Zelenski tapşırıq versə ki, Rusiyanın neft emalı zavodlarına zərbələr endirilməsin, o zaman bu addım ABŞ Prezidenti Donald Trampın məntiqi sayəsində kömək edəcək ki, Rusiya iqtisadiyyatında və neft məhsullarının qiymətində müsbət tendensiya müşahidə olunsun. Sözügedən zavodların tam mənası ilə işə başlamasından sonra dünyada əsas yanacaq olan dizel istehsalı artacaq və tam şəkildə nəql olunacaq.
Keml deyir ki, ilkin olaraq buna söz verə bilməzlər, ikinci olaraq isə Rusiya öz enerji infrastrukturunu bərpa edəcək. O, ayrıca bəyan edib ki, enerji bərpasından sonra neft məhsullarının satışını daxildə həyata keçirmək istəyir. Bu, maraqlı cavabdır və eyni zamanda ciddi bir mesajdır ki, Rusiya Avropanın şərtləri ilə müharibəni dayandırmaq niyyətində deyil. Görünür, müharibə hələ davam edəcək. Bu isə o deməkdir ki, region ölkələri və hətta bütün dünya iqtisadi fəlakətlə üz-üzə qalacaq".
Rüfət Quliyev həm də qida məhsulları ilə bağlı maraqlı məqamlara toxunub və məsələnin iqtisadi tərəflərini şərh edib.
"Burada mən qeyd etmək istəyirəm ki, FAO (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) beynəlxalq təşkilatı da var ki, qida məhsullarını indeksləşdirir. Bu gün görünür ki, kənd təsərrüfatı məhsullarının qiyməti yenə qalxmağa başlayıb. Bu həm siyasətçiləri, həm də iqtisadçıları ciddi şəkildə narahat edir; üstəlik, bu, ciddi inflyasiyaya səbəb olacaq. Yer kürəsində 400-600 milyon arasında insan aclıq şəraitində yaşayır və əfsuslar olsun ki, bu tendensiya artacaq. Ümumiyyətlə, mən hər zaman qeyd etmişəm ki, istər lokal olsun, istər regional, istərsə də qlobal müharibələr ən pis formada bütün bəşəriyyətə təsir edir.
Qeyd edim ki, ABŞ prezidenti demək olar hər gün yeni fikirlər, ideyalar irəli sürür, çarpışır ki, müharibəni dayandıra bilsin. Lakin bunu da nəzərə almaq lazımdır ki, Amerikanın ən böyük bəlası İrandır. Bilirik ki, iki ölkə arasında ağır döyüşlər aparıldı. Ancaq İran həm də onu anladı ki, o, dünya iqtisadiyyatına ciddi şəkildə təsir göstərə bilər. İlk öncə Körfəz ölkələrini öz tərəfinə çəkib ABŞ-yə qarşı istifadə edə bilər. Husilərin aktivləşməsi də elə bunun göstəricisidir.
Amerikada prezident seçkilərinə çox az qalıb və bu da Trampı əsəbiləşdirir, narahat edir. Tramp isə kampaniya xarakterli addım ataraq 18 yaşdan yuxarı vətəndaşların 5000 dollar kompensasiya alacağını, bunu şəxsən özünün təmin edəcəyini bildirib. Şərt belədir ki, respublikaçılar seçkilərdə qalib gəlməli, Senatda isə çoxluq təşkil etməlidir. Maraqlısı buradadır ki, bu vəsait haradan təmin olunacaq? Təbii ki, vətəndaşların vergilərindən.
Düzdür, proqnoz vermək bir qədər çətindir, amma mən düşünürəm ki, ilk öncə Amerika–İran müharibəsi hansısa bir formada tənzimlənməlidir və ondan sonra Tramp və onun administrasiyası Rusiya–Ukrayna müharibəsi ilə məşğul ola bilər.
Bu gün onların əsas fikri İranla münasibətləri tənzimləməkdir: əsasən o boğazlar açılmalı, ticarət normal formada getməlidir; Amerikanın tələbi isə İranın nüvə energetikasını inkişaf etdirməməsidir. Çox acınacaqlısı odur ki, artıq bütün dünya başa düşdü ki, İran kimi bir ölkə bütün dünyaya şərt qoya bilər. Bunun misalı gələcək üçün çox maraqlıdır, çünki burada nüvə silahı olan başqa bir ölkə — Şimali Koreya da mövcuddur və o da gələcəkdə buna oxşar tələblər irəli sürə bilər".
İqtisadçı-alim Azərbaycandakı iqtisadi vəziyyəti də şərh edib və xüsusi məqamları cəmiyyətin diqqətinə çatdırıb.
"Mən sonda həmişə Azərbaycandakı vəziyyəti misal gətirirəm. Qeyd etmək istəyirəm ki, biz dövlətə və onun həyata keçirdiyi xarici siyasətə çox müsbət münasibətimizi bildirməli, onu dəstəkləməliyik. Çünki dörd bir tərəfimizdə müharibə gedir — ya əsl müharibədir, ya da iqtisadi-maliyyə problemləridir. Bu şəraitdə, iki qitədə gedən problemlərin içində Azərbaycandakı bu sakitliyin, əmin-amanlığın, quruculuq işlərinin, inkişafın və gələcəyə arxayın baxışın qiyməti yoxdur.
Yəni biz başa düşməliyik ki, bu, Azərbaycan dövlət rəhbərliyinin siyasətinin nəticəsidir. Biz o böyük qlobal oyunların içində özümüzü kənarda saxlamağa çalışırıq. Azərbaycan xalqının milli maraqlarını nəzərə alaraq siyasətimizi qururuq, heç bir oyuna qarışmamağa, qoşulmamağa çalışırıq ki, bu sakitliyi, əmin-amanlığı və iqtisadi inkişafımızı davam etdirək".
Turqut Ansari
12:00 18.09.2026
Oxunuş sayı: 41