ABŞ dünyada hərbi bazalar açdı - öz hərbi müdafiə qüvvəsi zəiflədi
ABŞ-nin kritik sursat ehtiyatlarının azalması ölkənin hərbi imkanları və qlobal təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır. Xüsusilə “Patriot” və digər yüksək dəqiqlikli raketlərin ehtiyatlarının azalması ABŞ-nin həm öz qüvvələrinin müdafiəsi, həm də müttəfiqlərinə hərbi dəstək imkanlarına təsir göstərə bilər.
Hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında ABŞ-nin kritik əhəmiyyətli sursat ehtiyatlarının tarixdə ən aşağı səviyyəyə düşməsinin narahatlıq doğurduğunu bildirib: “ABŞ-nin özünün də, dünyada baş verən proseslərin nə qədər mürəkkəb və qəliz olduğu mənasına gəlir. ABŞ öz kritik əhəmiyyətli sursat ehtiyatlarını tez bir zamanda doldurmaq üçün addımlar atır. ABŞ şirkətləri təcili şəkildə həmin kritik əhəmiyyətli sursat ehtiyatlarını istehsal edib orduya çatdırmalıdır. Həmin Patriot hava hücumundan müdafiə sistemləridir, o cümlədən digər raket ehtiyatlarıdır. Onların sayı Yaxın Şərqdəki əməliyyatlar zamanı, o cümlədən Rusiya-Ukrayna müharibəsində Ukraynaya birbaşa və ya dolayısı dəstək vasitəsilə xeyli şəkildə azalıb”.

Ekspertin sözlərinə görə, ABŞ komandanlığının narahatlığı ehtiyatların gələcək mümkün hərbi əməliyyatlar üçün yetərli olub-olmaması ilə bağlıdır: “Sursat ehtiyatlarının azalması o demək deyil ki, ABŞ zəifləyib və ya tamam gücdən düşüb. Sadəcə, Yaxın Şərqdə hələ ABŞ-nin həll edib başa çatdırmadığı məsələlər var, söhbət İran ətrafından gedir. Mümkün hərbi əməliyyatlarda istifadə oluna biləcək sursatların yetərincə olmamasından söhbət gedir. Amma ABŞ-nin dünyada bir çox regionlarda hərbi bazaları mövcuddur və həmin bazalarda da kifayət qədər sursatlar var. Zərurət yaranacağı təqdirdə ABŞ həmin sursatlardan lazım olan istiqamətdə istifadə etmək gücündədir”.
Üzeyir Cəfərov qeyd edib ki, ABŞ hərbi əməliyyatların aparılması üçün sursat ehtiyatlarının hərbi bazalarda və rezerv məntəqələrində kifayət qədər olmasına xüsusi önəm verir: “Amerika 250 illik tarixində həmişə öyrəşib ki, hər bazanın, hər hərbi hissənin sursat resursları yerində olsun, həm də ehtiyat, rezerv bazaları yetərincə olsun. Çünki bu, hərbi əməliyyatların aparılması üçün əsas şərtlərdən biridir. Ona görə mən hesab edirəm ki, Amerikanın bu narahatçılığı həm başadüşüləndir, həm də Amerika tərəfindən belə dilə gətirilirsə, deməli, bu sahədə müəyyən narahatlıqlar var”.
Nigar Xəlilli
18:00 12.09.2026
Oxunuş sayı: 53