Yaxın Şərq İranın nəzarətinə keçdi - ABŞ sıxışdırılır
İran və onun müttəfiqlərinin Yaxın Şərqdə iki əsas dəniz marşrutuna — Hörmüz və Bab əl-Məndəb boğazlarına təsir imkanlarını artırması regionda strateji balansla bağlı müzakirələri yenidən gündəmə gətirib. İranlıların uzunmüddətli strategiya və həssas zərbələr həyata keçirmək imkanına malik olduğu, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını açmaq istiqamətindəki cəhdlərinin isə gözlənilən nəticəni vermədiyi bildirilir. Husilərin Bab əl-Məndəb boğazında mövqelərini gücləndirməsi də Vaşinqton üçün əlavə strateji problem kimi qiymətləndirilir. İki mühüm dəniz marşrutunun İran və onun müttəfiqlərinin təsir zonasına düşməsi Fars körfəzi ölkələrinin təhlükəsizlik və iqtisadi sabitliyi ilə bağlı narahatlıqları artırır. Bu vəziyyət ABŞ-nin regiondakı təhlükəsizlik qarantı rolunu da sual altına salır. Bəs bütün bunlar ABŞ-nin Yaxın Şərqdə faktiki məğlubiyyəti kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ-nin faktiki məğlubiyyətindən danışmaq düzgün yanaşma deyil və husilərin son dövrdə aktivləşməsinin arxasında fərqli hərbi-strateji məqsədlər dayana bilər.
“ABŞ-nin faktiki məğlubiyyəti yanlış yanaşmadır. Ən azından ona görə ki, bəzən taktiki yerdəyişmə, qüvvələrin bir yerə prinsipial olaraq cəmlənməsi və digər müxtəlif hərbi-taktiki addımlar həyata keçirilir. Düşünürəm ki, husiləri — daha doğrusu, husi terror qruplaşmasını bu cür adlandırmaq lazımdır. Bu qrupa “müqavimət”, “azadlıq uğrunda mübarizə aparan” və ya “İsrailə qarşı yeganə vuruşan İslami qruplaşma” adı vermək və bunu bu cür tərənnüm etmək olduqca yanlışdır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Husilər qeyri-qanuni birləşmədir, cinayətkar qruplaşmadır. Husilərin səbəbindən Yəməndə qadın və uşaq zorakılığı, edamlar, qeyri-qanuni məhkəmələr, səhra məhkəmələrinin keçirilməsi, məhkəmə hökmü olmadan edamlar və yüzlərlə, hətta minlərlə bu cür cinayətlər törədilib. Bu baxımdan, bu, terror qruplaşmasıdır. Hər şeyin öz adı var. Bunu İranın və ya kimlərin dəstəkləməsi ayrı bir mövzudur, amma konkret olaraq husi qruplaşması terror qruplaşmasıdır. Bu husi qruplaşmasının Yaxın Şərqdə aktiv olması məsələsi əslində yeni deyil. Daha öncə Səudiyyə hökuməti də bunu dəfələrlə bəyan etmişdi. Səudiyyə Ərəbistanının bununla bağlı dəfələrlə açıqlamaları olub, amma buna baxmayaraq, bu açıqlamalara məhəl qoyulmayıb. Konkret olaraq onu deyə bilərəm ki, husilərin birdən-birə bu cür aktiv hala gətirilməsi iranlı generalların sayəsində həyata keçirilir. Buradakı bütün əməliyyatlar, bütün taktiki gedişlər, daha doğrusu, husilərin irəliləməsi və digər proseslər bunun göstəricisidir. Lakin bunun arxasında bir məqsəd var: husilərin bir yerə cəmləşməsi, onların vahid mərkəzdə daha da möhkəmlənməsi və bunun ardınca onlara qarşı keçiriləcək hərbi əməliyyatların intensivləşdirilməsi üçün atılan bir addımdır".

Ekspert qeyd edib ki, İraq ordusu Küveytə girdikdən sonra Birləşmiş Ştatlar onlara qarşı hərbi əməliyyat keçirdi: "Hamı düşünürdü ki, Səddamın ordusu qalib gəldi və bu, İraq üçün böyük zəfərdir. Səddam Bağdad küçələrində çıxış edərək “biz qalib gəlmişik” deyirdi. Amma nəticə etibarilə nə baş verdi? Bağdada qarşı dəhşətli sanksiyalar tətbiq olundu və iqtisadi sanksiyalar nəticəsində Səddam hökumətinin beli qırıldı. Sonradan da məlum hadisələr baş verdi. İndi də eyni proses gedir. Sosial şəbəkələrdə bu gün nəyin təbliğatı olunur? “İran qalib gəldi, ABŞ zəiflədi, hədəflərinə çatmadı”. Bu, belə deyil. Heç bir sanksiyaya qarşı nə İran, nə də Yəmən, sinə gərə bilməz. Yəni bu sanksiyalar dərinləşəcək. İranı bütün bölgədə zəiflətməyin, daha doğrusu, çökməyinin əsas yollarından biri onun proksilərinin hədəf alınması, onların boğulmasıdır. Dünən qəribə bir insident baş verdi: İraq ərazisindən atılan raketlə Səudiyyə Ərəbistanındakı boru xəttinə zərər dəydi. Bu, demək olar ki, İraqdan Səudiyyə Ərəbistanına olan təcavüzlərin arasında çox nadir hallardan biridir. Bəs bu niyə baş verdi? Niyə təhlükə bu qədər qabardı? Bunun üzərində düşünmək lazımdır. Hesab edirəm ki, hazırda bu terrorçu qruplara qismən “yaşıl işıq” yandırılır ki, onların təhlükəsi, bütün potensialları ortaya çıxsın, beynəlxalq ictimaiyyət onlara qarşı birləşsin və eyni zamanda ərəb ölkələri bu ciddi təhdidə qarşı mübarizəyə qalxsın. Husilər müharibədə qalib gələ bilməzlər, çünki infrastrukturları yoxdur, nizami ordu deyillər. Yenə qeyd edirəm, bu, terror qruplaşmasıdır. Heç bir terror qruplaşmasının nizami orduya qalib gəlməsi mümkün deyil. Bu, İranın proksi gücüdür. İran rəsmiləri bunu inkar etsələr də, bu qrup birbaşa İranın mənəvi və maliyyə dəstəyi ilə — məscidlərdən yığılan sədəqə, zəkat və mənbəyi bəlli olmayan “qara pullar” vasitəsilə yemlənən terror təşkilatıdır”.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu isə açıqlamasında bildirib ki, Hörmüz və Bab əl-Məndəb boğazlarında İranın təsir imkanları ABŞ üçün ciddi problemlər yaradıb və son proseslər Tehranın strateji mövqeyini gücləndirib: “Onu qeyd edim ki, istər Hörmüzdə, istərsə də Bab əl-Məndəbdə İranın təsir imkanları var idi. Müharibə başlayana qədər də hər kəs bilirdi ki, İranın əlində ciddi kartlardan biri Hörmüz kartıdır. İranın asimmetrik müharibə gücü və eyni zamanda Hörmüzlə bağlı təsir imkanları Birləşmiş Ştatlar üçün ciddi problemlər yarada bilərdi və belə də oldu. Müharibədə Birləşmiş Ştatların hədəflərinə sürətli şəkildə nail ola bilməməsi və nəticə əldə edə bilməməsi prosesləri İranın lehinə çevirdi. Eyni zamanda, söhbət təkcə ticarət gəmilərinin gediş-gəlişinə nəzarət imkanlarından getmir. Hörmüz boğazından və Bab əl-Məndəbdən keçən internet kabellərinin hədəfə çevrilmə imkanları İranın qlobal iqtisadi sistemə də təhdid imkanlarının hansı səviyyədə olduğunu ortaya qoyur. Bu da, təbii ki, müharibənin bu gedişatı qlobal maliyyə təşkilatlarında Birləşmiş Ştatlara qarşı təzyiqləri artırır".

Politoloq qeyd edib ki, əgər ciddi təhdid altına düşərsə, yəni İran hakimiyyəti Birləşmiş Ştatların hücumları çərçivəsində ciddi təhdid altına düşərsə, o zaman bu imkanlarından istifadə edə bilər: "Bu da o deməkdir ki, dünyada iqtisadi böhran dərinləşə, eyni zamanda Körfəz ölkələrində həyat ümumiyyətlə dayanar. Ona görə də bu faktorlar İranın əlini gücləndirən amillərdən biridir. Son proseslər, xüsusilə də husilərə qarşı əməliyyatlar effekti vermədi və husilər daha üstün mövqeyə sahib oldu. Bu da İranın əlini gücləndirən əsas amillərdən biridir. Hazırda Hörmüz və Bab əl-Məndəb boğazının İranın nəzarətinə keçməsi İranın strateji üstünlüyünün möhkəmlənməsi deməkdir. Hesab edirəm ki, bu, eyni zamanda İranın təkcə Birləşmiş Ştatlar üzərində deyil, həmçinin dünya ölkələri üzərində də təzyiq imkanlarının artması deməkdir. Əlbəttə, Birləşmiş Ştatlar İranın bütün tələblərini danışıqlar masasında qəbul etdi. Halbuki Birləşmiş Ştatların əsas şərtləri müharibəyə qədər və müharibənin gedişində ondan ibarət idi ki, İran zənginləşdirilmiş uranı qeyd-şərtsiz Birləşmiş Ştatlara təhvil verməli, ballistik raket proqramlarını məhdudlaşdırmalı və proksilərə dəstəyini aradan qaldırmalıdır. Lakin anlaşma memorandumunda nəyin şahidi olduq? Hətta Birləşmiş Ştatlar üçün sancılı olan məsələ — xüsusilə proksilərə qarşı məsələ anlaşma memorandumunun birinci bəndində yer aldı. Yəni İranın atəşkəsi bütün cəbhələrə, o cümlədən Livan və “Hizbullah”a da şamil etməsi anlaşma memorandumunda yer aldı və beləliklə, İsraillə Birləşmiş Ştatlar arasında da ziddiyyətlər kəskinləşdi. Təbii ki, bu proseslər — sadaladığımız faktorlar kontekstində yanaşsaq — İranın strateji üstünlük əldə etdiyini göstərir. Birləşmiş Ştatlar və İran arasında əsas məsələ nədir? Birləşmiş Ştatlar və İran arasında anlaşma memorandumunun 5-ci maddəsində yer alan bir ifadə var. Orada qeyd olunur ki, İran atəşkəs çərçivəsində Hörmüz boğazından keçən ticarət gəmilərinin gediş-gəlişinin təhlükəsizliyinə cavabdehdir və təminat verməlidir. İran da bildirir ki, yalnız İranın müəyyənləşdirdiyi marşrut üzrə gəmilər hərəkət etməlidir, yəni İranın ərazilərinə yaxın bölgədən keçməlidir. Birləşmiş Ştatlar isə bunu qəbul etmir. Yəni həmin ifadə həm Birləşmiş Ştatlar, həm də İran tərəfindən İranın öz maraqlarına uyğun şərh olunur və bu da, təbii ki, tərəflər arasında problem yaradır. İran da çalışır ki, hazırda Hörmüzlə bağlı əldə etdiyi üstünlüyü saxlasın və beləliklə, bundan sonrakı perspektivdə yaranmış faktiki şəraiti növbəti mərhələdə hüquqi amilə çevirsin və Hörmüzlə bağlı tam hüquqi səlahiyyətə malik olsun. Hesab edirəm ki, bu məsələ kifayət qədər ciddi və ziddiyyətli məsələdir. Birləşmiş Ştatlarla İran arasında hazırda əsas ziddiyyətli məqam məhz budur. Husilərlə bu qarşıdurma əməliyyatının keçirilməsindən Birləşmiş Ştatların perspektivi baxımından heç bir nəticə əldə olunmadı. Ona görə düşünürəm ki, hazırda İranın mövqeləri əvvəlki dönəmlərlə müqayisədə daha da möhkəmlənib”.
Zeynəb Həsən
15:00 12.09.2026
Oxunuş sayı: 46